Azərbaycançılıq ideyası: tarixdən gələcəyə uzanan milli yol
Azərbaycançılıq və türkçülük ideyaları hər bir millətin mənəvi və siyasi inkişafında mühüm rol oynayan dəyərlərdir. Bu ideyalar xalqın tarixi şüurunu qorumaqla yanaşı, onun gələcək nəsillərinə də yol göstərici olur. Azərbaycan üçün azərbaycançılıq yalnız bir millətçilik anlayışı deyil, həm də türklüklə, islamlıqla və çağdaş dəyərlərlə bağlı milli kimliyin əsasını təşkil edir. Bu səbəbdən, elmi və bədii əsərlərdə azərbaycançılıq ideyalarının ifadə olunması həm tarixi, həm də mədəni əhəmiyyət daşıyır. Milli ideologiyanın formalaşması və inkişafı isə cəmiyyətin birliyini və bütövlüyünü gücləndirir. Eyni zamanda türk birliyi və regional əməkdaşlıq məsələləri də bu ideyaların praktik təzahürüdür. Bu baxımdan, kitabların yazılması, milli ruhu qoruyub saxlamaq və yeni nəsillərə ötürmək üçün əvəzsiz vasitədir. Nəticədə, azərbaycançılıq və türkçülük ideyalarının təbliği həm tarixi, həm də çağdaş dövrdə strateji əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı "Milli İdealogiya Probleminə Tarixi-fəlsəfi baxış" kitabının müəllifi, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, türkoloq, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli Crossmedia.az-a müsahibə verib.

-Azərbaycançılıq məfkurəsini kitablara yazmaq, onu əbədiləşdirmək vacib amildir. Bəs sizcə bu mövzuda kifayət qədər elmi və bədii əsərlər yazılırmı?
-Azərbaycançılıq məfkurəsi ilə bağlı elmi əsərlərin və bədii əsərlərin yazılması təqdirəlayiqdir. Hər halda bu sahədə əsərlər yazmağa davam etməyə də zərurət var.
Çünki hələ bu məsələlərdə aydınlaşdırılmalı tərəflər çoxdur. Mən düşünürəm ki, xüsusilə də biz azərbaycançılıq dedikdə onu məhz tarixdən gələn, ancaq xüsusilə də Azərbaycan Xalq Cümhuriyyəti dövründə formalaşan azərbaycançılıq əsasında formalaşdırmaq lazımdır. Çünki sovetlər dövründə bu məsələləri xeyli dərəcədə dəyişdilər.
Mahiyyətini başqa yerə çəkməyə çalışdılar. Ancaq biz çalışmalıyıq ki, sovet dövründəki bu azərbaycançılıq məsələlərində onu türklükdən, onu islamlığın mahiyyətindən uzaqlaşdırıblar. Biz isə bu mənada əsərlər yazırıq ki, yenidən biz azərbaycançılığı məhz türklüyümüzə, islamlığımıza və çağdaşlıqla bağlı əsaslandıraq.
Yəni bu olduqca vacib bir məsələdir. Ona görə də indi azərbaycançılıqla bağlı bədii əsərlər və yaxud da elmi əsərlər müəyyən dərəcədə var. Ancaq əsas məsələ onu hansı yöndə yazmağın çox önəmli olmasıdır.
Biz artıq nə deyək ki, sovet Rusiyasının, yaxud da qərb ideyalarından, yaxud da başqa ideyalardan yox, məhz türklük və Azərbaycan öz mahiyyətinə uyğun olaraq bu əsərlərin yazılması çox vacibdir. Mənə elə gəlir ki, məsələnin əsas diqqəti buna yönəldilməlidir və biz də kitablarımızda məhz milli ruhlu azərbaycançılıqdan bəhs edirik.
Yəni o ruh ki, orada türklüyümüz var, çağdaşlıq var və islamlıq var. Yəni bizim üçün bayrağımızda ifadə olunan fəlsəfəni əks etdirən əsərlərin yazılması məncə çoxalmalıdır və bu məsələyə daha çox diqqət yetirmək lazımdır.
-Milli ideologiya problemini də kitabınızda qeyd etmisiniz. Sizcə milli ideologiya problemini necə həll etmək olar?
-Milli idealogiya problemi hər bir cəmiyyətdə aktual məsələdir. Yəni Azərbaycanda da əslində milli idealogiya yeni bir məsələ deyil.
Üstəlik, 19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində Azərbaycanda yenidən milli ideyalara qayıdış baş verdi.
Hər halda türklük məsələsinə, azərbaycançılıq, islamçılıq və digər ideyalara yenidən baxış yarandı. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da bu məsələlər yenidən aktuallaşdı. Çünki ötən 71 il ərzində insanların şüuruna əsasən marksizm-leninizm ideyaları təlqin edilirdi.
Əslində bu marksizm-leninizm daha çox Rus imperiyasının maraqlarına xidmət edən bir ideologiya idi. Bu mənada biz artıq yenidən bu məsələlərə qayıdırıq və milli ideologiya məsələsini xüsusilə qabardırıq.
Məsələn, milli ideologiya probleminin hər hansı köklü həllindən yox, daha çox milli ideyaların müəyyənləşdirilməsindən söhbət gedir. Bizim üçün vacib olan milli ideyaların əsas mahiyyəti məhz azərbaycançılığımız, türklüyümüz və çağdaşlıqla bağlı ideyalardır. Yəni biz milli ideya və ideologiya dedikdə məhz bunu nəzərdə tuturuq.
Əlbəttə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli ruha qayıdış, milliliyimiz, türklüyümüz, azərbaycanlılığımız və islamlığımız önəmli idi. Eyni zamanda Azərbaycanın müstəqil dövlət kimi özünü ifadə etməsi, ərazi bütövlüyünün bərpası və bu kimi məsələlər də üstünlük təşkil edirdi.
Milli ideologiyada da məhz həmin dövrün şərtləri, xüsusilə də İkinci Qarabağ müharibəsinə qədər olan dövrdə milli ideya məsələlərinin daha çox bu istiqamətə yönəlməsi ilə səciyyələnirdi. Əlbəttə, bütöv Azərbaycan ideyası da mövcuddur və bu ideya indi də aktuallığını qoruyub saxlayır.
Yəni həm azərbaycançılıq, həm də bütöv Azərbaycan ideyası bizim üçün əsas milli ideyadır və biz bilirik ki, ideologiya ideyalar toplusudur. Ona görə də azərbaycançılıq özü hələ cəmiyyətimizdə “Azərbaycan” adının verilməsi ilə formalaşmış bir milli ideyadır. Dövlətimizə Azərbaycan adının verilməsi və onun türklüklə, islamlıqla, çağdaşlıqla əlaqələndirilməsi həmin dövrün şərtləri ilə bağlı idi.
İndiki dövrdə isə azərbaycançılıq həm də bütöv Azərbaycan ideyasını özündə ehtiva etməklə, türklük, islamlıq və digər ideyaları birləşdirən daha mühüm məna kəsb edir. Mən hesab edirəm ki, İkinci Qarabağ müharibəsinə qədər, təxminən son 100 ildə biz azərbaycançılıq fikrini daha çox klassik anlamda əsaslandırırdıq. Yəni Azərbaycan Respublikası çərçivəsində onu müəyyən qədər görürdük.
Ancaq İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası baş verdi və bundan sonrakı dövrdə biz həm də regional güc kimi bütöv Azərbaycan ideyasından çıxış edirik. Eyni zamanda Türk Dövlətləri Təşkilatının mahiyyətindən irəli gələrək artıq post-klassik azərbaycançılıqdan da bəhs edə bilərik.
Post-klassik azərbaycançılıq artıq regional güc olmaq, Türk Dövlətləri Təşkilatında Azərbaycanın lider dövlətlərdən biri olması kimi məqamları əhatə edir. Bunlar bizim üçün milli ideyanın yeni mərhələsidir.
Ona görə deyirik ki, hər dövrün özünəməxsus keçidləri var. Əlbəttə, əsas nüvə bəllidir: bizim üçün əsas milli ideyalar və ideologiya – azərbaycançılıq, türklük, islamlıq və insanlıqdır.
Ancaq biz yeni dövlət şəraitində insanlara artıq təkcə 10 milyonluq Azərbaycan haqqında deyil, 50–60 milyonluq Azərbaycan haqqında, yaxud 200–300 milyona yaxın olan türk dünyası və türk xalqlarının birliyi haqqında danışırıq.
Ona görə də milli ideologiya məsələlərinə yeni baxışın olması və bu istiqamətdə düşünmək vacibdir.
- Kitabınızda həm də türk birliyindən, onun əhəmiyyətindən bəhs etmisiniz. Azərbaycan bu birlikdə hansı rolu oynayır?
-Üçüncü sualınıza gəlincə, əslində biz bilirik ki, azərbaycançılıq və türkçülük bütün tarix boyu bir-birinə etibar etmişdir. Yəni, türklük demək elə azərbaycançılıq, azərbaycançılıq demək elə türklük deməkdir. Zaman-zaman türklük və azərbaycançılıq bir-birindən ayrılmağa çalışılmışdır.
Fikirləşirəm ki, ötən 70 il ərzində, yaxud son əsrlərdə biz bunu daha çox müşahidə edirik. Əlbəttə, bizim kitabda da, bu səpkidə kitabımızın üçüncü bölümünə kimi əslində türk birliyinin əhəmiyyətindən danışırıq. Çünki Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Türkmənistanın, Özbəkistanın və digər müstəqil türk dövlətlərinin varlığı və gələcəkdə daha da güclənməsi məhz türk birliyinə bağlıdır.
Eyni zamanda müstəqil olmayan türk xalqlarının, yaxud yarı müstəqil olan türk xalqlarının da gələcəyi türk birliyinə bağlıdır. Yəni türk birliyini biz ancaq siyasi-ideoloji anlamda görmürük. Həm də türk birliyi, türklük bir mənəvi anlam da daşıyır.
Yəni bir tərəfdən siyasi-ideoloji tərəflər də var, əlbəttə, biz bunu da mütləq nəzərə alırıq. Ancaq digər tərəfdən təkcə siyasi-ideoloji yox, türklük həm də mənəvi məsələdir. Təkcə türklük ancaq türk xalqlarının birlik anlamında deyil. Türk olmayan digər yaxın xalqlarla da biz əməkdaşlığı, qardaşlığı mümkün görürük.
Ancaq əlbəttə, ilk öncə biz evin içini səliqəyə salmalıyıq. Yəni bu çox önəmlidir. Türk birliyi dedikdə ilk növbədə biz məhz içimizdən başlamalıyıq.
Demək istədiyimiz odur ki, türk birliyinin həm siyasi-ideoloji tərəflərini, həm mənəvi-ideoloji tərəflərini ortaya qoymaq lazımdır ki, biz burada bir bütövlüyə nail olaq. Məhz biz bu bütövlüyə nail olduqda Azərbaycanın da bu bütövlük çərçivəsində, türk birliyi çərçivəsində yerini daha doğru görə bilərik.
Biz tarixə də baxdıqda görürük ki, Azərbaycan həmişə türk birliyində, Turan ideyasında və türk dövlətlərinin güclü olmasında mühüm rol oynamışdır. Azərbaycanda mövcud olan demək olar ki, bütün türk dövlətləri də bu missiyanı yerinə yetirmişdir.
Yəni şərqdə, qərbdə, cənubda və ya şimal istiqamətlərdə olsun, Azərbaycan burada türklüyün həmişə nüvəsi rolunu oynamışdır və bu gün də Azərbaycan Respublikası türklüyün nüvəsi rolunu oynaya bilir.
Ancaq eyni zamanda Azərbaycanımızın güney hissəsi də burada çox mühüm faktorlardan biridir. Yəni Azərbaycanımızın birliyi və dövlətliliyinə biz hərtərəfli yanaşmalıyıq ki, o zaman görəcəyik ki, Azərbaycanın birliyi məsələsində bunlar çox önəmlidir.
- Məhz Azərbaycançılıq idealogiyasını təbliğ edən, bunu həqiq və ölməz faktor olduğunu göstərən kitabların yazılması cəmiyyətə nə kimi təsirlər bağışlaya bilər?
-Dördüncü sualınıza gəlincə, yəni azərbaycançılıq ideyası və eyni zamanda onun paralelində türkçülük ideyasının təbliğatı çox zəruridir. Biz insanlarımızı bizim şüurumuzda yer etmiş yad ideyalardan, qərb ideyalarından və yaxud Rusiyadan, Çindən gələn və başqa yerlərdən gələn ideyalardan qurtarmalıyıq. Biz özümüz öz milli mahiyyətimizdən gələn ideyaları təbliğ etməliyik ki, azərbaycançılıqda da məhz dediyimiz kimi türklüyümüz, islamlığımız və insanlığımız çox mühüm yer tutur.
Əslində, bəzən islamlıqla türklüyü, ya azərbaycançılığı, ya da azərbaycançılıqla türklüyü qarşı-qarşıya qoyurlar və bunu da bilərəkdən edirlər. Ancaq hesab edirəm ki, biz məhz yeni dövrdə milli ruhu ifadə edən bu məsələləri doğru-düzgün ifadə etməklə hər halda xeyli dərəcədə dəyişikliklərə nail ola biləcəyik.
Hər halda biz məhz azərbaycançılıq ideyasının, azərbaycançılıq ideologiyasının mahiyyətini yeni dövrün şərtləri altında, həm də keçmiş tarixin mədəni-fəlsəfi hissələrini də qataraq təqdim etməliyik. Məhz bu formada yazılan kitablar olduqca vacibdir.
İfadə etmək istəyirəm ki, əslində kitabların, kimlərin azərbaycançılıqdan, türkçülükdən yazmasından da çox şey asılıdır. Biz bilməliyik ki, hər azərbaycançılıqdan, ya türkçülükdən, ya islamçılıqdan yazan onu səmimi şəkildə ifadə edir, yoxsa yad qüvvələrə xidmət edir.
Bu çox incə məsələdir. Bəzən bu məsələlərdən danışan və yazanların xeyli bir qismi əslində başqalarına maşalıq rolunu oynayırlar, çox təəssüf olsun ki, indi də belə hallara rast gəlinir. Və belələri zaman-zaman mövqelərini dəyişdirirlər.
Zamanın tələblərinə, şərtlərinə uyğun olaraq praqmatist olurlar. Yəni bunların praqmatikliyinə gəldikdə ya türkçü, ya islamçı, ya azərbaycançı olur, yaxud da qərbçi olur və s. və ilaxır.
Bizim demək istədiyimiz odur ki, biz bu məsələlərdə dəqiq və mahiyyətə uyğun olaraq addımlar atmalıyıq. Yəni bizim məsələlərə baxışımız hər hansı müəyyən şərtləri nəzərə almağı tələb edə bilər, ancaq əsas nüvədən heç vaxt kənara çıxmaq olmaz.
Bizim əsas nüvəmiz də məhz azərbaycançılığımız, türklüyümüz və azərbaycançılığa və türklüyə doğma sahələrimiz olan islamlığımız və şübhəsiz ki, həmişə o yola istiqamət etdiyimiz insanlarımızdır.
Yəni bu məsələlərdə mənə elə gəlir ki, bizim yolumuz dəqiq və aydındır. Biz hər hansı bir məsələdə kitablar yazırıqsa, məhz əsas mahiyyəti, əsas nüvəni heç vaxt kənara qoya bilmərik və qoymamalıyıq. Bu olduqca önəmlidir.
Ona görə də biz də “Milli düşüncə tariximizə tarixi-fəlsəfi baxış” kimi kitablarımızda məhz bunları göstərməyə çalışmışıq.
Zaman-zaman bizə irad tutanlar türklük məsələsində və ya bu kimi baxışlar məsələsində bizi tənqid edirlər. Bizdən bəzən daha çox azərbaycançı, yaxud türklük məsələsini qabartdığımızı göstərmək istəyirlər.
Ancaq əsas həqiqət odur ki, hər bir kəsin yazdığı onun simasını, onun əsər mahiyyətini məhz o kitablarda göstərir. Ancaq bir müəllifin siması, əsərin müəllifinin siması onun millətinin siması olmalıdır. Onun millətinin gələcəyinin varlığı olmalıdır.
Yəni yazarın, yaxud bir kitab müəllifinin əsər mahiyyəti məhz millətin varlığının təcəssümü ilə bağlıdır. Əgər belədirsə, o kitablar hər zaman oxunacaq və var olacaqdır. Yoxsa zamana görə ayağını dəyişənlərin və yaxud müvəqqəti düşüncələrin heç bir tarixi əhəmiyyəti olmayacaqdır.
Turqut Ansari
10:37 16.03.2026
Oxunuş sayı: 43