Ebola sürətlə yayılır: 177 ölüm, yüzlərlə yoluxma qeydə alınıb
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyası ilə bağlı ictimai sağlamlıq riskinin artdığını açıqlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, nadir rast gəlinən Bundibugyo ştammının səbəb olduğu xəstəlik artıq 177 şübhəli ölümə və 750-dən çox yoluxma halına gətirib çıxarıb. Virusun bu növü yoluxanların təxminən üçdə birinin həyatına son qoyur və hazırda ona qarşı təsdiqlənmiş peyvənd mövcud deyil.
Epidemiyanın sürətlə yayılmasına ölkənin şərq bölgələrində davam edən münaqişələr də ciddi təsir göstərir. Bu vəziyyət tibbi qrupların əraziyə çıxışını və nəzarət tədbirlərini çətinləşdirir. Yoluxmanın qarşısını almaq məqsədilə yerli hakimiyyət orqanları ənənəvi dəfn mərasimlərini qadağan edib. Çünki bu mərasimlərdə yoluxmuş meyitlərlə təmas yoluxma riskini artırır.
Qadağalara etiraz edən bəzi sakinlərin, cəsədin yoluxma riski səbəbilə təhvil verilməməsindən sonra xəstəxana çadırlarını yandırdığı bildirilir.
Ümumdünya Səhiyyə Təşkilatı bölgəyə 11 ton tibbi ləvazimat və 60 milyon dollar maliyyə dəstəyi göndərib. Bununla belə, ekspertlər virusun sosial və nəqliyyat şəbəkələri vasitəsilə sürətlə yayıla biləcəyi barədə xəbərdarlıq edirlər.
Qeyd edək ki, Oksford Universitetinin alimləri yeni peyvənd üzərində çalışırlar və onun yaxın iki-üç ay ərzində klinik sınaqlara çıxarılması planlaşdırılır.
08:43 30.05.2026
Oxunuş sayı: 113