Biri gedir, o biri gəlir: Çikunqunya virusu Azərbaycanda yayılır?
Son dövrlərdə Çikunqunya virusu dünyanın bir sıra regionlarında yenidən aktiv şəkildə yayılmağa başlayıb və səhiyyə qurumlarının diqqət mərkəzinə çevrilib. Ağcaqanadlar vasitəsilə ötürülən bu virus xüsusilə Afrika, Asiya və Amerika qitəsində yoluxma saylarının artması ilə müşahidə olunur. Bir sıra ölkələrdə isə iqlim şəraiti və daşıyıcı ağcaqanadların geniş yayılması səbəbindən yeni yoluxma halları qeydə alınır.

Sözügedən təhlükə barədə Crossmedia.az-a açıqlama verən Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov xatırladıb ki, Çikunqunya virusu ilk dəfə 1952-ci ildə Şərqi Afrikada aşkarlanıb. Belə ki, bu virus əsasən ağcaqanadlar vasitəsilə yayılır: "Yoluxmuş ağcaqanad insanı dişlədikdə virus tüpürcək vəziləri vasitəsilə qan dövranına daxil olur və xəstəliyə səbəb olur. Adətən xəstəliyin əlamətləri yoluxmadan sonra 2-10 gün ərzində özünü göstərir. İlk simptomlar əsasən yüksək hərarət, baş ağrısı, ürəkbulanma və ümumi halsızlıqdan ibarət olur. Xəstəliyin ən xarakterik əlamətlərindən biri isə oynaqlarda yaranan güclü ağrılardır. Təbii ki, bu xəstəliyi digər infeksiyalardan fərqləndirmək vacibdir. Çünki oynaqlarda yaranan ağrılar bəzi hallarda poliartritə bənzər klinik mənzərə yarada bilər. Hazırda Çikunqunya virusuna qarşı geniş tətbiq olunan xüsusi peyvənd mövcud deyil. Müalicə isə əsasən dəstəkləyici xarakter daşıyır. Yəni xəstədə müşahidə olunan simptomlara uyğun müalicə aparılır. Hərarət olduqda hərarətsalıcı preparatlardan, digər şikayətlər zamanı isə həkim təyinatına uyğun müalicə üsullarından istifadə edilir".
Mütəxəssis virusun laborator diaqnostikasının qanda immunoloji göstəricilərin, o cümlədən immunoqlobulinlərin təyin olunması ilə aparıldığını qeyd edib: "Analizlərin nəticələri yüksək olduqda şəxsin Çikunqunya virusuna yoluxduğu müəyyən edilə bilər. Bu virus daha çox tropik və subtropik bölgələrdə, xüsusilə su hövzələrinin yaxınlığında yaşayan insanlar arasında rast gəlinir. Belə ərazilərdə ağcaqanadların çox olması yoluxma riskini artırır. Buna görə də qoruyucu tədbirlərə əməl etmək və diqqətli olmaq vacibdir".
F.Museyibov virusun Azərbaycanda yayılma ehtimalı barədə bildirib ki, bu ehtimal hazırda kifayət qədər aşağı qiymətləndirilir: "Çünki xəstəliyin əsas daşıyıcıları olan ağcaqanad növləri ölkəmizdə geniş yayılmayıb. Buna görə də Çikunqunya virusunun Azərbaycanda geniş yayılması hazırda çox aşağı ehtimallı hesab olunur".
Fatimə Məmmədova
20:10 01.06.2026
Oxunuş sayı: 64