Pezeşkian ABŞ ilə mümkün danışıqların nəzərdən keçirildiyini təsdiqləyib
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə mümkün danışıqların nəzərdən keçirilməsi ilə bağlı göstəriş verdiyini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında məlumat verib.
Pezeşkian bildirib ki, ABŞ prezidentinin danışıqlar təklifinə cavab verilməsi ilə bağlı bölgədəki dost dövlətlərin müraciətləri nəzərə alınaraq, İranın xarici işlər nazirinə müvafiq tapşırıq verilib. Məqsəd ədalətli və bərabər danışıqlar üçün zəmin hazırlamaqdır.
Prezidentin sözlərinə görə, mümkün danışıqlar prosesi milli maraqlar çərçivəsində, ləyaqət, müdriklik və məqsədəuyğunluq prinsiplərinə əsaslanmalı, eyni zamanda təhdidlərdən və əsassız gözləntilərdən uzaq bir mühitdə həyata keçirilməlidir.
Qeyd edək ki, bir gün əvvəl Məsud Pezeşkianın ABŞ ilə danışıqlara başlamaqla bağlı rəsmi göstəriş verdiyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, mümkün təmasların İranın xarici işlər naziri Abbas Əraqçı ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof arasında Türkiyədə keçirilməsi nəzərdə tutulur.
12:20 03.02.2026
Oxunuş sayı: 544