Qəfil qıcolmalar can alır: Həkimlərdən həyati XƏBƏRDARLIQ
Son dövrlər uşaqlar arasında qıcolma hallarının artması valideynlər və ictimaiyyət üçün ciddi narahatlıq mənbəyinə çevrilib. Əksər hallarda qəfil başlayan, gözlənilməz şəkildə baş verən bu vəziyyət bir çox ailə üçün təşviş, qorxu və çaşqınlıq yaradır. Tibbdə müxtəlif səbəblərlə izah edilən qıcolmalar bəzən zərərsiz görünsə də, müəyyən hallarda ağır fəsadlara, hətta ölümə qədər gedib çıxan nəticələr doğura bilir. Xüsusilə azyaşlı uşaqlarda müşahidə olunan bu hallar vaxtında və düzgün müdaxilə olunmadıqda təhlükəli məcraya yönələ bilər.
Gəncə şəhərində 5 yaşlı uşağın qıcolma nəticəsində həyatını itirməsi məsələni yenidən gündəmin ön sıralarına çıxarıb. Hadisə cəmiyyətdə dərin təəssüf doğurmaqla yanaşı, qıcolmaların mahiyyəti, yaranma səbəbləri və riskləri ilə bağlı sualları da aktuallaşdırıb. Valideynlərin əksəriyyəti bu cür vəziyyətlə qarşılaşdıqda nə edəcəyini bilmədiyini, bəzən isə ilkin əlamətləri düzgün qiymətləndirmədiyini etiraf edir.
Mütəxəssislərin sözlərinə görə, qıcolmalar təkcə epilepsiya ilə əlaqəli olmur. Qızdırmaya bağlı febril qıcolmalar, maddələr mübadiləsinin pozulması, infeksiyalar, sinir sistemi xəstəlikləri və digər səbəblər də bu halın yaranmasına yol aça bilər. Lakin cəmiyyət arasında qıcolmalarla bağlı kifayət qədər məlumatın olmaması, yanlış inanclar və gecikmiş tibbi müdaxilə riski daha da artırır.
Bəs qıcolma nədir? Hansı hallarda təhlükəli sayılır? Valideynlər uşaqlarında qıcolma əlamətlərini gördükdə necə davranmalıdır? Qıcolmaların qarşısını almaq mümkündürmü və bu cür hallarda vaxtında tibbi yardım həyati əhəmiyyət daşıyırmı? Məsələ ilə bağlı pediatr və nevroloq Crossmedia.az saytına açıqlama verib...
Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev bildirib ki, bu xəstəlik dünyada ayrı-ayrı ölkələrdə geniş yayılıb: "Xüsusən inkişafdan geri olan, təminatı zəif olan ölkələrdə belə xəstəlik daha çox olur. Burada söhbət birinci növbədə ondan gedir ki, insanda sinir sistemində olan elektrik pozğunluğudur, belə ki, sinir də bir elektrikdir. Yəni beyində olan elektrik pozuntuları, sinirin əlaqələri, sinir hüceyrələri, neyronlar pozulur və müxtəlif hallar ortaya çıxır. Sinir hüceyrələrindəki elektrik impulslarının beyində pozulması bu halı göstərir. Bu müxtəlif variantlarda olur.

Məsələn, şüur itən variantı da var, şüur itməyən variantı da var. Şüur itirsə, özünü sanki yuxuda görür, əllərini əllərinə sürtür, təkrar-təkrar hərəkətlər ortaya çıxır. Amma şüur itməyəndə bu hallar olmur. Bundan əlavə, əzələlərin tonusuna görə müxtəlif tutmalar var: toniki tutmalar, yəni əzələlər sərtləşir, yığılır bir yerə, açılmır. Məsələn, qolumuz normal işləyir. Bir tərəfdən açıq əzələlərdə, bir tərəfdən büküc əzələlər var. Həmin toniki tutulma zamanı həm açıcı, həm bükücü əzələlərdə tonus artır, yəni açılıb-bükülmələr olmur, sərtləşir. Atonia deyə qıcolma da vardır, yəni tonusunu itirmiş əzələlər. Yalnız tonusunu itirsə, insan yeriyə bilmir, yıxılır və özünə nəzarət itir, çünki əzələlər yığılmır, tonusu yoxdur. Digər növləri klinik olaraq mioklonik, yəni əzələlərdə kloniki, qəfil-qısa sıçrayışlar olaraq, yuxarı tərəflərdə, qolda, yuxarı-boyun əzələlərində, üz əzələlərində özünü göstərir. Burada söhbət əsasən əzələləri idarə edən sinir pozuntuları nəticəsində neyronlararası əlaqələrin pozulmasından gedir, birdən əlaqələr güclə ötürülür. Toniki nə deməkdir? Belə ki, müəyyən vaxtdan sonra sakitlik başlamalıdır, sonra yenidən yığılmalıdır, bu normadır. Amma toniki halda isə, yığılıb-boşalma getmir, yığıla-yığıla qalır, tonusu artır. Klinikada bu xəstəliyin konkret adı epilepsiyadır. Yəni beyində olan epileptik tutmalar...
Digər xəstəliklərdə də diabetdə, qan dövranında pozulmalar və digər xəstəliklərdə insanın bədəninin zəifləməsindən ayrı-ayrı əlamətlər ortaya çıxa bilər".
Həkim bundan əlavə vuğulayıb ki, keçmiş SSR-nin ilk antioksidant dərmanı var. Belə ki onun nəticəsində Nobel mükafatları, laureatları var: “Oksispiridin vitamininin əsasında hazırlanmış, antioksidant təsirə malik bir dərmandır. Yəni normadan artıq oksidləşmənin qarşısını alır, hüceyrə səviyyəsində yaranan pozuntuları aradan qaldırır. Bu preparat SSR dövründə yaradılıb. Moskvada kimyaçılar tərəfindən hazırlanıb və universitetdə farmakologiya sahəsində onun üzərində işləmək mənə qismət olub. Həmin universitetdə çalışdığım dövrdə farmakoloji təcrübələr əsasında ilk antioksidant preparat olan Meksidol əldə olundu və mən də bu preparatın sinir sisteminə, o cümlədən epilepsiyaya təsirini araşdırdım. Elmi tədqiqat işim Meksidol preparatının tərkib hissəsi kimi 1985-ci ildə SSR-in Farmakologiya Komitəsi tərəfindən təsdiqləndi.
Yəni bu, Azərbaycan aliminin SSR dövründə tədqiq etdiyi sahədə yaradılmış ilk dərman maddəsidir. Elmi tədqiqatın direktoru, akademik Artur Viktoroviç məni həmin qrupa daxil etdi. Mən əvvəlcə əsəbləşmişdim və bunun səbəbini anlamırdım. Mən həmin qrupda işlədim və ilk antioksidant preparatın həmmüəllifi oldum. Səbəbkar başqa alim olsa da, həmmüəlliflərdən biri mən idim. Bu məlumatı da sizinlə bölüşürəm. Təəssüf ki, hazırda bəzi işlərin ilk antioksidant preparatının səbəbkarı və həmmüəllifi məlum olsa da, bu faktlar heç kimin diqqətinə çatdırılmır. Bu isə artıq tarixdir”.
Pediatr-həkim Şəlalə Poluxovanın sözlərinə görə, qıcolmalar müxtəlif cür ola bilir: "Ümumiyyətlə, qıcolmalar febril ola bilər, yəni qızdırmaya bağlı. Bundan əlavə, afebril dediyimiz, yəni altta yatan epilepsiya səbəbindən və ya metabolik - hər hansı səbəbdən baş verə bilən qıcolmalar mövcuddur ki, bu hallarda heç bir qızdırma olmadan, altda yatan digər səbəblərə bağlı yaranır. Febril qıcolmalar adətən təhlükəsizdir. 6 ayından 6 yaşa qədər uşaqlarda rast gəlinir.

Bəzən yüksək hərarətdə, 37°C-də də nadir hallarda müşahidə olunur, amma daha çox yüksək hərarət olan uşaqlarda baş verir. Bu, mərkəzi sinir sisteminin hələ yetkin olmaması səbəbindən temperaturun qalmasına qarşı baş verən bir cavab reaksiyası kimi qiymətləndirilir. Adətən zərərsizdir. Burada əsas önəmli olan məqam qıcolma zamanı düzgün davranışdır. Qıcolma zamanı uşağın ağızına heç bir əşya qoymaq, dilini tutmağa cəhd etmək və s. qətiyyən tövsiyə edilmir. Uşaq qıcolma keçirirsə, dərhal yan-üstə çevrilməlidir. Paltarları gevşədilməli və vaxta nəzarət edilməlidir. Əsas qayda budur: qıcolma 5 dəqiqədən uzun çəkməməlidir. Əgər qıcolma 5 dəqiqədən az davam edirsə və uşaq oyandıqdan sonra huşunu bərpa edirsə, əvvəlki vəziyyətinə qayıdırsa, bu ciddi problem sayılmır. Sadəcə pediatr müayinəsi kifayətdir. Lazım gələrsə, qan testləri də təyin oluna bilər. Çox hallarda belə hallar zərərsizdir və zamanla keçir".
Pediatr əlavə edib ki, əgər qıcolma 5 dəqiqədən çox davam edirsə, uşaq çox gec oyanır, huşu hələ bərpa olunmayıb və halsızdırsa, təcili yardım çağırılmalıdır və ya uşağı ən yaxın xəstəxanaya aparmaq lazımdır: "Bunun altda yatan səbəbləri araşdırılmalıdır. Hətta qızdırma ilə başlayan və altta yatan digər səbəblərə bağlı qıcolmalar da mövcuddur və onlar da araşdırılmalıdır. Əgər 5 dəqiqədən çox davam edirsə, uşağın vəziyyəti yaxşı deyilsə, huşu süsdürsə, halsızdırsa və yuxuya minnidirsə, bu halda araşdırma tələb olunur. Eləcə də, qızdırma ilə baş verməyən afebril qıcolmalar da araşdırılmalıdır. Burada tək bir səbəb yoxdur".
Fatimə Məmmədova
19:05 29.01.2026
Oxunuş sayı: 650