Onlayn reklamlarla bağlı sərt qaydalar tətbiq edilib
Vyetnam yeni onlayn reklam qanununu qəbul edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yeni qaydalara əsasən, internet istifadəçilərinin reklamlarla bağlı qarşılaşdığı məhdudiyyətlər xeyli azaldılır.
Qanuna görə, YouTube daxil olmaqla onlayn platformalarda yayımlanan reklamlar istifadəçini 5 saniyədən artıq gözləməyə məcbur edə bilməz. Reklamı buraxmaq üçün nəzərdə tutulan düymə böyük, aydın və asanlıqla nəzərə çarpan olmalıdır.
Eyni zamanda, bütün açılan pəncərələrin yalnız bir kliklə bağlanması məcburi edilir. Bağlama düyməsini təqlid edən saxta “X” işarələrinin istifadəsi qadağan olunur. Yeni qaydalar həmçinin bütün onlayn reklamlarda istifadəçilərin şikayət edə bilməsi üçün xüsusi düymənin olmasını tələb edir.
Rəsmi məlumata görə, bu tələblərə əməl etməyən veb-saytlar və platformalar ölkə ərazisində qadağan edilə bilər. Hökumət bildirir ki, məqsəd istifadəçi hüquqlarını qorumaq, manipulyativ və aldadıcı reklam təcrübələrinin qarşısını almaqdır.
13:09 03.02.2026
Oxunuş sayı: 499