Qurban müəllimi tənqid edənlər, vicdanınız olsun...
Dünəndən etibarən çoxları “Qarabağ” Futbol Klubunun baş məşqçisi, Əməkdar məşqçi Qurban Qurbanovdan danışır. Adətən haqqında təriflər eşitdiyimiz Qurban müəllim bu dəfə tənqid olunur, az qala, daş qalaq edilir. Niyə? Çünki “Qarabağ” UEFA Konfrans Liqasında pley-off mərhələsi çərçivəsində avqustun 27-də keçirilən növbəti matçda Niderlandın "Tvente" kollektivinə 4:1 hesabı ilə məğlub olub. Beləliklə, “Qarabağ” UEFA Konfrans Liqasında mübarizəsini dayandırdı.
Əlbəttə, bu, xoşagələn hal deyil. “Qarabağ”ın – adətən
qələbəsinə öyrəşdiyimiz “Qarabağ”ımızın böyük fərqlə həlledici məğlubiyyəti təkcə
komanda azarkeşlərini məyus etmədi. Futbolla az – çox maraqlanan, Azərbaycanın
uğurlarına sevinən bütün vətəndaşlarımız, yəqin ki, təəssüfləndi.
Matçdan sonra keçirilən mətbuat konfransında Qurban müəllimin
dediklərindən belə məlum oldu ki, məğlubiyyətin obyektiv səbbəbləri var, “Qarabağ”ın
da səhvləri olub. Bu da başa düşüləndir. Hansı oyunda, hansı komandada səhv
olmur ki?
Anlaşılmayan bir məqam var: Niyə bəzilərimiz bu qədər emosionalıq?
Niyə bir məğlubiyyətə bənd imiş kimi Qurban Qurbanovu peşəkarlığını müzakirəyə çıxarır, onun istefasını tələb edirik? Hələ maraqlısı və həm də təəssüfləndiricisi
budur ki, belələrinin arasında özünə ziyalı deyənlər, ictimai – siyasi xadimlər
də var. Doğrudanmı, onların indiyə qədər həyatda öyrəndikləri yıxılana balta
vurmaqdan başqa bir şey olmayıb?!
“Qarabağ”ın
möhtəşəm qələbələri, Qurban müəllimin uğurlu taktikaları, oyunun ortasında
verdiyi gözlənilməz qərarları ilə bizi sevindirdiyi axşamlar azmı olub? Məhz
Ağdam klubunun sayəsində azmı əsl futbol bayramı yaşamışıq? Nə tez unutduq o
günləri?! Unudanlar üçün kiçik xatırlatma edim: Qurban Qurbanov 2008-ci
ilin avqustundan Qarabağ FK-nın baş məşqçisidir. Onun rəhbərliyi ilə klub
Azərbaycan futbolunun ən uğurlu komandalarından birinə çevrilib. Bu dövlərdə “Qarabağ”
12 dəfə (dördü ardıcıl) Azərbaycan çempionu olub, səkkiz dəfə Azərbaycan Kubokuna
layiq görülüb. Ağdam komandası 2017-2018-ci illərdə Çempionlar Liqasının qrup mərhələsində
iştirak etməklə Azərbaycan futbol tarixində ilkə imza atıb. 2023/24 mövsümündə
Avropa liqasının səkkizdəbir finalına yüksəlib. “Qarabağ” Avropa turmirlərinin əsas
mərhələlərində ardıcıl olaraq çıxış edir.
Qurban Qurbanov + “Qarabağ” tandeminin
ən böyük nailiyyəti yalnız titulların çoxluğu deyil, Azərbaycan
futbolunu Avropada davamlı şəkildə təmsil edən və ölkə futbolunda uzunmüddətli
dominantlıq quran bir sistem yaratmasıdır. 2008-ci ildən Qurbanovun rəhbərliyi
altında “Qarabağ” həm daxili çempionatın əsas gücünə çevrilib, həm də Azərbaycan
klubları üçün Avropada yeni səviyyə müəyyənləşdirib. Bu gün “Qarabağ” dünyanın ən
güclü komandaları ilə qarşılaşır. Bəzən onları qabaqlayır da. Diego Simeone rəhbərlik
etdiyi “Atlético Madrid” 2017-ci ildə “Qarabağ”la Çempionlar
Liqasının qrupunda qarşılaşmışdı.
Həmin vaxt “Qarabağ” Madrid klubuna qarşı iki
dəfə heç-heçə etdi — Bakıda 0:0, Madriddə isə 1:1. UEFA da həmin dövrü
“Qarabağ”ın Çempionlar Liqasındakı ilk xallarını qazandığı mərhələ kimi qeyd
edir.
D.Simeone həmin oyunlardan sonra jurnalistlərə açıqlamasında
demişdi: “Qarabağ”a qol vurmaq yolunu necə tapmalı olduğumuzu bilmirdik”.
Burada maraqlı məqam odur ki, “Atletiko”nun özü həmin
illərdə Avropanın ən güclü müdafiə komandalarından biri hesab olunurdu. Buna
görə “Qarabağ”ın Simeonenin komandasına qarşı iki oyunda məğlub olmaması klubun
Avropada qazandığı ən mühüm reputasiya anlarından biri oldu.
Son illərdə beynəlxalq mediada “Qarabağ” artıq sadəcə
Azərbaycan çempionu kimi deyil, Avropa turnirlərində mütəmadi iştirak
edən, büdcəsi daha böyük klublara problem yarada bilən komanda kimi təqdim
olunur.
Məsələn, BBC 2025-ci ildə “Qarabağ”ı əvvəlki Çempionlar Liqası debütündən sonra Avropada özünə yer tapmış və artıq daha ciddi qəbul edilməli olan komanda kimi xarakterizə edib. Həmin materialda klubun ˝Benfika˝ üzərində 3:2 hesablı möhtəşəm səfər qələbəsi də xüsusi vurğulanır.
“The Guardian” isə Qurban Qurbanovu “Azərbaycanın Ser
Aleks Ferqyusonu” adlandıraraq, onun 2008-ci ildən etibarən “Qarabağ”ı
intizamlı, vahid və taktiki baxımdan güclü komandaya çevirdiyini yazıb.

Qurban müəllimin rəhbərliyi altında məhz “Qarabağ” klubunun
uğurları Azərbaycanda futbolun inkişaf etmədiyinə dair uzun illər formalaşmış
fikirləri dəyişdi, yüzlərlə uşaq və yeniyetməni bu idman növünə həvəsləndirdi.
Təsadüfi deyil ki, Azərbaycanda adı çəkilən komandaya rəğbət daha çoxdur. Əgər
bunun bir səbəbi komandanın otuz il işğal altında olan Qarabağın adını daşımasıdırsa,
digəri ona olan inam, sevgidir.
Ciddi soruşuram, “Qarabağ”ın matçlarını həyəcanla gözlədiyimiz,
qol vurulanda sevincdən yerə - göyə sığmadığımız günləri belə tez unutmaq olarmı?
Məgər Qurbanov həmin Qurbanov, “Qarabağ” həmin “Qarabağ” deyilmi? Elə isə biz
niyə həmin azarkeş olmayaq? Doğrudanmı, düşünürsünüz ki, “Qarabağ” daha qalib
olmayacaq, daha bizi sevindirməyəcək? Utanacaqsınız onda?
Azərbaycan folklorunda bir atalar misalı var: Dost dar
gündə tanınar. Kimin dost olduğu, məncə, sosial şəbəkələrdəki paylaşımlardan
aydın şəkildə göründü…
Sapı özümüzdən olanlar(məncə, bu qədər uğura rəğmən, “Qarabağ”ı və Qurban müəllimi bir məğlubiyyətini bu qədər radikal formada ittiham edənlərə bu ifadə ilə müraciət etməklə haqsız olmarıq), vicdanınız olsun. Çox demirəm, bir az…
Yeri gəlmişkən, görəsən, Qurban müəllim olmasaydı bu gün onu tənqid edənlər, qeyri-peşəkarlıqdan ittiham edənlər futbolu bu qədər sevə bilərdilərmi?
P.S: Qurban müəllimlə bağlı statusları bir neçə gündür müzakirə olunan keçmiş vəzifəli şəxslərdən biri 2025-ci ildə yazmışdı: "Qarabağ" "Benfika" oyunun nəticəsindən asılı olmayaraq deyə bilərik ki, Qurban Qurbanov həqiqətən nəhəng məşqçidir". Nə deyim, Qurban müəllim, ürəyinizi sıxmayın...
23:17 28.08.2026
Oxunuş sayı: 83