Bank sektoru keyfiyyət mərhələsinə keçidin zəruriliyi - Müsahibə
Beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələri region ölkələrinin maliyyə sistemlərinin ümumi dayanıqlılıq səviyyəsinin mühüm göstəricisi hesab olunur. Qlobal iqtisadi qeyri-müəyyənliklər, geosiyasi risklər və enerji bazarlarında dəyişkənlik fonunda bank sektorunun sabitliyi həm makroiqtisadi balansın qorunması, həm də kreditləşmə prosesinin davamlılığı baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu kontekstdə "S&P Global Ratings"in Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan bankları ilə bağlı açıqladığı proqnozlar region üçün müsbət siqnallar verir. Agentliyin hesabatına görə, 2026-cı ildə bank sektorunun əsas göstəriciləri əvvəlki illərin səviyyəsində sabit qalacaq, kredit portfeli isə mülayim, lakin davamlı artım nümayiş etdirəcək.
Banklarla bağlı mövcud durum, problemlər və perspektivlər barədə iqtisad elmləri üzrə fəlsəfə doktoru Gündüz Camalzadə Crossmedia.az-ın suallarını cavablandırıb:
– Azərbaycanda bank sektoru ilə bağlı əsas problemlər nələrdir?
– Hazırda maliyyə institutlarının fəaliyyət göstərdikləri bazarlarda əsas problemlər bank xidmətlərinin texnoloji səviyyəsi və effektivliyi ilə bağlıdır. Baxmayaraq ki, ödəniş sistemləri müəyyən qədər inkişaf edib, real vaxt ödənişlərinin məhdudluğu, beynəlxalq fintech platformaları ilə inteqrasiyanın zəifliyi və banklar arasında texnoloji fərqlər maliyyə xidmətlərinin keyfiyyətinə ciddi təsir göstərir. Digər mühüm məsələ faiz siyasətinin real sektora ötürülməsinin zəif olmasıdır. Mərkəzi Bankın uçot dərəcəsində etdiyi dəyişikliklər kredit bazarında gözlənilən effekti yaratmır. Bir çox hallarda kredit faizləri yüksək qalır və banklar risklərini həddindən artıq şəkildə kredit qiymətlərinə yükləyirlər. Bu isə investisiya aktivliyini məhdudlaşdırır. Eyni zamanda açıq bankçılıq (open banking) modelinin tətbiqi də ləngiyir. Banklar arasında məlumat mübadiləsi kifayət qədər deyil, API infrastrukturu formalaşmayıb və nəticədə müştəriyönümlü maliyyə ekosistemi tam qurulmayıb. Bu da fintech sektorunun inkişafını əngəlləyən əsas faktorlardan biridir.
– Bu problemlərin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
– Məncə, əsas istiqamət bank sektorunun texnoloji transformasiyası olmalıdır. Fintech ekosistemi genişləndirilməli, rəqəmsal bank lisenziyaları artırılmalı, sandbox mexanizmləri tətbiq edilməli və neobank modelləri təşviq olunmalıdır. Bank sektoru artıq klassik filial modelindən çıxmalı və rəqəmsal platforma əsaslı fəaliyyətə keçməlidir. Mərkəzi Bank son dövrlərdə tənzimləyici funksiyasını kifayət qədər effektiv həyata keçirir. Lakin dəyişən bazar dinamikləri şəraitində yeni tənzimləyici alətlərə, çevik normativ çərçivələrə və innovasiyaları təşviq edən mexanizmlərə ehtiyac var. Digər vacib addımlar sırasında texnologiya transferinin artırılması, süni intellekt əsaslı risk modellərinin tətbiqi, böyük məlumat bazası üzərində kredit reytinq sistemlərinin qurulması və banklara uzunmüddətli ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.
– Gələcəkdə bankların sayının azaldılması və bank sektorunda islahatlar gözləniləndirmi?
– Hesab edirəm ki, Azərbaycanda bank konsolidasiyası qaçılmazdır. Hazırda bankların sayı real iqtisadi potensiala nisbətən həddindən artıq çoxdur. Bir çox bank miqyas effektinə malik deyil, xərclər yüksəkdir, gəlirlilik isə aşağıdır. Növbəti illərdə kiçik bankların birləşməsi, bəzi bankların xarici investorlar tərəfindən satın alınması və bazarda əsasən güclü kapitallaşmış bankların qalması real ssenaridir. Bu proses Avropa modelinə uyğun olaraq “az sayda, amma güclü bank” strukturunun formalaşmasına gətirib çıxara bilər. Eyni zamanda maliyyə imkanları zəif olan banklar üçün rezolusiya mexanizmlərinin tətbiqi də vacibdir. Erkən müdaxilə, təmərküzləşmə və ya mərhələli ləğv yolu ilə sistem risklərinin qarşısı alınmalıdır.

– Azərbaycanda iqtisadi artıma təkan verən əsas amillər hansılardır?
– Azərbaycanın iqtisadi artımının əsas səbəbləri makroiqtisadi sabitlik və struktur islahatlardır. Sabit məzənnə, inflyasiyanın nəzarətdə saxlanılması və fiskal intizam investisiya mühitinə olan etimadı artırır. Eyni zamanda qeyri-neft sektoru – kənd təsərrüfatı, sənaye parkları, logistika, nəqliyyat və yaşıl enerji layihələri – ÜDM-in əsas artım mənbəyinə çevrilib. Zəngəzur dəhlizi və COP29 sonrası yaşıl investisiyalar isə Azərbaycanın regional iqtisadi rolunu daha da gücləndirir.
– 2026-cı il üzrə kreditləşmədə artım tempinin aşağı olmasının səbəbi nədir?
– Proqnozlara əsasən, 2026-cı ildə kredit faizlərində ciddi artım gözlənilmir, lakin kredit portfelinin genişlənməsi də əvvəlki illərlə müqayisədə zəif olacaq. Bunun əsas səbəbləri antiinflyasiya siyasəti, əhalinin borclanma davranışının dəyişməsi, bankların risk əsaslı əməliyyatlarının azalması və alıcılıq qabiliyyətindəki dəyişikliklərdir. Başqa sözlə, banklar daha ehtiyatlı kredit siyasəti aparacaq, müştərilər isə daha az riskli borclanmaya üstünlük verəcəklər.
– Region üçün əsas risklər hansılardır və bu risklər bank sektoruna necə təsir göstərə bilər?
– Region üzrə əsas risk mənbələri geosiyasi gərginliklər, kriptovalyuta bazarının zəif tənzimlənməsi və Qərb maliyyə institutlarının regionda passivliyidir. Bu amillər kapital axınlarını zəiflədir, valyuta bazarını daha həssas edir və bank sektorunun likvidliyinə təzyiq yaradır. Nəticə etibarilə banklar daha bahalı resurslarla işləməyə məcbur qalır və kreditləşmə imkanları daralır. Ümumilikdə isə maliyyə sektoru artıq kəmiyyət artımından çıxaraq keyfiyyət mərhələsinə keçid edir. Qarşıdakı dövr bank sektorunda rəqəmsallaşma, konsolidasiya və institusional güclənmə dövrü olacaq.
Elmir Heydərli
11:55 27.01.2026
Oxunuş sayı: 1052