Təhsilin İnkişafı Fondu və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
Təhsilin İnkişafı Fondu və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb.
Akademiya, həmçinin TələbəPlus layihəsinə qoşulub. Xatırladaq ki, ötən il Kapital Bank, Təhsilin İnkişafı Fondu və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında bağlanan memoranduma əsasən, TələbəPlus layihəsi start götürüb. Layihə tələbələrə yüzlərlə tərəfdaş mağazada endirimlərdən yararlanmaq imkanı yaradır və təqaüd, bank kartı, eləcə də universitetlərə giriş-çıxış funksiyalarını birləşdirərək bütün bu imkanları vahid kartda cəmləşdirir.
Tədbiri giriş sözü ilə açan Milli Aviasiya Akademiyasının birinci prorektoru Ədalət Səmədov qonaqlara təhsil ocağının fəaliyyəti, strukturu və inkişaf mərhələləri barədə məlumat verib.
Daha sonra prorektor Gülnarə Əhmədova Akademiyanın rektoru, akademik Arif Paşayevin Azərbaycan elminin, xüsusilə mülki aviasiya sahəsinin inkişafındakı töhfələrindən söhbət açıb.
Gənclərin maliyyə savadlılığının artırılmasına yönələn layihə ilə bağlı çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli bildirib ki, TələbəPlus layihəsinin əsas məqsədi tələbələri dəstəkləmək, onların sosial rifahını yaxşılaşdırmaq və təhsillərinə daha çox vaxt ayırmaları üçün əlverişli şərait yaratmaqdır. Onun sözlərinə görə, Milli Aviasiya Akademiyasının layihəyə qoşulması ilə ali təhsil müəssisələrinin sayı 27-yə çatıb, layihədən faydalanan tələbələrin sayı isə 200 mindən çoxdur.
Bir ekosisteminin və Kapital Bank-ın Baş İcraçı direktoru Fərid Hüseynov isə Akademiya ilə əməkdaşlığın bankın gələcəyə baxışını daha da gücləndirildiyini vurğulayıb. “Bu gün imzaladığımız memorandum əməkdaşlığımızı yeni mərhələyə daşıyır. Biz istəyirik ki, tələbələriniz sabahın mütəxəssisləri kimi yetişərkən bizim ekosistemin imkanlarından, təcrübə proqramlarımızdan və real layihələrimizdən maksimum faydalansınlar”.
Təhsilin İnkişafı Fondu və tərəfdaş qurumlar TələbəPlus layihəsi çərçivəsində ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsini və tələbələr üçün təqdim olunan imkanların artırılmasını davam etdirməyi planlaşdırır. Layihənin əhatə dairəsinin genişlənməsi gənclərin daha əlçatan, funksional və müasir imkanlardan yararlanmasına, eləcə də universitet-biznes əməkdaşlığının daha da möhkəmlənməsinə töhfə verəcək.
11:47 06.02.2026
Oxunuş sayı: 472