Paşinyan: Yeni AES-lə bağlı yekun qərar hələ verilməyib
Yeni Atom Elektrik Stansiyasının (AES) blokunun tikintisi ilə bağlı ekspertlər tərəfindən səsləndirilən heç bir məsələ diqqətdən kənarda qalmayacaq.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə KİV-ə açıqlamasında bildirib.
Baş nazir xüsusilə nüvə enerjisi sahəsində əməkdaşlığı nəzərdə tutan 8 avqust tarixli Ermənistan–ABŞ sazişləri fonunda səsləndirilən müxtəlif ekspert qiymətləndirmələrinə münasibət bildirib. Onun sözlərinə görə, hökumət müvafiq ixtisasa və peşəkar reputasiyaya malik bütün mütəxəssislərin rəyini diqqətlə nəzərdən keçirir.
Paşinyan qeyd edib ki, yeni nüvə reaktorunun inşası məsələsi ilə bağlı potensial tərəfdaşların dairəsi genişdir və bu çərçivədə ABŞ, Fransa, Rusiya, Cənubi Koreya və Çinlə müzakirələr aparılır.
“Yeni stansiya üçün texnoloji təchizatçının seçilməsi ilə bağlı yekun qərarlar yalnız bütün əsas suallara hərtərəfli və etibarlı cavablar alındıqdan sonra veriləcək”, – deyə Ermənistanın baş naziri vurğulayıb.
14:03 29.01.2026
Oxunuş sayı: 372