İran XİN başçısından Avropaya sərt ittihamlar: Gərginliyi alovlandıran sizsiniz
İranın xarici işlər naziri Abbas Əraqçi Avropa İttifaqını Yaxın Şərqdə gərginliyi artırmaqda və yanlış strateji qərarlar verməkdə ittiham edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
O bildirib ki, hazırda bir sıra ölkələr bölgədə genişmiqyaslı müharibənin qarşısını almağa çalışsa da, bu prosesdə Avropa dövlətləri iştirak etmir.
Əraqçinin sözlərinə görə, Avropa əksinə, ABŞ-nin tələbi ilə “snapback” mexanizmini işə salmağa cəhd edib. İranın Milli Ordusunu terror təşkilatı kimi təqdim etməklə növbəti böyük strateji səhvə yol verir.
İran XİN rəhbəri bu yanaşmanın bölgədə mümkün genişmiqyaslı müharibə riskini artırdığını vurğulayıb.
Nazir qeyd edib ki, belə bir müharibənin enerji qiymətlərinin kəskin artması da daxil olmaqla zəncirvari təsirləri birbaşa Avropa qitəsinə ciddi zərbə vuracaq.
Onun fikrincə, Avropa İttifaqının (Aİ) hazırkı mövqeyi öz maraqlarına ziddir və Avropa xalqları hökumətlərinin təqdim etdiyindən daha yaxşı siyasətə layiqdir.
Əraqçi həmçinin bildirib ki, Aİ Qəzzada İsrailin həyata keçirdiyi zorakılıqlara reaksiya vermir. Lakin İranda insan haqlarını müdafiə etmək adı altında tələsik addımlar atır.
O, bu yanaşmanı Avropanın siyasi tənəzzülünü gizlətməyə yönəlmiş PR xarakterli gediş kimi qiymətləndirib.
20:57 29.01.2026
Oxunuş sayı: 841