İran şərt qoydu: ABŞ ilə danışıqlar yalnız bu halda mümkün olacaq
İran ABŞ ilə danışıqlara açıqdır, lakin bu proses beynəlxalq normalar çərçivəsində və səmimi niyyətlə aparılmalıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf CNN telekanalına müsahibəsində bildirib.
Qalibafın sözlərinə görə, Tehran prinsip etibarilə Vaşinqtonla dialoqa qarşı deyil:
“Əgər danışıqlar beynəlxalq normalara uyğun və səmimi məqsədlərlə aparılarsa, İran buna hazırdır”, – deyə o qeyd edib.
Eyni zamanda parlament sədri ABŞ prezidenti Donald Trampın yanaşmasını tənqid edib. Onun fikrincə, Trampın istədiyi format real danışıqları əks etdirmir:
“Bu, Trampın axtardığı danışıqlar deyil. O, sadəcə öz iradəsini başqalarına qəbul etdirmək istəyir”, – deyə Qalibaf vurğulayıb.
İran rəsmisi əlavə edib ki, Tramp əsl sülhə nail olmaq istəyirsə, əvvəlcə İranı təslim olmağa məcbur etməyə çalışan qüvvələrdən uzaqlaşmalıdır.
Qalibaf mümkün hərbi eskalasiya ilə bağlı da xəbərdarlıq edib:
“Tramp İranla müharibəyə başlaya bilər, lakin onun nəticələrini idarə edə bilməyəcək. Minlərlə kilometr uzaqda, Yaxın Şərqə göndərilən çox sayda Amerika əsgəri mütləq əziyyət çəkəcək. Bu, yaxşı deyil”, – deyə o bildirib.
14:08 29.01.2026
Oxunuş sayı: 349