ABŞ və İsrail İrana qarşı “maksimum təzyiq” siyasətini gücləndirir
ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında Ağ Evdə keçirilən görüşdə İrana qarşı iqtisadi təzyiqin artırılması barədə razılıq əldə olunub.
Crossmedia.az xəbər verir ki,bu barədə "Axios" nəşri məlumat yayıb.
Məlumata görə, tərəflər xüsusilə İranın Çinə neft ixracının məhdudlaşdırılması istiqamətində səylərin gücləndirilməsini müzakirə ediblər.
Görüşlə bağlı məlumatlı olan iki ABŞ rəsmisinin bildirdiyinə görə, əldə edilən razılaşma Tehranla aparılan dolayı nüvə danışıqları ilə paralel şəkildə yenilənmiş “maksimum təzyiq” kampaniyasının həyata keçirilməsini nəzərdə tutur.
Yüksək vəzifəli ABŞ rəsmisi qeyd edib ki, İranın Çinə neft satışına qarşı daha sərt addımlar atılması barədə prinsipial razılıq əldə olunub. Bildirilir ki, Çin İranın ümumi neft ixracının 80 faizindən çoxunu alır və bu da Tehranın əsas gəlir mənbələrindən biri hesab olunur.
Hazırda Vaşinqtonun bu istiqamətdə hansı konkret mexanizmlərdən istifadə edəcəyi açıqlanmayıb.
09:10 16.02.2026
Oxunuş sayı: 446