İdman zallarında gigiyena qaydalarına əməl edilməməsi sağlamlıq üçün nə qədər təhlükəlidir?
İdman zalları sağlamlıq və fiziki güc qazanmaq üçün ən ideal məkanlar olsa da, diqqətsiz yanaşma bəzən gözlənilməz fəsadlara yol aça bilər. Hər gün yüzlərlə insanın təmasda olduğu idman alətləri, rütubətli soyunub-geyinmə otaqları və ortaq istifadə sahələri müxtəlif virus və bakteriyaların yayılması üçün əlverişli mühit formalaşdırır. Gigiyena qaydalarına dırnaqarası baxmaq təkcə dərinin estetik görünüşünü deyil, həm də idmançının ümumi sağlamlığını təhlükə altına qoyur. Elə bu səbəbdən, məşq prosesini infeksiyalardan uzaq və təhlükəsiz formaya salmaq üçün həm tibbi mütəxəssislərin, həm də peşəkar məşqçilərin tövsiyələrinə qulaq asmaq mütləqdir.

Bu barədə Crossmedia.az-a danışan dermatoloq Quba Rüstəmova xəstəliklərin əsasən səthi təmas yolu ilə yaydığını bildirib: "İdman zallarından istifadə zamanı ən çox yayılan xəstəliklər göbələk xəstəlikləridir. Bu zaman gənə ilə yoluxma da mümkündür. Əgər idmançının immuniteti zəifdirsə, virus xəstəliklərinə tutula bilər. Əsasən infeksiya səthi təmas zamanı matdan, infeksiyalaşmış dəsmallardan və tərliklərdən keçir. Pasientdə mikrotravma varsa, səthi təmas zamanı HPV virusuna yoluxa bilər.
Əgər xəstəlik şübhəsi varsa, bu zaman həkimə müraciət etmədən dərman alınması və ev şəraitində müalicə təhlükə yarada bilər. Bu halda dərmanlar xəstəliyi daha da şiddətləndirir və diaqnoz qoyulmasını çətinləşdirir. Bundan əlavə, xəstəliyin daha da dayanıqlı rezident olmasına gətirib çıxara bilər".
Ekspert qorunma yollarını şəxsi vasitələrin istifadəsində görür: "İdmançı öz dəsmalından, tərliyindən və təmizlik vasitələrindən istifadə etməlidir. Ümumi quru sabundan istifadə etmək olmaz. Mata uzanmadan öncə öz dəsmalını sərmək lazımdır."

Azərbaycan Kikboksinq Federasiyasının Gənclər və Yeniyetmələrdən ibarət milli yığma komandasının baş məşqçisi, Əməkdar məşqçi Hikmət Hacıyev idman zallarında gigiyena qaydalarına əməl olunması üçün müntəzəm təmizlik və dezinfeksiya işləri aparılmalı olduğunu deyib: "Məşq zamanı istifadə olunan bütün avadanlıqlar trenajorlar, döşəklər, əlcək və digər vasitələr istifadə olunduqdan sonra təmizlənməlidir. Zalda çalışan personal gündəlik olaraq avadanlıqların vəziyyətini yoxlamalı, dezinfeksiyaedici vasitələrdən istifadə etməlidir. Eyni zamanda idmançılara da istifadə etdikləri avadanlıqları səliqəli saxlamaq və məşqdən sonra təmiz vəziyyətdə qoymaq tövsiyə olunur."
Əməkdar məşqçi qeyd edib ki, əgər idmançıda hər hansı xəstəlik əlaməti–qızdırma, öskürək, halsızlıq və ya digər narahatlıq müşahidə olunarsa, onun məşqə buraxılması məqsədəuyğun hesab edilmir: " Bu həm idmançının öz sağlamlığı, həm də digər idmançıların təhlükəsizliyi üçün vacibdir. Belə hallarda idmançıya istirahət etmək və lazım olduqda həkim müayinəsindən keçmək tövsiyə olunur. İdmançıların geyimi gigiyena və təhlükəsizlik baxımından uyğun olmalıdır. Məşq zamanı rahat, təmiz və idman üçün nəzərdə tutulmuş geyimlərdən istifadə edilməsi vacibdir. Buna görə məşqçilər idmançılara düzgün geyim seçimi ilə bağlı tövsiyələr verə bilərlər. Zala daxil olmadan əvvəl idmançının ümumi vəziyyətinə, geyiminin təmiz və uyğun olub olmamasına diqqət yetirilməsi də faydalıdır."
Türkanə Muradlı
13:18 16.03.2026
Oxunuş sayı: 47