Gürcüstanda Azərbaycan dilli məktəblərin 20 illik problemi: Hökumətə müraciət olundu
Ana dili təkcə ünsiyyət vasitəsi deyil, bir xalqın mədəni yaddaşı, tarixi varlığı və gələcək nəsillərə ötürdüyü mənəvi irsdir. Dövlətlərin demokratik inkişaf səviyyəsi isə onların öz vətəndaşlarının dil və mədəni hüquqlarına necə yanaşması ilə ölçülür. Xüsusilə, çoxmillətli cəmiyyətlərdə ana dilində təhsilin qorunması yalnız pedaqoji məsələ deyil, həm də sosial ədalət, vətəndaş bərabərliyi və ictimai sabitliyin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır.
Gürcüstanda yaşayan on minlərlə azərbaycanlının ana dilində keyfiyyətli təhsil alma imkanlarının uzun illərdir sistemli şəkildə zəifləməsi isə artıq təkcə bir icmanın deyil, bütövlükdə ölkənin humanitar siyasətinin ciddi müzakirə mövzusuna çevrilmişdir.
Məsələ ilə bağlı Gürcüstanda fəaliyyət göstərən “Maarif” təşkilatının direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Gürcüstanda azərbaycandilli icmanın ana dilində keyfiyyətli təhsil almaq hüququ artıq uzun illərdir sistemli şəkildə məhdudlaşdırılır. İlya Dövlət Universitetindən verilən rəsmi məlumata əsasən, 2005-ci ildə universitet nəzdində fəaliyyət göstərən Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası bağlanmış, 2006-cı ildən isə bu ixtisasa tələbə qəbulu dayandırılmışdır.
Nəticədə artıq 20 ildir ki, Gürcüstanda Azərbaycan dili və ədəbiyyat müəllimləri hazırlanmır. Bu fakt ölkədə fəaliyyət göstərən yüzlərlə azərbaycandilli məktəbdə ciddi kadr çatışmazlığı yaratmış, ana dilində təhsilin keyfiyyətinə birbaşa zərbə vurmuşdur.
Hazırda Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə Azərbaycan dilini tədris edən müəllimlərin bir hissəsinin ali təhsili yoxdur, onların yalnız orta məktəb səviyyəsində təhsili vardır, böyük əksəriyyəti isə qeyri ixtisas fənn müəllimləridir. Son iyirmi il ərzində yeni kadrların hazırlanmadığı şəraitdə məktəb direktorları məcbur qalaraq Azərbaycan dili və ədəbiyyat fənnini ixtisası olmayan şəxslərə və ya yalnız orta məktəbi bitirmiş şəxslərə həvalə edirlər. Bu vəziyyət tədrisin keyfiyyətini aşağı salır, şagirdlərin ana dilində savadlılıq səviyyəsini zəiflədir və Azərbaycan dilinin məktəb mühitindən sıxışdırılaraq məişət dili səviyyəsinə enməsinə səbəb olur”.
A.İsayeva müqayisə üçün bildirib ki, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti nəzdində ermənişünaslıq ixtisası fəaliyyət göstərir və bu proqramı bitirən məzunlar ermənidilli məktəblərdə müəllim kimi çalışa, sertifikasiya imtahanlarında iştirak edərək baş müəllim statusu ala və nəticədə maaşlarını iki üç dəfə artıra bilirlər.
“Lakin Gürcüstanda Azərbaycan dili və ədəbiyyat üzrə heç bir ali təhsil proqramı olmadığı üçün bu fənni tədris edən müəllimlər sertifikasiya imtahanlarından uğurla keçsələr belə baş müəllim statusu əldə edə bilmirlər, işaxtaran proqramına qoşula bilmir, bir illik altmış kreditlik proqramlarda iştirak etmək imkanından məhrum olurlar. Hətta Qafqazşünaslıq ixtisasını bitirən və Azərbaycan dili üzrə sertifikasiya imtahanından keçid baryerini aşan şəxslərə belə müvafiq status verilmir və onlar aşağı maaşla işləməyə məcbur qalırlar.
Ortaya ciddi suallar çıxır nəyə görə, Gürcüstanın dövlət universitetlərində Azərbaycan dili və ədəbiyyat müəllimləri hazırlanmır bu sahədə yaranmış boşluğa görə məsuliyyəti Gürcüstan dövləti daşımırmı? Bu siyasət Gürcüstan vətəndaşı olan azərbaycanlıların ana dilində təhsil alma hüququnun sistemli şəkildə məhdudlaşdırılması və diskriminasiyası deyilmi? Azərbaycandilli məktəblərin nəzdində bir nəfərin istəyi ilə gürcü sektoru açmaq üçün böyük vəsaitlər ayrıldığı halda on minlərlə azərbaycanlının ana dilində keyfiyyətli təhsil alma hüququnun iyirmi ildir təmin edilməməsi necə əsaslandırıla bilər".
O, həmçinin bu vəziyyətin Gürcüstan vətəndaşı olan azərbaycanlıların dil hüquqlarının pozulması ilə yanaşı, onların sosial və peşə inkişaf imkanlarını da məhdudlaşdırır və uzunmüddətli perspektivdə ölkədə mədəni və dil müxtəlifliyinə ciddi zərbə vurduğunu qeyd edib:
"Gürcüstan dövlətinə və təhsil qurumlarına çağırış edirik ki, dövlət universitetlərində Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası bərpa edilsin və yeni kadrların hazırlanmasına dərhal başlanılsın, Bu istiqamətdə mən şəxsən proqramların hazırlanmasında mütəxəssislərin cəlb edilməsində və metodik bazanın qurulmasında fəal iştirak etməyə hazıram eyni zamanda bu mövzu üzrə Creativ Education beynəlxalq elmi jurnalında dərc olunmuş empirik məqaləmdə problemin səbəbləri və həlli yolları ətraflı şəkildə təqdim olunmuşdur".
Qeyd edək ki, “Maarif” təşkilatının direktoru Aygül İsayeva Gürcüstanda “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının, eləcə də dövlət universitetlərində 1 illik, 60 kreditlik Azərbaycan dili istiqamətinin açılması ilə bağlı dövlət qurumlarına – Baş nazir İrakli Kobaxidzeyə, Təhsil və Elm naziri Givi Mikanadzeyə, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşviliyə, Parlamentin Elm, Təhsil və Gənclər Komitəsinin sədri Mariam Laşxiyə və Gürcüstanın Xalq Müdafiəçisi Levan İsolianiyə müraciət də ünvanlayıb.
Elmir Heydərli
11:10 13.02.2026
Oxunuş sayı: 2621