Mikroplastiklərə qarşı azərbaycanlı şagirdin innovativ ideyası - MÜSAHİBƏ
Bu gün Bakı Ali Neft Məktəbində “Sabahın alimləri” müsabiqəsi ölkəmizdə Society for Science təşkilatı tərəfindən keçirilir.
Regeneron International Science and Engineering Fair (ISEF) çərçivəsində təşkil olunan tədbirdə milli final mərhələsində ümumtəhsil müəssisələrində təhsil alan IX-XI sinif şagirdləri 9 istiqamət üzrə yarışacaqlar.
Bu istiqamətlərə riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt daxildir.
Qeyd edək ki, gənclər burada müxtəlif sahələr üzrə öz kəşflərini nümayiş etdirirlər ki, bunlardan da biri Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Gənc İstedadlar Liseyinin şagirdi Ayan Abbasovadır.

- Layihəniz haqqında qısa məlumat verə bilərsinizmi?
- Bu gün sizə “Smart Nanotech” layihəmizi təqdim edirəm. Hər il təxminən 11 milyon ton mikroplastik su hövzələrinə axıdılır və son illərdə bu problem artıq qlobal böhran səviyyəsinə yüksəlmişdir. Layihəmiz sudakı mikroplastiklərin təmizlənməsi üçün innovativ texnoloji həll təqdim etməyi məqsəd qoyur.
- Layihənizin işləmə prinsipi nədən ibarətdir?
- Biz bu problemi həll etmək üçün xitozanla stabilləşdirilmiş Fe₃O₄ maqnit nanosəciyiklərindən istifadə edirik. Bu nanosəciyiklər qurğumuzun alt hissəsində yerləşdirilir və maqnit sahəsi yaradaraq sudakı mikroplastikləri özünə cəlb edir. Toplanmış mikroplastiklər daha sonra sistem tərəfindən idarə olunur və qurğu süni intellekt vasitəsilə ən optimal marşrutu seçərək ən yaxın mikroplastik boşaltma məntəqəsinə yönəlir.
- Layihənizin enerji təminatı və əldə olunan nəticələr barədə nə deyə bilərsiniz?
- Layihəmiz enerji baxımından müstəqildir. Bunun üçün günəş panelləri, vertikal külək türbinləri və triboelektrik nanogeneratorlardan istifadə edirik. Gündüz enerji günəş panelləri və külək türbinləri vasitəsilə, gecə isə triboelektrik nanogenerator və külək enerjisi hesabına əldə edilir.
Mikroplastiklər boşaltma məntəqəsinə çatdırıldıqdan sonra piroliz mərhələsinə yönəldilir və əldə olunan materiallar yol tikintisində istifadə oluna bilər. Layihəmizin əsas məqsədi milli texnologiyaların inkişafına töhfə verməkdir.
Elmir Heydərli
12:50 03.03.2026
Oxunuş sayı: 726