Aİ Belçikaya təzyiq göstərir
Avropa İttifaqının bir sıra ölkələri Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya maliyyə yardımı üçün istifadə edilməsinə qarşı çıxan Belçikaya təzyiq göstərib.
Crossmedia.az xəbər verir ki, “Politico” bu barədə məlumat yayıb.
Məlumata görə, Almaniyanın rəhbərlik etdiyi bəzi Aİ ölkələri Belçikanı Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməyə razı salmağa çalışır. Məsələ ilə bağlı danışıqların fonunda Ukraynaya həmin aktivlərlə təmin edilmiş yeni kreditin verilməsi planları dayanır.
Adı açıqlanmayan diplomat “Politico”ya bildirib ki, Belçika qarşısında iki seçim qoyulur: Ukraynaya dəstəyi Aİ büdcəsi hesabına maliyyələşdirmək və bunun nəticəsində fermerlər və regionlar üçün daha az vəsait ayırmaq, yaxud Rusiya aktivlərindən istifadə etməklə milyardlarla avronu sərbəstləşdirmək.
Belçika hakimiyyətinin nümayəndəsi isə “Financial Times”a bildirib ki, hökumətin bu məsələ ilə bağlı mövqeyi dəyişməyib. Belçika hakimiyyəti Rusiyanın aktivlərindən istifadə ilə bağlı gələcək məhkəmə prosesləri və vəsaitlərin Rusiyaya qaytarılması zərurəti ilə əlaqədar riskləri üzərinə götürmək istəmir.
Bundan əvvəl İspaniya, Polşa, Niderland və İsveç Aİ-ni Ukraynaya yardım məqsədilə dondurulmuş Rusiya aktivlərindən istifadə planına yenidən baxmağa çağırıb. Bu ölkələr Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallasa müraciət ediblər.
12:05 11.09.2026
Oxunuş sayı: 52