Azərbaycan şairi Nizami Gəncəvi irsinə həsr olunmuş kitab işıq üzü görüb
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda böyük Azərbaycan şairi Nizami Gəncəvi irsinə həsr olunmuş kitab işıq üzü görmüşdür.
İnstitutun Elmi Şurasının 23 yanvar 2026-cı il tarixli 01 nömrəli iclasının qərarı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin məşhur “Məxzənül-əsrar” əsərinin nəsr və nəzmlə tərcüməsini əhatə edən kitab nəşrə hazırlanaraq oxuculara təqdim olunub.
Crossmedia.az xəbər verir ki, nəşrdə XIX əsr Qarabağ ədəbi mühitinin tanınmış nümayəndələrindən olan İbrahim Tahir Musayevin 1939-cu ildə tərcümə edib, əski əlifba ilə qələmə aldığı Nizami Gəncəvinin “Məxzənül-əsrar” əsərinin transfoneliterasiya və təshih edilmiş mətni yer almışdır.
Nəşrin sonunda əsərdə istifadə olunan ərəb və fars mənşəli sözlərin izahını verən lüğət də əlavə edilib. Həcmi 120 səhifədən ibarət olan kitab filoloqlar, tədqiqatçılar və geniş oxucu auditoriyası üçün dəyərli mənbə kimi nəzərdə tutulmuşdur. Mətni transfoneliterasiya edib, nəşrə hazırlayan və ön sözün müəllifləri filologiya üzrə elmlər doktoru, professor Raqib Kərimov və filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayevadir.
Nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Əliyev, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktoru Rəna İsgəndərli və böyük elmi işçi Rauf Şeyxzamanlıdir.
18:17 04.03.2026
Oxunuş sayı: 549