Azərbaycan və Özbəkistan arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsində qiymətləndirmək olar -ZAHİD ORUC
Azərbaycanla Özbəkistan arasında formalaşmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri regional əməkdaşlığın mühüm sütunlarından birinə çevrilməkdədir. İki ölkə arasında yüksəksəviyyəli siyasi dialoq və institusional əlaqələr qarşılıqlı etimadın möhkəmlənməsinə, eləcə də uzunmüddətli əməkdaşlıq mexanizmlərinin sistemli şəkildə inkişafına xidmət edir.
Bu kontekstdə tərəflər arasında keçirilən son məsləhətləşmələr gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qarşıdakı dövr üçün birgə prioritetlərin razılaşdırılması Azərbaycan–Özbəkistan münasibətlərinin daha da dərinləşməsinə və regional sabitliyə töhfə verən yeni təşəbbüslərin formalaşmasına zəmin yaradır.
Milli Məclisin İnsan Hüquqları Komitəsinin Zahid Oruc ikitərəfli münasibətlərin perspektivi barədə Crossmedia.az-a müsahibə verib:
— Azərbaycan – Özbəkistan əlaqələrinin mövcud səviyyəsini və gələcək inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?
— Azərbaycan və Özbəkistan arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsində qiymətləndirmək olar. Bu əlaqələr təsadüfi deyil, tarixi, mədəni və siyasi dəyərlərə əsaslanan, ardıcıl və məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbədən sonra regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda Bakı–Daşkənd xətti yeni mərhələyə qədəm qoyub. Türk Dövlətləri Təşkilatının beynəlxalq siyasi platforma kimi güclənməsi də bu münasibətlərin daha geniş miqyasda inkişafına zəmin yaradıb. Bu gün biz iki ölkə arasında nəqliyyat, enerji, iqtisadiyyat, hərbi-texniki və mədəni sahələrdə intensiv dialoqu və qarşılıqlı etimadı müşahidə edirik. Dövlət başçılarının şəxsi münasibətləri və siyasi iradəsi bu proseslərin əsas hərəkətverici qüvvəsidir. Bütün bunlar göstərir ki, Bakı–Daşkənd əlaqələri artıq yalnız ikitərəfli deyil, regional güc statusu qazanan geosiyasi əməkdaşlıq modelinə çevrilməkdədir.
— 2026-cı il üçün planlaşdırılan əsas tədbirlər iki ölkə arasında hansı sahələrdə əməkdaşlığın daha da dərinləşəcəyini göstərir?
— 2026-cı il üçün nəzərdə tutulan tədbirlər Azərbaycan–Özbəkistan əməkdaşlığının daha çox logistika, tranzit, enerji təhlükəsizliyi, sənaye, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat və nəqliyyat dəhlizləri üzrə dərinləşəcəyini göstərir. Orta Dəhlizin genişlənməsi, Avropa İttifaqının “Qlobal Qapılar” təşəbbüsü və “Bir kəmər – bir yol” layihəsi çərçivəsində Azərbaycanın və Özbəkistanın tranzit ölkə kimi rolunun artması bu əməkdaşlığa yeni strateji çəki verir. Eyni zamanda, Zəngəzur dəhlizinin perspektivi, Ermənistanla sülh gündəliyinin irəliləməsi, regional kommunikasiyaların açılması bu əlaqələri daha da praktik və iqtisadi cəhətdən səmərəli edəcək. Bu tədbirlər iki ölkənin yalnız tərəfdaş deyil, vahid regional inkişaf platformasının aparıcı aktorları olduğunu göstərir.
— Bu əməkdaşlığın regional sabitlik və iqtisadi inteqrasiya baxımından əhəmiyyətini necə dəyərləndirirsiniz?
— Azərbaycan–Özbəkistan əməkdaşlığı Orta Asiya ilə Cənubi Qafqaz arasında sabitlik körpüsü rolunu oynayır. Bu münasibətlər regionda ticarət dövriyyəsinin artmasına, enerji və nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsinə, yeni iqtisadi marşrutların formalaşmasına xidmət edir. Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi sülh strategiyası regionda qarşılıqlı etimad mühitinin yaranmasına təkan verir. Bu isə Orta Asiya ölkələrinin də iqtisadi və siyasi maraqlarına uyğundur. Qazaxıstan taxılının, Rusiya məhsullarının Azərbaycan üzərindən tranziti, Ermənistan bazarına çıxışı artıq regional inteqrasiyanın real nəticəsi kimi qiymətləndirilə bilər. Bu proseslər cəmiyyətlər tərəfindən də müsbət qarşılanır.
— Azərbaycan və Özbəkistan arasında humanitar, xüsusilə də təhsil sahəsində əməkdaşlığın hazırkı durumunu necə qiymətləndirirsiniz?
— Humanitar və təhsil sahəsində əməkdaşlıq iki ölkə arasında münasibətlərin ən dayanıqlı və uzunmüddətli əsasını təşkil edir. Bu gün hər iki ölkədə minlərlə tələbə qarşılıqlı şəkildə təhsil alır. Diplomların tanınması, universitetlərarası memorandumlar, birgə proqramlar və Türk Akademiyası çərçivəsində aparılan elmi tədqiqatlar bu sahədə institusional baza formalaşdırıb. “Türk Barometri” kimi layihələr isə cəmiyyətlərin bir-birini daha yaxşı tanımasına, ortaq tarixi və mədəni yaddaşın gücləndirilməsinə xidmət edir. Bu, təkcə təhsil deyil, eyni zamanda yumşaq güc və uzunmüddətli strateji yaxınlaşma modelidir.
— Bakı–Daşkənd əlaqələrinin Türk Dövlətləri Təşkilatına verdiyi töhfələri necə dəyərləndirirsiniz?
— Bakı–Daşkənd xətti Türk Dövlətləri Təşkilatının siyasi subyektliyinin möhkəmlənməsində əsas dayaqlardan biridir. Bu münasibətlər göstərir ki, TDT artıq yalnız mədəni platforma deyil, regional güc mərkəzinə çevrilmək potensialına malik beynəlxalq aktordur. İqtisadi, nəqliyyat, təhlükəsizlik və təhsil sahələrində birgə təşəbbüslər təşkilatın real funksional mexanizmə çevrilməsinə töhfə verir. Bu isə türk dünyasının qlobal geosiyasi proseslərdə rolunu gücləndirir.
Elmir Heydərli
14:48 05.02.2026
Oxunuş sayı: 1160