Kallas: Rusiya supergüc deyil
Avropadiplomatiyasının rəhbəri Kaya Kallas Rusiyanın mövcud vəziyyəti ilə bağlı sərt açıqlamalar verib. Onun sözlərinə görə, Rusiya artıq supergüc hesab edilə bilməz və Ukraynaya qarşı uzunmüddətli müharibə ölkəni ciddi şəkildə zəiflədib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Kallas bildirib ki, on ildən artıq davam edən münaqişə, o cümlədən Ukraynada dörd il davam edən genişmiqyaslı müharibəyə baxmayaraq, Rusiya faktiki olaraq 2014-cü il cəbhə xətlərindən kənara ciddi irəliləyiş əldə edə bilməyib. “Bunun bədəli isə olduqca ağırdır – təxminən 1,2 milyon insanın ölümü və ya yaralanması”, – deyə o vurğulayıb.
Onun fikrincə, bu gün Rusiya iqtisadi baxımdan zəif vəziyyətdədir: ölkə Avropanın enerji bazarlarından getdikcə təcrid olunur, iqtisadiyyat ciddi zərbə alıb, minlərlə Rusiya vətəndaşı isə ölkəni tərk edir.
Kallas Rusiyanın hazırda yaratdığı ən böyük təhlükənin hərbi meydanda əldə edə bilmədiklərini danışıqlar masasında qazanmaq cəhdi olduğunu bildirib. O qeyd edib ki, əgər Ukraynanın silahlı qüvvələrinin sayı və imkanları məhdudlaşdırılacaqsa, eyni məhdudiyyətlər Rusiyaya da tətbiq olunmalıdır.
Açıqlamada həmçinin vurğulanıb ki, Rusiyanın Ukraynaya vurduğu ziyana görə kompensasiya ödəməsi vacibdir. “Hərbi cinayətlərə görə heç bir amnistiya olmamalıdır. Deportasiya edilmiş ukraynalı uşaqlar geri qaytarılmalıdır. Əgər Rusiya həqiqətən sülh istəyirsə, minimum olaraq bunlarla razılaşmalıdır”, – deyə Kallas əlavə edib.
Bu açıqlamalar Qərb siyasi dairələrində Rusiyaya qarşı mövqenin daha da sərtləşdiyini göstərən mühüm mesaj kimi qiymətləndirilir.
19:39 15.02.2026
Oxunuş sayı: 584