"X"in Fransa ofislərində axtarışlar aparılır
Paris prokurorluğunun kibercinayətkarlıqla mübarizə bölməsi X sosial şəbəkəsinin Fransadakı ofislərində axtarışlar aparır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Le Parisien Paris prokurorluğunun bəyanatına istinadən məlumat verilib.
Məlumata görə, axtarışlar 2025-ci ilin yanvarında başlanmış istintaq çərçivəsində Paris Baş Prokurorluğunun Kibercinayətkarlıqla Mübarizə Şöbəsi və Europolun birgə iştirakı ilə həyata keçirilir.
Fransa hakimiyyəti X platformasını xarici müdaxilə məqsədilə alqoritmin saxtalaşdırılmasında şübhəli bilir. İttihamlara mütəşəkkil qrup tərəfindən avtomatlaşdırılmış məlumatların emalı sisteminin pozulması, eləcə də həmin sistemdən məlumatların qanunsuz çıxarılması daxildir.
Fransız tənzimləyicilər mütəxəssislərin araşdırma aparması üçün X-in tövsiyə alqoritminə və platformadakı bütün istifadəçi paylaşımlarının real vaxt məlumatlarına giriş tələb ediblər. Lakin şirkət “konkret ittihamlardan xəbərsiz olduğunu” bildirərək bu tələbi yerinə yetirməkdən imtina edib və ittihamları siyasi motivli adlandırıb.
Paris prokurorluğu İlon Maskı X sosial şəbəkəsi ilə bağlı aprelin 20-nə planlaşdırılan iş üzrə “sərbəst dindirməyə” dəvət edib. Eyni çağırış X şirkətinin keçmiş baş direktoru Linda Yaccarinoya da edilib.
16:51 03.02.2026
Oxunuş sayı: 658