Trampdan sonrakı ABŞ prezidenti o olacaq
ABŞ-də vitse-prezident Cey Di Vensin 2028-ci il prezident seçkilərində Donald Trampdan sonrakı əsas namizədlərdən biri kimi mövqeyi getdikcə güclənir. Respublikaçılar Partiyasının Dallasda keçirilən qurultayında Vensin çıxışı zamanı tərəfdarların “48” şüarları səsləndirməsi onun Trampdan sonrakı siyasi lider kimi qəbul edildiyini nümayiş etdirib. Reuters Vensi Respublikaçılar arasında 2028-ci il prezident seçkiləri üçün əsas namizədlərdən biri kimi qiymətləndirir.
Vensin 42 yaşında olması və Trampın siyasi xəttinə yaxın mövqeyi onun Respublikaçı seçicilər arasında dəstəyini artıran amillər kimi diqqət çəkir. Bununla belə, Tramp hələ 2028-ci il üçün öz varisini açıq şəkildə dəstəkləməyib və Vensin prezidentliyə namizədliyi də rəsmən elan olunmayıb.
Politoloq Azad Məsiyev Crossmedia.az-a açıqlamasında ABŞ Prezidenti Donald Trampın apardığı xarici və daxili siyasətin Respublikaçılar Partiyasının imicinə ciddi zərbə vurduğunu bildirib: “İstər Rusiya-Ukrayna münaqişəsində Amerikanın tutduğu mövqe, istərsə də Yaxın Şərqdə İsrailin apardığı soyqırım siyasətinə münasibətdə, istərsə də İranda apardığı hərbi əməliyyatın fiyaskoya uğraması və nəticədə dünyada iqtisadi xaosun yaranması Amerika ictimaiyyətinə böyük bir zərbədir. Çünki aparılan rəy sorğuları da onu göstərir ki, Trampın sorğuda reytinqi 30-33 faiz ərəfəsindədir”.

Politoloqun sözlərinə görə, Trampın siyasətində vitse-prezidentin də məsuliyyəti var və qarşıdakı seçkilərdə onun namizədliyinin irəli sürülməsi qələbəyə zəmanət vermir: “Vitse-prezident Amerika siyasi elitasında, siyasi administrasiyasında ikinci şəxsdir və Trampın apardığı siyasətə şərikdir. Təbii ki, qarşıdan prezident seçkiləri gələn ərəfədə vitse-prezidentin namizədliyinin irəli sürülməsi təbiidir, onun konstitusiya hüququdur. Ancaq nə qədər bu qalib gələcək, bir qədər şübhə altındadır. Respublikaçıların prezident seçkilərində qalib gəlib-gəlməyəcəyi ölkədə keçiriləcək Konqresə aralıq seçkiləri ilə ölçüləcəkdir. Əgər aralıq seçkilərində Respublikaçılara səs verilmə aşağı faizlə olarsa, artıq belə qənaətə gəlmək olar ki, prezident seçkilərində demokratların qələbəsi şübhəsiz olacaqdır”.
Azad Məsiyev qeyd edib ki, Respublikaçılar Tramp və onun hazırkı komandası ilə seçkilərə qatılarsa, məğlubiyyət ehtimalı yüksəkdir: “Əgər Respublikaçılar Partiyası yeni bir komanda ilə gündəmə gəlməsə, Tramp və Trampın indiki ətrafındakı komanda ilə yenidən seçkiyə start veriləcəksə, onda məğlubiyyətləri şübhəsiz olacaq. Çünki Trampın apardığı uğursuz siyasət həm Amerikanın beynəlxalq imicinə böyük zərbə vurub, həm də apardığı iqtisadi xaos Amerikada neftin bahalaşmasına, yanacağın bahalaşmasına səbəb olub ki, bu da ictimai rəydə mənfi göstəricidir”.
Politoloq vurğulayıb ki, Trampın seçicilərlə bağlı son bəyanatı da ABŞ-də demokratik institutlara münasibətlə bağlı suallar yaradır: “Trampın seçiciləri rüşvətlə ələ almaq təklifi artıq Amerikadakı demokratiyanı, azad seçkini sual altına qoyur. Əgər indiyə qədər Amerika demokratiyanın zəmanəti kimi mövqe nümayiş etdirirdisə, azad seçkini bəyan edirdisə, artıq Trampın rüşvətlə seçiciləri ələ almaq təklifi Amerikanın da demokratiyadan uzaq olan bir dövlət olduğunun bariz göstəricisidir. Bu, Amerikada azad seçkiyə vurulan ən böyük zərbədir. Bu baxımdan Trampın istər Amerika demokratik institutlarına vurduğu zərbəyə, istər Amerika iqtisadiyyatına, istərsə də Amerikanın beynəlxalq imicinə vurduğu zərbəyə dolayısı ilə vitse-prezident də şərikdir”.
Nigar Xəlilli
13:35 11.09.2026
Oxunuş sayı: 122