Ukraynaya qarşı müharibədə iştirak edən rus hərbçilərinin Avropaya girişi qadağan oluna bilər
Estoniya Avropa İttifaqına(Aİ) Ukraynaya qarşı müharibədə iştirak edən bütün Rusiya hərbi qulluqçularının ölkəyə girişini qadağan etməyi təklif edib. Bu təklif artıq nəzərdən keçirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Brüsseldə keçirilən Aİ Xarici İşlər Şurasının iclasından əvvəl bildirib .
Estoniyalı nazir qeyd edib ki, Aİ hazırda təşkilat ölkələrinin aradan qaldırmalı olduğu yeni bir çətinliklə üzləşir.
Onun sözlərinə görə, Rusiyada Ukraynada döyüşən və ya döyüşməyə davam edən təxminən bir milyon kişi var. Onların əksəriyyəti cinayətkar və çox təhlükəli insanlardır.
"Onların əksəriyyətinin müharibədən sonra Avropaya gələcəyi barədə məlumatımız var və Avropa buna hazır deyil. Söhbət cinayətkar, təcavüzkar, həqiqətən pis insanlar olan insanlardan gedir. Biz bu insanların qara siyahısını yaratmalı və onların Şengen ölkələrinə girişini qadağan etməliyik. Sözügedən məsələni bu gün Şurada müzakirəyə çıxardım", - deyə Tsahkna qeyd edib.
Xarici işlər naziri qeyd edib ki, Estoniya artıq bu məsələni həll etməyə başlayıb.
Lakin problemin tam həlli yalnız bütün Aİ ölkələrinin köməyi ilə mümkündür.
Xatırladaq ki, bu yaxınlarda Estoniya hakimiyyətinin Ukraynaya qarşı müharibədə rus döyüşçüləri tərəfində vuruşan 260-dan çox insanın ölkəyə girişini qadağan olunduğunu bildirilmişdi.
Nazir Estoniya hakimiyyətinin keçmiş rus döyüşçülərinin üzünə qapıları bağlı saxlamaq üçün çalışmağa davam edəcəyinə söz verib.
O, həmçinin digər ölkələri də oxşar məhdudiyyətlərə qoşulmağa çağırdı.
18:40 29.01.2026
Oxunuş sayı: 519