Paşinyan: Ermənistan regional kommunikasiyalar üçün Rusiyaya üz tutur
Ermənistan regional infrastrukturun, xüsusilə də dəmir yolu kommunikasiyalarının bərpası məsələsində Rusiya ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən brifinqdə bildirib.
Baş nazirin sözlərinə görə, Ermənistan hazırda həm Rusiya, həm də Çinlə sıx əməkdaşlıq edir:
“Biz həm Rusiya, həm də Çinlə çox yaxın işləyirik. Rusiya prezidenti ilə iki-üç görüşüm olub və bütün sahələrdə əlaqələrimizi inkişaf etdiririk”, – deyə Paşinyan vurğulayıb.
O qeyd edib ki, İrəvan regional kommunikasiyaların açılması və blokadanın aradan qaldırılması istiqamətində Moskva ilə əməkdaşlığı daha da dərinləşdirməyə hazırdır:
“Biz təkcə hazır deyilik, eyni zamanda bu istiqamətdə rusiyalı həmkarlarımızla əməkdaşlığı genişləndirmək üçün təşəbbüs göstəririk. Bununla bağlı yazılı müraciət də daxil olmaqla rəsmi addımlar atmışıq”, – deyə o əlavə edib.
Paşinyan bildirib ki, hələlik Rusiya tərəfdən rəsmi yazılı cavabın olub-olmamasından xəbərdar deyil, lakin ümumi mənzərə müsbətdir:
“Ümumilikdə müsbət siqnallar alırıq və ümid edirik ki, proses yaxın vaxtlarda sürətlənəcək”, – deyə baş nazir vurğulayıb.
13:43 29.01.2026
Oxunuş sayı: 351