Tələbələrə mühüm güzəştlər- Detallar açıqlandı
Son illər Azərbaycanda tələbələrin sosial rifahının yaxşılaşdırılması və onların gündəlik həyatını asanlaşdıracaq təşəbbüslərin həyata keçirilməsi istiqamətində müxtəlif addımlar atılır. Bu baxımdan “TələbəPlus” kartı vasitəsilə tələbələrə ictimai nəqliyyatda 10 faiz endirimin tətbiqinin nəzərdə tutulması da mühüm sosial təşəbbüslərdən biri kimi qiymətləndirilir. Belə bir addım tələbələrin maddi yükünün müəyyən qədər azaldılmasına, eyni zamanda onların təhsil və gündəlik fəaliyyətində daha rahat hərəkət imkanlarının yaradılmasına xidmət edə bilər. Bu təşəbbüs tələbə yönümlü sosial siyasətin gücləndirilməsi baxımından da diqqət çəkir.

Təhsil eksperti Elçin Əfəndiyev bu barədə Crossmedia.az-a açıqlama verib: "Düşünürəm ki, güzəştin daha çoxluğu tələbələr üçün daha əlverişli olar. Bu güzəşt o deməkdir ki, ictimai nəqliyyatda hər 10 gedişdən bir tələbəyə 1 gediş pulsuz verilir. Ümumi ay ərzində də deyək ki, 3 gediş pulsuzdu. Xarici ölkələrə baxsaq görərik ki, orada daha çox gediş pulsuz verilir. Limit qoyulur və o limiti dövlət qarşılayır. Amma limiti aşarsa tələbə ödəyir. Düzdür, bu hər halda müəyyən imtiyaz kimi tanına bilər".

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli də məsələyə münasibət bildiritib: "TələbəPlus" kartı vasitəsilə tələbələrə ictimai nəqliyyatda 10 faiz endirim tətbiqi əsasən sosial cəhətdən müsbət addımdır. Bu, tələbələrin gündəlik xərclərini azaltmağa, təhsil və hərəkət sərbəstliyini artırmağa kömək edəcək. Həmçinin gənclərin ictimai nəqliyyatdan istifadəsini təşviq edərək avtomobil istifadəsinin azalmasına və ətraf mühitin qorunmasına da töhfə verə bilər. İqtisadi göstəricilər baxımından 10 faiz endirim nisbətən kiçik bir güzəştdir, ona görə də makroiqtisadi təsiri minimal olacaq. Dövlət büdcəsi üçün xərclərin artması mümkündür, amma bu, əsasən sosial dəstək proqramı kimi qiymətləndirilə bilər".
İqtisadçı əlavə edib ki, əgər proqram çox tələbəni əhatə edirsə, ictimai nəqliyyat operatorlarının gəlirlərinə müəyyən azalma gətirə bilər, amma bu zərər böyük ehtimalla uzunmüddətli sosial və iqtisadi faydalarla balanslanacaq: "Qısacası, bu addım tələbələr üçün faydalı olmaqla yanaşı, ölkə iqtisadiyyatına ciddi mənfi təsir göstərməyəcək, xüsusilə düzgün maliyyələşmə və nəzarət mexanizmləri tətbiq edilərsə".
Ayhan
15:35 06.03.2026
Oxunuş sayı: 553