Vardanyan sona qədər ümid edirdi ki, azad olunacaq -ŞƏRH
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi fevralın 17-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.
İclasda təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərərçəkmiş şəxslərin və zərərçəkmişlərin hüquqi varislərinin bir qismi və onların nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, həmçinin Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib.
Ötən il yanvarın 17-də başlamış və bir ildən çoxdur davam edən məhkəmə prosesində təqsirləndirilən şəxsin barəsində yekun məhkəmə qərarı (hökm) elan edilib.
Elan olunub ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə elan edilmiş ittihamlar həmin Məcəllənin 228.2.1-ci maddəsinə tövsif edilib.
Bundan başqa, irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 279.1 və 279.2-ci maddələri rəqəmlə ifadədə xaric edilib.
Elan edilib ki, Vardanyan Ruben Karlenoviç Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə cinayətlərini törətməkdə təqsirli bilinərək qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin və cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.
Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokuror məhkəmə prosesində təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini məhkəmədən xahiş etmişdi.
Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirli bilinib.

Bu qərar barədə Crossmedia.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, erməni diasporu/lobbisi Bakıda məhkəmə qarşısına çıxarılanların azad edilməsi ilə bağlı kampaniyada üstünlüyü xüsusilə Vardanyana verir, digərlərini onun fonunda müdafiə edirdilər: "Bunun səbəbi Vardanyanın pulu və nüfuzlu dostları idi. Misal üçün, USAİD-in rəhbəri, “erməni soyqırımı”nın qatı müdafiəçisi, Azərbaycana qarşı isə sərt mövqe sərgiləyən Samanta Pouerlə Vardanyan arasında isti münasibətlər olub, birincinin bu münasibətlərdən gəlir əldə etdiyi haqda məlumatlar da var. Rubenin Bakıda istintaqa Samanta Pouerlə bağlı lazımi informasiyalar verdiyi də deyilir. Vardanyan sona qədər ümid edirdi ki, separatçılar arasında heç olmasa o, azad ediləcək, lakin nə pulu, nə də dostları onu xilas edə bildi. Onun məhkəmə qarşısına çıxarılması isə təkcə ədalətin bərpası yox, həm də beynəlxalq cinayətin qarşısının alınması, eyni zamanda, Ermənistan siyasətinə yön vermək demək idi. Onun Qarabağa gəlişinin hədəflərinə baxdıqda bunu anlamaq olur".
O bildirib ki, Vardanyan Qarabağa çirkli pulların yuyulmasını davam etdirə bilmək və Qərb sanksiyalarından yayınmaq məqsədilə gəlmişdi: "Onun “Troyka dialoq” bankı uzun illər çirkli pulların yuyulma platforması kimi istifadə olunub. İşğal dövründə Qarabağa “xeyriyyə” məqsədilə yatırdığı “investisiya”lar da əslində çirkli pulların yuyulması idi. “Forbes”in məlumatına görə, Ruben 2001-2023-cü illər ərzində Ermənistan və Qarabağa 700 milyon dollardan çox “sərmayə” qoyub, təkcə 2022-ci ildə - Xankəndinə gəlişi zamanı 900 min dollar pul xərcləyib. Ukrayna müharibəsi başlayandan sonra Rusiyaya qarşı sanksiyaların hədəfinə çevrilən Vardanyan Qarabağa qaçmaqla günahını siyasi vitrinə çıxmaqla təmizləməyi də düşünürdü. Hesab edirdi ki, Qarabağda xərclədiyi pullar Qərbdə separatçıları dəstəkləyənlər tərəfindən alqışla qarşılanacaq, o cümlədən, Rusiyanın etimadını doğruldacaq. Əslində buna müəyyən qədər nail oldu da. Və Xankəndində “xilaskar” obrazının yaradılması fonunda Ermənistan siyasətinə qoşulmaq gedişləri də etdi. Bu, Kremlin mətbəxində hazırlanmış ssenari idi. Separatçıları qorumağa çalışan Rusiya əlavə pul xərcləməmək üçün Vardanyanın maliyyəsindən istifadə etdi. Xankəndidə plan baş tutmayacağı təqdirdə, Ruben İrəvana “artsaxın qəhrəmanı” kimi gedəcək, “oliqarx siyasətçi” kimi Paşinyana qarşı siyasi mübarizənin liderinə çevriləcəkdi. Bu baxımdan, Rubenin Xankədidən İrəvana gedərkən, Laçın postunda həbs edilməsi və nəyahət məhkəmə hökmü ilə cəzalandırılması Bakının regional prosesləri nəzarətdə saxladığı və hadisələrin inkişafna yön verməsi kimi də qiymətləndirilə bilər".
16:00 18.02.2026
Oxunuş sayı: 755