"Guba Open 2026" II Beynəlxalq Şahmat Festivalına yekun vurulub
Beynəlxalq hakim Qüdrət İsmayılovun xatirəsinə həsr olunan "Guba Open 2026" II Beynəlxalq Şahmat Festivalına yekun vurulub.
Crossmedia.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və "Ağ Top" Şahmat Klubunun təşkilatçılığı ilə baş tutan yarışın bağlanış mərasimində qalib və mükafatçılar təltif olunub.
A turnirində 9 partiyada 7 xal toplayan Misrətdin İskəndərov "Guba Open 2026" Beynəlxalq Şahmat Festivalının qalibi olub. Eyni xala malik Vüqar Manafov əlavə göstəricilərə görə ikinci yeri tutub. Mixail Mozharov (FIDE) 6,5 xalla ilk "üçlüy"ü qapayıb.
B turnirində 8 xal toplayan Əli Məmmədov birinci olub. Hərəyə 7 xal toplayan Emin Gəncəliyev və Anar Bağışov 2-3-cü yerləri bölüşüblər.
Festival çərçivəsində rapid və blits yarışları da baş tutub. Rüstəm Rüstəmov rapiddə, Xaqan Əhməd isə blitsdə qalib adını qazanıb.
Xatırladaq ki, turnirdə 11 ölkədən 300-dən çox şahmatçı mübarizə aparıb. Mükafat fondu 24 420 manat olan festivalda klassik, rapid, blits yarışları və norma turnirləri təşkil olunub.
"Azərbaycan Şahmat Turu" çərçivəsində keçiriləcək növbəti yarış "Ganja Open" olacaq. Nizami yurdunda festival oktyabrın 11-18-də baş tutacaq.
13:38 11.09.2026
Oxunuş sayı: 49