Almaniyanın Münhen şəhərində İran şahının oğlu Rza Pəhləvi və İranda sekulyar dövlət ideyasına dəstək məqsədilə keçirilən yürüşdə təxminən 250 min nəfər iştirak edib. Kütləvi aksiyada çıxış edən Pəhləvi beynəlxalq ictimaiyyətə və xüsusilə ABŞ rəhbərliyinə açıq çağırış edib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
O, ABŞ Prezidentinə müraciət edərək bildirib ki, İran xalqı Vaşinqtonun özlərini tək buraxmayacağına dair mesajlarını eşidib və buna inanır. “İran xalqına kömək edin. İslam Respublikasına son qoymağın vaxtı gəlib”, – deyə Pəhləvi vurğulayıb.
Pəhləvinin sözlərinə görə, bu çağırış sadəcə siyasi mövqe deyil, illərdir davam edən repressiyalar zamanı həlak olan iranlıların qanından doğan bir istəkdir. O qeyd edib ki, İran cəmiyyəti mövcud rejimin islahını yox, onun tamamilə aradan qaldırılmasını tələb edir.
Çıxışında mümkün gələcək ssenarilərinə də toxunan Pəhləvi bildirib ki, hakimiyyət dəyişikliyi baş verərsə, İran Avropa ilə enerji sahəsində əməkdaşlığa açıq olacaq. Onun sözlərinə görə, İran nefti Avropa bazarlarına ixrac edilə bilər, Tehran İsraili dövlət kimi tanıya bilər və nüvə proqramı məsələsində Qərblə razılaşma yoluna gedilə bilər.
Analitiklər bu yürüşü və səslənən mesajları İran müxalifətinin xaricdə artan fəallığının və beynəlxalq gündəmə təsir etmək cəhdlərinin növbəti göstəricisi kimi dəyərləndirirlər.