Nazir müəllimlərdən danışdı - Yalnız ÜÇDƏ BİRİ...
Son 10 il ərzində müəllimlərin verdiyi təhsilin keyfiyyətini artıra bilmişik.
Crossmedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev təhsil işçilərinin sentyabr konfransında deyib.
Onun sözlərinə görə, hələlik müəllimlərin yalnız üçdə biri təhsil sisteminə müsabiqə yolu ilə cəlb olunub:
"Hər bir müəllim haqqında ümumi məlumat bazası formalaşdırılıb. Eyni zamanda, müəllimlərin 90 faizdən çoxu sertifikatlaşdırmadan keçib".
Nazir daha sonra təhsil sisteminin pilot layihələr vasitəsilə yaxşılaşdırılmasının mümkünsüz olduğunu vurğulayıb:
"Pilot layihələrlə təhsil sistemini yaxşılaşdıra bilmərik. Təhsildə davamlılıq lazımdır. 30 qısamüddətli fərqli iş görməkdənsə, davamlı beş 5 iş görək".
E.Əmrullayev son 10 il ərzində müəllimlərin keyfiyyətinin artırıldığını, onların üçdə birinin sertifikatlaşdırma, diaqnostika, MİQ-lə işlərinə davam etdiklərini bildirib.
Nazir həmçinin son 10 ildə məktəbəqədər təhsildə baş verən dəyişikliklərdən də bəhs edərək hər il 100 mindən çox uşağın məktəbəqədər təhsilə cəlb olunduğunu deyib:
"Son 10 ildə həyata keçirilən islahatlar nəticəsində məktəbəqədər təhsilin əhatəliliyi 14 faizdən 45 faizə çatdırılıb. Təhsil sahəsində görülən işlərin nəticəsi qısa müddətdə görünmür. 4-5 yaşlı uşağın təhsil nəticəsinin 9-cu sinifdə, təxminən 15 yaşında ölçülməsi üçün 10 ildən artıq vaxt tələb olunur. Bu nəticələrin əmək bazarına təsiri isə daha uzun müddətdən sonra özünü göstərir".
12:34 11.09.2026
Oxunuş sayı: 55