KİV: Ukraynada atəşkəs pozularsa, Qərbin hərbi cavabı hazırdır
Ukrayna Qərb tərəfdaşları ilə Rusiyanın mümkün atəşkəs pozuntularına qarşı çoxqatlı cavab mexanizmi barədə razılığa gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
Plan Rusiyanın gələcək atəşkəs razılaşmasını pozacağı təqdirdə Avropa və ABŞ tərəfindən əlaqələndirilmiş hərbi cavabın verilməsini nəzərdə tutur.
Məlumata əsasən, razılaşmaya görə, atəşkəs pozularsa, ilkin mərhələdə 24 saat ərzində diplomatik xəbərdarlıq ediləcək və Ukrayna ordusu pozuntunun qarşısını almaq üçün zəruri tədbirlər görəcək.
Əgər döyüşlər davam edərsə, ikinci mərhələdə bir sıra Avropa İttifaqı üzv ölkələrini, həmçinin Birləşmiş Krallıq, Norveç, İslandiya və Türkiyəni əhatə edən “könüllülər koalisiyası”nın qüvvələrinin cəlb olunması planlaşdırılır.
Mənbələrin bildirdiyinə görə, əgər pozuntu ilkin hadisədən 72 saat sonra daha genişmiqyaslı hücuma çevrilərsə, üçüncü mərhələdə ABŞ qoşunlarının da daxil olduğu Qərb qüvvələri tərəfindən əlaqələndirilmiş hərbi cavab tədbiri görüləcək. Bu çərçivədə Avropa qoşunlarının ABŞ-ın dəstəyi ilə Ukrayna ərazisinə yerləşdirilməsi də nəzərdən keçirilir.
Qəzet yazır ki, Ukrayna, Avropa və ABŞ rəsmiləri bu planı ötən ilin dekabrı və bu ilin yanvarında müxtəlif formatlarda keçirilən görüşlərdə müzakirə ediblər. Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfəri zamanı Prezident Donald Trampla görüşündə də Ukraynanın hansı təhlükəsizlik təminatlarına hazır olduğu məsələsinin gündəmə gətirildiyi qeyd olunur.
Bununla belə, razılaşmanın bir sıra detalları hələ də qeyri-müəyyən olaraq qalır. Xüsusilə təhlükəsizlik zəmanətlərinin yalnız davamlı və real atəşkəs əldə edildikdən sonra qüvvəyə minəcəyi vurğulanır.
Qeyd olunur ki, Rusiya daha əvvəl ABŞ və Ukrayna arasında müzakirə edilən təhlükəsizlik zəmanətlərini rədd edib. Moskva, həmçinin müharibəyə son qoyulması ilə bağlı hərtərəfli razılaşma əldə olunmadan atəşkəsə razılaşmayacağını və Qərb qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsini qəbul etməyəcəyini bəyan edib.
14:08 03.02.2026
Oxunuş sayı: 465