Rusiyaya növbəti zərbə: Moldova ilə Rumıniya birləşir?
Avropada Moldova ilə Rumıniyanın mümkün birləşməsi ilə bağlı yeni müzakirələr gündəmə gəlib və məsələ rəsmi səviyyədə də şərh olunub. Belə ki, Moldovanın xarici işlər naziri Mixay Popşoy bu ideyaya prinsip etibarilə müsbət yanaşdığını bildirib. O, həmçinin Rumıniya vətəndaşı olduğunu xatırladaraq, belə bir təşəbbüs irəli sürülərsə, onun əleyhinə səs verməyəcəyini qeyd edib. Nazir vurğulayıb ki, bu məsələdə yekun qərar Moldova vətəndaşlarının iradəsindən asılı olacaq.
Rumıniya Prezidenti Nikuşor Dan da daha əvvəl bildirib ki, Moldova cəmiyyəti dəstəkləyərsə, Buxarest birləşmə prosesini müzakirə etməyə hazırdır.

Mövzunu Crossmedia.az-a şərh edən politoloq Tofiq Abbasov Moldovanın Rumıniyaya birləşmə planının uzunmüddətdir mövcudl olduğunu bildirib:
"Hələ Sovet İttifaqının son mərhələsində ittifaqın prezidenti Mixail Qorbaçov çox anlaşılmaz, əcaib islahatlara başlamışdı, bir çox bölgələrdə, keçmiş Sovet birliyində həm millətlərarası münaqişələr başlamaq üzrə idi. Digər tərəfdən milli hərəkətlər özlərini müxtəlif tərzdə büruzə verirdilər . Orada xüsusilə rusların azlığı baş qaldırdı, Moldovada etno-ərazi zəminində artıq problemli bir diyara, məmləkətə çevrildi. Ancaq Rumıniya tərəfindən həmişə baxışlar bir mənalı birləşmə ilə əlaqəli idi. Hətta öz şəxsi təcrübəmdə bir dəfə keçmiş prezident İon İlyeskuyla müsahibəm oldu. O, açıq şəkildə dedi ki, "bəli, biz heç gizlətmirik ki, Moldova bizim ərazilərimizdir, biz əvvəl-axır birləşəcəyik". Moldova vətəndaşlarının da demək olar ki, 70%-ə qədəri öz ciblərində Rumıniyanın pasportunu daşıyır. Həm qardaş ölkədir, həm Avropa İttifaqının üzvüdür, həm də iddiası olan bir məmləkətdir".
Politoloq bu məsələyə ölkələrin reaksiyasının necə olacağı barədə də danışıb:
"Rusiya bu məsələyə çox sərt yanaşacaq, onu heç vaxt dəstəkləyə bilməz. Digər tərəfdən, əgər Moldova və Rumıniya birləşəcəksə, o deməkdir ki, NATO bir qədər də Rusiyanın ərazilərinə yaxınlaşacaq, daha bir cinahdan özü üçün baza yaratmaq imkanlarını əldə edəcək. Moldovanın Rumıniya ilə birləşməsi Rusiya diplomatiyasına çox ciddi bir zərbə olacaq. Bunun sonrakı prosesləri də var. NATO, Avropa İttifaqının artıq daha bir əraziyə yayılması, Rusiyanın həm də iqtisadi maraqlarına təhdid törədə biləcək məsələlərdir".
T.Abbasov hesab edir ki, bu proseslərdə yeni bir münaqişəli vəziyyət formalaşacaq:
"Çünki dünyada silah-sursat bazasına malik qüvvələr var, onlar da bu prosesdə özlərinin səsini qaldıracaqlar. Mozaik münaqişəli vəziyyət formalaşa bilər. Bu, heç də Şərqi Avropa üçün yaxşı bir perspektiv vəd etmir. Çünki onsuz da Ukrayna böhranı dərinləşib. Rusiya artıq çox güclü silahlarla zərbələr endirir, digər tərəfdən Ukrayna ciddi əməliyyatlar keçirir. Belə olduğu halda, demək olar ki, əgər beynəlxalq təşkilatların, xüsusilə də BMT-nin bir sözü keçərli ola biləcəksə, o, bu məsələyə münasibət bildirməlidir. Məsələn, İsrailin Livan torpaqlarında azğın bir siyasət həyata keçirməsi ilə bağlı məsələnin şahidi oluruq".
Fatimə Məmmədova
20:21 01.06.2026
Oxunuş sayı: 54