Türkiyə və Rusiya hərəkətə keçə bilər: Azərbaycan müharibəyə çəkilir?
Prezident Məsud Pezeşkian İranın hücum etdiyi qonşu ölkələrdən üzr istəyib.
Pezeşkian bu barədə qərarın Müvəqqəti Rəhbərlik Şurasında qəbul edildiyini deyib.
"Dünən Müvəqqəti Rəhbərlik Şurası qonşu ölkələrə hücum etməmək və həmin ölkələrdən İrana hücum olmasa, raket atmamaq barədə qərar qəbul edib. Gəlin bir-birimizlə olan bütün fikir ayrılıqlarını, narahatlıqları və inciklikləri bir kənara qoyaq", - qeyd edib.
İran Prezidenti bildirib ki, bölgə ölkələri ilə düşmənçilikləri yoxdur: "Qonşularımızdan üzr istəyirəm. İrana qarşı hücum olmadığı təqdirdə qonşu ölkələrə heç bir hərbi müdaxilə edilməyəcək".
O, hücumların İranın silahlı qüvvələri tərəfindən müstəqil şəkildə edildiyini bildirib.
Doğrudur, o, konkret ad çəkməyib. Buna baxmayaraq, İran dronlarının Naxçıvana düşməsi və bunun ardınca Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirlərdən sonra Pezeşkianın açıqlama verməsi belə düşünməyə əsas verir ki, o, həm də Azərbaycandan üzr istəyib. Bəs bu, yetərlidirmi?
Bu barədə Crossmedia.az-a danışan türkiyəli politoloq, hüquqşünas Ferhad Aznevi bildirib ki, tarixdə həm həqiqi təxribat planlarının, həm də hücumlar üçün yalan və ya şişirdilmiş əsaslandırmaların nümunələri var: "Məsələn 1954-cü ildə İsrail agentləri Misirdəki hədəflərə bomba yerləşdirməyi və hücumlarda Misir qruplarını günahlandırmağı planlaşdırırdılar. Məqsəd Qərb qüvvələrinin Misirdən geri çəkilməsinin qarşısını almaq idi. Əməliyyat ifşa edildi. 1964-cü ildə Tonkin Körfəzi hadisəsi baş verdi.

ABŞ Şimali Vyetnamın onun gəmilərinə hücum etdiyini iddia etdi və bundan Vyetnam müharibəsini qızışdırmaq üçün bəhanə kimi istifadə etdi. Daha sonra məlum oldu ki, ikinci bir hücum çox güman ki, baş verməyib. 1962-ci ildə də buna oxşar baş vermişdi. Bəzi ABŞ hərbi rəsmiləri Kubanı günahlandırmaq üçün saxta hücumlar təşkil etməyi planlaşdırırdılar. Plan Prezident Kennedi tərəfindən rədd edildi. 1967-ci ildə İsrail Altı Günlük Müharibə zamanı ABŞ gəmisinə zərbə endirdi. İsrail bunun səhv olduğunu iddia etdi. Bəziləri isə bunun qəsdli olduğunu bildirdi".
Onun sözlərinə görə, müasir dövrə aiddə də belə nümunələr var: "2003-cü ildə ABŞ müharibəyə İraqın kütləvi qırğın silahlarına sahib olduğunu iddia edərək başladı. Daha sonra məlum oldu ki, bu silahlar əsasən yox idi. Bu kontekstdə, əvvəlcə sözügedən hücumların həqiqətən İran hökumətinin qərarı ilə həyata keçirildiyinə əmin olmalıyıq. İlk məqam budur".
Ekspert əlavə edib ki, əgər İran dövlətinin hücumu təsdiqlənərsə, bu, beynəlxalq hüquqa əsasən Azərbaycana qarşı silahlı hücum hesab ediləcək: "Bununla da BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, Azərbaycan özünümüdafiə hüququna malik olacaq. Türkiyə də ikitərəfli müqavilələrə görə, şərtlər yerinə yetirilərsə, Azərbaycana hərbi dəstək verə bilər. Həmçinin nəzərə almaq lazımdır ki, Moskva Qars müqavilələrinə əsasən, Naxçıvanın statusunun qarantıdır".
Müsahibimiz bildirib ki, ABŞ və İsrailin hücumlarından sonra həm Türkiyə, həm də Azərbaycan İranın suverenliyini vurğulayan bəyanatlar verdilər: "Məsələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın suverenliyinə və ərazi bütövlüyünə hörməti vurğuladı. Eynilə, Azərbaycan hökuməti regional gərginliyin artmamalı olduğunu bildirdi. Bundan əlavə, yüksək vəzifəli şəxslər İranın Bakıdakı səfirliyində açılan başsağlığı kitabını imzaladılar.
Diplomatik atmosfer düşmənçilik atmosferi olmasa da, İranın bu hücumlara görə məsuliyyəti inkar edən rəsmi bəyanatı diqqətlə nəzərdən keçirilməlidir".
13:07 07.03.2026
Oxunuş sayı: 54