Vaşinqtonun prioritetləri dəyişir - Ukraynanın hərbi yardım ümidləri azalır?
Ukrayna-Rusiya müharibəsinin davam etdiyi bir vaxtda Kiyev Qərbdən, xüsusilə də ABŞ-dən hərbi dəstəyin artırılmasına nail olmağa çalışır.
Lakin Vaşinqtonun son dövrlərdə sərgilədiyi mövqe Ukraynanın bu istiqamətdə gözləntilərini sual altına salır. ABŞ administrasiyasının prioritetlərinin dəyişməsi, Yaxın Şərqdəki proseslərə daha çox diqqət ayırması və Ukrayna məsələsində əvvəlki fəallığı nümayiş etdirməməsi hərbi yardımların gələcəyi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlamasında bildirib ki, Ukraynanın ABŞ-dən əlavə silah və hərbi texnika tədarükü ilə bağlı cəhdlərinin perspektivlərini dəyərləndirib:

“Ukraynanın hazırda ABŞ-dən silah-sursat və hərbi texnika tədarükünün artırılması ilə bağlı cəhdlərinin uğur qazanacağı o qədər də inandırıcı görünmür. Çünki Tramp administrasiyası Ukraynaya dəstəyi genişləndirmək niyyətində olmadığını dəfələrlə bəyan edib və hərbi yardımların dayandırılması ilə bağlı qərarlar da qəbul olunub.
Təbii ki, bu, Tramp administrasiyasının Rusiya ilə münasibətlərə yanaşmasından qaynaqlanır. Hazırkı ABŞ rəhbərliyi Ukrayna müharibəsinə münasibətdə bir çox Avropa ölkələrinin mövqeyindən fərqli xətt yürüdür.
Buna görə də Ukraynanın Vaşinqtondan müsbət cavab almaq imkanları məhdud görünür. Digər tərəfdən, hazırda ABŞ-nin diqqəti daha çox Yaxın Şərqdə baş verən proseslərə yönəlib. Vaşinqton həm bölgədəki münaqişələr, həm də müxtəlif diplomatik təşəbbüslərlə məşğuldur. Bu da Ukrayna məsələsinin əvvəlki dövrlərlə müqayisədə ABŞ xarici siyasətində daha aşağı prioritetə çevrildiyini göstərir”.
Politiloq əlavə edib ki, üstəlik, son bəyanatlardan belə anlaşılır ki, ABŞ Ukrayna müharibəsinin dayandırılması ilə bağlı sülh prosesində əvvəlki qədər fəal iştirak etmək niyyətində deyil:
“Ağ Ev rəsmiləri bunun müvəqqəti xarakter daşıdığını bildirsələr də, faktiki vəziyyət ABŞ-nin prosesdən müəyyən dərəcədə kənara çəkildiyini göstərir. Belə şəraitdə ABŞ-nin Ukraynaya silah tədarükünü artıracağı ilə bağlı gözləntilər o qədər də inandırıcı görünmür.
Rusiyanın bu məsələyə sərt reaksiya verməməsi isə daha çox Moskvanın Vaşinqtonla bağlı hesablamaları ilə əlaqəlidir. Kreml hesab edir ki, Tramp administrasiyası Ukraynaya genişmiqyaslı hərbi dəstəyi bərpa etmək niyyətində deyil.
Buna görə də Moskva bu məsələ ətrafında ABŞ ilə münasibətləri əlavə şəkildə gərginləşdirməyə ehtiyac görmür. Bu baxımdan hesab etmək olar ki, yaxın perspektivdə Zelenski hakimiyyətinin ABŞ-dən silah-sursat və hərbi texnika tədarükünün artırılması istiqamətində ciddi uğur qazanmaq ehtimalı yüksək deyil”.
Ayhan
12:15 01.06.2026
Oxunuş sayı: 55