Çexiyada yaşayan soydaşımızın rəsmləri Londonda sərgilənib
Çexiyada yaşayan azərbaycanlı rəssam Ülviyyə İmanın Londonda yerləşən “Gazelli Art House” qalereyasında “Qafqazdan nağıllar” (“Tales from the Caucasus”) adlı rəsm sərgisi təşkil olunub.
Crossmedia.az xəbər verir ki, sərgi Britaniyada fəaliyyət göstərən Azərbaycan Qadınlar Assosiasiyasının tərəfdaşlığı ilə baş tutub.
Sərgiyə qatılanlar gənc rəssamla söhbət zamanı onun yaradıcılığı və Azərbaycanın mədəni zənginliyi barədə geniş məlumat əldə ediblər. Rəssamın hər bir əsərində qədim adət-ənənələrimiz, mədəni dəyərlərimiz və tarixi yaddaşımız müasir incəsənət dili ilə təqdim olunub.
Qeyd edək ki, Ülviyyə İmanın əsərləri “YARAT” Müasir İncəsənət Mərkəzinin XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Bir zamanlar dəniz” adlı qrup sərgisində və Bakıda “Gazelli Art House” müasir incəsənət qalereyasında da nümayiş olunub. Soydaşımız Laçında keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsinin iştirakçısıdır.
20:45 04.03.2026
Oxunuş sayı: 445