LUKOIL-un xarici aktivləri əldən çıxır
Rusiya neft şirkəti LUKOIL xarici aktivlərinin böyük hissəsinin "The Carlyle Group" tərəfindən alınması ilə bağlı razılıq əldə edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, tərəflər artıq prinsipial razılaşmaya gəlib və müqaviləni bağlamağa hazırdırlar. Sövdələşmə Qazaxıstandakı layihələr istisna olmaqla, LUKOIL-un bütün xarici aktivlərini əhatə edəcək.
Müqavilənin dəqiq məbləği açıqlanmayıb. Bununla belə, qeyd olunur ki, LUKOIL-un xarici aktivləri əvvəllər endirim tətbiq olunmadan təxminən 22 milyard dollar dəyərində qiymətləndirilirdi. Hazırda tərəflər sövdələşmənin tamamlanması üçün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) təsdiqini gözləyir.
Mənbələr bildirir ki, The Carlyle Group-un nüfuzu və siyasi-diplomatik əlaqələri bu prosesdə mühüm rol oynaya bilər. Fondun keçmiş və ya hazırkı əməkdaşları arasında ABŞ-nin 41-ci prezidenti Corc H. W. Buş, onun oğlu – ABŞ-nin 43-cü prezidenti Corc Buş, ABŞ-nin sabiq müdafiə naziri və MKİ-nin keçmiş direktor müavini Frank Karluççi, ABŞ-nin keçmiş dövlət katibi Ceyms Beyker və Böyük Britaniyanın keçmiş baş naziri Con Meycor yer alıb.
Ekspertlər hesab edir ki, belə geniş siyasi və inzibati resurslara malik strukturun OFAC-dan müsbət qərar alma ehtimalı yüksəkdir.
14:54 29.01.2026
Oxunuş sayı: 649