Həkimdən xəbərdarlıq: Bu dərmanlar arıqlamaq üçün deyil
Son illərdə arıqlama məqsədilə istifadə olunan inyeksiya preparatları bütün dünyada olduğu kimi Azərbaycanda da geniş müzakirə olunur. Mütəxəssislər bu dərmanların piylənmənin müalicəsində effektiv nəticələr verdiyini qeyd etsələr də, onların yalnız həkim nəzarəti altında istifadə edilməsinin vacibliyini vurğulayırlar. Sosial şəbəkələrdə və internet üzərindən bu preparatlara marağın artması isə nəzarətsiz istifadə, saxta dərmanlar və mümkün yan təsirlərlə bağlı narahatlıqları da gündəmə gətirir.

Tibb elmləri doktor, professor Adil Qeybulla Crossmedia.az-a verdiyi açıqlamada cəmiyyətdə geniş yayılan “arıqladan iynə” anlayışının tibbi baxımdan əsası olmadığını bildirib. Onun sözlərinə görə, artıq çəki müstəqil xəstəlik deyil, müxtəlif səbəblərin nəticəsidir və effektiv müalicə üçün öncə həmin səbəbin müəyyənləşdirilməsi vacibdir. “Artıq çəkinin konkret səbəbləri var. Bu, genetik faktorlardan, həyat tərzindən, qidalanma pozuntularından və digər amillərdən qaynaqlana bilər. Peşəkar dietoloq ilk növbədə həmin səbəbləri araşdırır, problemin mənbəyini müəyyənləşdirir və bundan sonra uyğun müalicə və ya pəhriz proqramı seçilir. Ona görə də ‘arıqladan iynə’ deyilən bir anlayış əslində yoxdur”.
A. Qeybulla son illərdə tətbiq olunan bəzi preparatların insulin dirəncinin azaldılması və maddələr mübadiləsinin tənzimlənməsi məqsədi daşıdığını qeyd edib. Lakin o, bu dərmanların arıqlama məqsədilə yaradılmadığını xüsusi olaraq vurğulayıb: “Bəli, hazırda insulin səviyyəsini normallaşdıran, insulinə qarşı rezistentliyi azaldan yeni preparatlar mövcuddur. Lakin onlar arıqlamaq üçün nəzərdə tutulmayıb. Çəkinin azalması həmin preparatların orqanizmdə yaratdığı müəyyən mexanizmlərin nəticəsi kimi baş verir. Şəkərli diabetin müalicəsində istifadə olunan dərmanların əksəriyyətinin əlavə təsirlərindən biri də çəkinin azalmasıdır. Şəkər xəstəliyinin müalicəsində istifadə olunan dərmanların əksəriyyəti müəyyən qədər çəki itkisinə səbəb ola bilər. Amma bu, onların əsas təyinatı deyil”.
Professorun sözlərinə görə, artıq çəkinin idarə olunmasında əsas prinsip qəbul edilən qida ilə sərf olunan enerji arasında balansın yaradılmasıdır. “Bütün müalicə strategiyasının mərkəzində məhz bu dayanmalıdır. Əgər insan qəbul etdiyi enerjidən daha çoxunu sərf etmirsə, heç bir preparat uzunmüddətli və sağlam nəticə verməyəcək”.
Ekspert özbaşına dərman istifadəsinin ciddi sağlamlıq riskləri yaratdığına diqqət çəkib. O bildirib ki, həkim nəzarəti olmadan bu cür preparatlardan istifadə hormonal pozulmalardan ürək-damar problemlərinə qədər bir sıra fəsadlara yol aça bilər:“Təəssüf ki, bəzi insanlar bu dərmanları tanışların, qonşuların və ya sosial şəbəkələrdə verilən məsləhətlərin təsiri ilə qəbul edirlər. Bu isə sonradan daha ağır nəticələrə gətirib çıxara bilər. Qətiyyən tövsiyə olunmur ki, hər hansı şəxs həkim məsləhəti olmadan belə preparatlardan istifadə etsin. Son dövrlərdə müxtəlif qeyri-rəsmi yollarla əldə olunan dərman vasitələrinin reklam və təbliğinin artıb. Bu cür hallar yolverilməzdir və səhiyyə sistemində nəzarət-tənzimləmə mexanizmlərinin gücləndirilməsini tələb edir. Bu preparatları qeyri-rəsmi yollarla əldə edib reklam vasitəsilə insanlara təqdim edənlər var. Belə hallar yolverilməzdir. Bu problem müəyyən mənada səhiyyə sistemindəki nəzarət və tənzimləmə boşluqlarından qaynaqlanır və daha ciddi nəzarət mexanizmlərinin tətbiqinə ehtiyac var”.
Nigar Xəlilli
19:28 01.06.2026
Oxunuş sayı: 52