Elmar Məmmədyarov Ukrayna müharibəsindən danışdı: Çətin sualdır...
Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də Rusiyanın tammiqyaslı işğalı ilə başlayandan bu günə qədər artıq dörd il tamam olur. Bu dörd il ərzində münaqişə yalnız iki dövlət arasında silahlı qarşıdurma olmaqla qalmayıb, həm də qlobal geosiyasətin, beynəlxalq təhlükəsizlik sisteminin və regional sabitliyin əsas sınaqlarından birinə çevrilib. Müharibə Avropada İkinci Dünya Müharibəsindən sonra ən genişmiqyaslı və qanlı münaqişə olaraq tarixə düşüb, Ukrayna xalqının həyatına və iqtisadiyyatına dərin zərbələr vurub, beynəlxalq humanitar hüququn pozulmasına səbəb olub. Bu dövr ərzində həm Rusiya, həm də Ukrayna hərbi, siyasi və diplomatik resurslarını maksimum səfərbər edərək münaqişənin gedişatını dəyişməyə çalışsa da, həlledici nəticələr əldə olunmayıb və cəbhə xətti dörd il ərzində sabit, lakin gərgin yıpratma müharibəsi şəklini alıb. Həmin dövr həm də qlobal güc balansının yenidən nəzərdən keçirildiyi, NATO-nun rolunun gücləndiyi, enerji və ərzaq təhlükəsizliyi məsələlərinin ön plana çıxdığı bir dövr kimi yadda qalır. Dörd illik bu qarşıdurma Ukrayna və Rusiya arasında davam edən strateji və geosiyasi qarşıdurmanın hələ uzun müddət beynəlxalq gündəmin mərkəzində qalacağını göstərir.
Məsələ ilə bağlı keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Crossmedia.az-a müsahibə verib:

- Müharibə ərzində Rusiya və Ukrayna arasında güc balansı necə dəyişdi?
- Ümumiyyətlə, qeyd etmək olar ki, Rusiya qoşunları müəyyən miqdarda irəliləyiş əldə etsələr də, bu irəliləyiş məhduddur. Məsələn, Mariupolu ələ keçiriblər və Xersona yaxınlaşıblar, Zaporoje nüvə stansiyasını nəzarət altına alıblar. Bu baxımdan, əlbəttə, Rusiyanın bəzi hərbi irəliləyişləri var, lakin dörd il müddətində aparılan əməliyyatlar nəticəsində onlar hərbi baxımdan qəti qələbə əldə edə bilməyiblər.
- Sizcə, niyə Rusiya prezidenti Vladimir Putinin üç günə bitirmək iddiasında olduğu savaş dörd il çəkdi?
- Yəqin ki, bu sualı Ukrayna xalqından soruşmaq lazımdır. Ukraynalılar öz qəhrəmanlıqlarını göstərdilər.
- ABŞ və Avropa arasında artan ziddiyyət müharibənin gedişinə necə təsir göstərir?
- ABŞ administrasiyasının mövqeyi dəyişib. Bu dəyişiklik baxımından ABŞ çalışır ki, münaqişə ilə bağlı müəyyən irəliləyiş əldə olunsun və sülh prosesinə təkan verilsin. Amma dürüst deyim sizə, indiki zamanda sülh sazişi imzalamaq və ya atəşkəs əldə etmək çox çətin görünür. Əgər sülh sazişindən söhbət gedirsə, onun ilk mərhələsində mütləq atəşkəs rejiminin tətbiq olunması gərəkdir, amma indiyə qədər buna başlanılmayıb və inanmıram ki, hazırkı şəraitdə yaxın zamanda həyata keçirilə bilsin. Sülh sazişinin çətinliyi həm də ondan irəli gəlir ki, Rusiya artıq həm Krım, həm də Donetsk və Luqansk bölgələrində dəyişikliklər edib və öz konstitusiyasında bu ərazilərlə bağlı qərarlar qəbul edib. İndi təsəvvür edin, əgər Rusiyanın prezidenti sülh sazişinə imza atsa, bu o deməkdir ki, o, öz konstitusiyasını pozmalıdır, bu isə praktik olaraq mümkün deyil.
- Müharibə fonunda Azərbaycanın balanslı mövqeyini necə qiymətləndirirsiniz?
- Azərbaycan mövqeyi mənim nazir vəzifəsində çalışdığım vaxtdan birmənalıdır. Bu mövqe bütün ölkələrin, BMT-nin üzv ölkələrinin ərazi bütövlüyü tanımaqdan ibarətdir.
- Rusiya ilə artan ziddiyyət fonunda Azərbaycan gələcəkdə Ukraynaya olan dəstəyini artıra bilərmi?
- Dəstəyi artırmaq məqsədilə Azərbaycan Ukraynaya yardımlarını davam etdirir. Humanitar baxımdan yaxın günlərdə generatorlar göndərilib və bu cür yardımlar davam edir. Humanitar sahədə dəstək mütəmadi olaraq təmin olunur, lakin hərbi baxımdan isə inanmıram ki, Azərbaycan bu münaqişəyə birbaşa qoşulmalı və ya hər hansı hərbi əməliyyat həyata keçirməlidir.
- Müharibənin nə zaman və təxminən hansı şərtlərlə bitəcəyini proqnozlaşdırırsınız?
- Bu, həqiqətən də çətin bir məsələdir. Sualın özü çox çətindir. Çünki Rusiyanın rəhbərliyi artıq vaxtilə konstitusiyasını dəyişib və indi bu dəyişiklikləri geri götürmədən sülh sazişi imzalamaq praktiki olaraq mümkün görünmür. Bu vəziyyət, uzun illərdir Rusiya ilə Yaponiya arasında sülh sazişinin imzalanmaması ilə müqayisə oluna bilər. Fikrimcə, Ukrayna da bu istiqamətdə müəyyən addımlar atmağa çalışacaq, lakin nəticənin necə olacağı hələ tam aydın deyil.
Ayhan
12:16 25.02.2026
Oxunuş sayı: 535