Dilçilik İnstitunun direktoru: Azərbaycan dilindən erməni dilinə çoxlu sözlər keçib - MÜSAHİBƏ
Azərbaycan dili son illərdə həm ictimai həyatın, həm də informasiya məkanının sürətlə dəyişməsi fonunda yeni çağırışlarla üz-üzədir. Qloballaşma, texnologiyanın inkişafı, sosial şəbəkələrin təsiri və beynəlxalq terminlərin dilə daxil olması bu prosesin əsas amillərindən sayılır. Bir tərəfdən yeni sözlərin və ifadələrin dilə gəlməsi təbii inkişaf və zənginləşmə kimi qiymətləndirilir, digər tərəfdən isə bəzi mütəxəssislər bunun ədəbi dil normalarına mənfi təsir göstərə biləcəyini qeyd edirlər.Xüsusilə televiziya və media məkanında dil normalarının pozulması, dialekt və şivələrin istifadəsi, həmçinin xarici sözlərin artması Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı müzakirələri daha da aktuallaşdırır. Eyni zamanda dövlət dilinin qorunması ilə bağlı qanunvericilik, eləcə də Azərbaycan dilinin beynəlxalq elmi və akademik mühitdə istifadə imkanlarının genişləndirilməsi məsələləri də gündəmdə qalır. Bəs Azərbaycan dilində müşahidə olunan bu dəyişikliklər nə dərəcədə təbii prosesdir? Xarici sözlərin dilə daxil olması dilin zənginləşməsi hesab oluna bilərmi, yoxsa bu, dil normalarına təhlükə yaradır? Media mühitində dil mədəniyyətinin qorunması üçün hansı addımlar atılmalıdır? Bu və digər suallarla dilçi alimlə söhbətləşdik.
Mövzu ilə bağlı Azərbaycan Dilçilik İnsitutunun direktoru, professor Nadir Məmmədli Crossmedia.az-a müsahibə verib:
- Azərbaycan dilində son illər müşahidə olunan dəyişiklikləri necə qiymətləndirirsiniz? Bunlar inkişafdır, yoxsa dilimizin korlanmasına xidmət edir?
- Dəyişiklik dedikdə əsasən yeni sözlərin gəlişi nəzərdə tutulur. Bu isə təbii prosesdir. Dünya inteqrasiya edir, dillər inteqrasiya edir, dövlətlər bir-biri ilə əlaqədə olur və bu təmas nəticəsində, təbii ki, dilə yeni sözlər gələ bilər. Bu, aydın məsələdir. Ancaq burada bir məsələni də nəzərdən qaçırmaq olmaz: hər sözü dilə gətirmək olmaz. Əgər dildə bunun analoqu varsa, yəni həmin mənanı ifadə edən söz işlənirsə, onu başqa dildən götürüb gətirməyə heç bir ehtiyac yoxdur. Cənab Prezidentin çıxışlarını xatırlayırsınız. Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi ilə bağlı çıxışı oldu, eləcə də yanvarın 5-də milli jurnalistlərlə, media nümayəndələri ilə görüş keçirildi. Orada da qeyd edildi ki, biz özümüz hiss etmədən dilimizə daxil olan sözlərlə onu pozuruq. Bu, qətirə-qətirə, damla-damla yığılır və nəticədə dilimizə ziyan vurur. Bunun fəsadlarını isə sonradan hiss edəcəyik. Ona görə də, əgər istənilən bir fikri öz dilimizdə ifadə edə biliriksə, əcnəbi dildən gələn sözləri götürməyə ehtiyac yoxdur. Ulu Öndər də deyirdi ki, əgər bir dildə esse yazmaq mümkündürsə, roman yazmaq mümkündürsə, belə möhtəşəm əsərlər yaratmaq mümkündürsə, deməli, bu dil güclü dildir, cilalanmış, əsrlərin sınağından keçmiş bir dildir. Təbii ki, biz onun qədrini bilməliyik. Ona görə də deyirdi ki, bu dil bizə babalarımızdan qalıb və biz onu miras kimi gələcək nəsillərə ötürməliyik. İndi necə ötürməliyik? Bax, bu məsələ dilçilərin üzərinə düşən ən böyük vəzifələrdən biridir. Təkcə dilçilərin yox, ümumiyyətlə cəmiyyətin üzərinə düşən böyük məsuliyyətdir ki, biz dili sağlam şəkildə gələcək nəsillərə ötürək.
- Nadir müəllim, televiziya və media dil normalarının ən çox pozulduğu platformalardandır. Xüsusən də saytlar və qəzetlərdən sitatlar gətirilir. Bu nə dərəcədə ciddi problemdir və buna qarşı hansı nəzarət mexanizmi hazırlanmalıdır?
- Keçən əsrdə – XX əsrin 70–80-ci illərində Azərbaycan dili bütün üslubları ilə ən yüksək səviyyədə inkişaf etmişdi. Dil möhtəşəm şəkildə işlədilirdi və heç bir ciddi problem yox idi. İndi Azərbaycan dövləti müstəqil respublikadır. Belə bir zamanda biz dili qorumaq əvəzinə görürük ki, kənar təsirlərə daha açıqdır. Ədəbi dilimizdə müxtəlif üslublar var. Məsələn, bədii üslubda tez-tez yeni sözlər daxil olur. Dünyada yeni janrlar yaranır və həmin sözlər tərcümə vasitəsilə dilimizə keçə bilər. Texniki sahələrdə – fizika, riyaziyyat və digər elmlərdə də belə hallar olur. Ancaq burada ən çevik üslub publisistik üslubdur. Əgər dilimizə ziyan vuran üslubdan danışsaq, deyərdim ki, bu, publisistik üslubdur. Amma dilimizi zənginləşdirən də məhz publisistik üslubdur. Ona görə buna mütləq diqqət yetirilməlidir. Publisistik üslubun iki qolu var: şifahi nitq və yazılı nitq. Yazılı nitqə sizin mesajlarınız, saytlarda gedən yazılar, qəzet məqalələri daxildir. Bunlar müəyyən qədər dilə ziyan vura bilir. Ancaq ən qorxulusu ictimai fikrə təsir edən şifahi nitqdir. Bu isə harada formalaşır? Televiziya verilişlərində. Biz nə qədər danışsaq da, insanlar bir verilişə baxır və sonra deyir: “Gördünüz, axşam televiziyada nə dedilər?” Yəni publisistik üslubun ictimai fikrə təsiri çox böyükdür. İndi burada nə etmək lazımdır? Özəl televiziyalar dilə bir qədər barmaqarası yanaşırlar. Maraqlıdır ki, həm danışanlar, həm narazılıq edənlər, həm də şikayət edənlər elə özləridir. Amma dövlət televiziyası və İctimai Televiziya dilimizin saflığını yenə də qorumağa çalışır. Buna görə onlara təşəkkür düşür. Xüsusilə də şou proqramlarında dilə istənilən formada sözlər daxil edilir. Bu isə düzgün deyil. Dilə bu qədər laqeyd yanaşmaq olmaz. Cənab Prezidentin dediyi kimi, bu sözlər damla-damla yığılır və sonradan fəsadlarını görəcəyik. Ona görə də bu məsələnin qarşısını indidən almaq lazımdır. Xüsusilə televiziyanın nitqi burada böyük rol oynayır. Eyni sözləri radio üçün də demək olar. Dili bilməyən bir insanı efirə çıxarmaq, əlbəttə ki, çox pis haldır. Aparıcı dilin zənginliyini bilməlidir, öz nitqini inkişaf etdirməlidir. Dünya təcrübəsini öyrənmək lazımdır ki, Azərbaycan televiziyasının və radiosunun öz üslubu formalaşsın. Demirəm ki, özəl televiziyalarda maraqlı verilişlər yoxdur. Əlbəttə, var. Amma dilə həddindən artıq laqeyd yanaşılır. Şou proqramlarına diqqətlə baxın. Orada çıxış edən insanlar necə danışırlar? Halbuki həmin verilişlərə insanlar daha çox baxır, nəinki ciddi proqramlara. Bu isə insanların psixologiyasına birbaşa təsir edir. Xüsusilə uşaqlara pis təsir göstərir. Çünki pozucu sözlər insanın yaddaşında daha tez qalır. Ona görə də deyirlər ki, nəsihət verənə yox, onu icra edənə baxmaq lazımdır. İnsanlara nə qədər nəsihət vermək olar? Ən vacib məsələ budur ki, hər kəs özündən başlamalıdır. Heç vaxt demirəm ki, “belə etmək lazımdır”. Mən deyirəm ki, “belə etməliyik”. Yəni birinci özümü nəzarətdə saxlayıram. Dilimizdən narazılıq edənlər də çox vaxt onu pozanlar olur.
- Dialekt və şivələrin qorunması ilə ədəbi dilin standartlaşması arasında balans necə saxlanmalıdır?
- Çox yaxşı sualdır. Ədəbi dilin normalarının inkişafında cəmiyyətin özü böyük rol oynayır. Dil normalarını yalnız alimlər müəyyən etmir. Müəyyən dövrdə cəmiyyət özü tələb edir ki, dil belə olsun. Məsələn, deyirlər ki, Məhəmməd Füzulini oxumaq çətindir. Xeyr, o dövr üçün onun dili çox anlaşılan idi. XVIII əsrin şairlərinə baxın – Aşıq Qurbani və digərləri. Onları bu gün də rahat oxuyuruq. Yəni dövrün özü dilin normasını tənzimləyir. Dili zənginləşdirən əsas mənbələrdən biri də dialektlərdir. Dialektlər ədəbi dil üçün bir növ baza rolunu oynayır. Birinci Türkoloji Qurultayda da bu məsələ müzakirə olunmuşdu. Dilimizi necə zənginləşdirmək olar? Fərhad Ağazadə təklif edirdi ki, qədim türk sözlərinə müraciət edək, arxaik sözləri dirçəldək. Bəkir Çobanzadə isə deyirdi ki, əvvəlcə öz söz yaradıcılığımızdan istifadə etməliyik. Yeni sözlər yarada bilərik. Əgər bu mümkün olmazsa, dialektlərə müraciət etməliyik. Dialektlərdə çox zəngin söz ehtiyatı var. Daha sonra digər türk xalqlarının söz ehtiyatından istifadə edə bilərik. Ən son mərhələdə isə beynəlxalq sözlərə müraciət etmək olar. Amma yenə də hər sözü yox, dünyada qəbul olunmuş beynəlxalq terminləri. Məsələn, biz gündə istifadə etdiyimiz “mesaj” sözünü götürək. Halbuki bizim “ismarış” sözümüz də var. Televiziya aparıcılarının ən təhlükəli tərəfi də budur ki, dili yaxşı bilməyən aparıcılar insanların şüuruna təsir edir və bəzən öz dialektində danışırlar. Dialekt başqa şeydir, ədəbi dil başqa şeydir. Bunları qarışdırmaq olmaz.

- Azərbaycan dilinin beynəlxalq elmi və akademik mühitdə istifadə imkanlarını artırmaq üçün nə etmək lazımdır?
- Dilimizi inkişaf etdirməliyik. Birinci növbədə dünya inteqrasiyasından kənarda qalmamalıyıq. Dünyada baş verən ictimai-siyasi və elmi proseslərdən uzaq qala bilmərik. Dünyada gedən proseslərlə bağlı terminlər, anlayışlar var və biz onları dilimizə tətbiq etməliyik. Qapını bağlayıb demək olmaz ki, dilimizə yeni söz gəlməsin. Bu, mümkün deyil. Çünki həyatımıza yeni hadisələr, yeni əşyalar, yeni anlayışlar daxil olur və onlar öz adlarını da gətirir. Amma bu, o demək deyil ki, biz hər şeyi kor-koranə qəbul etməliyik. 1937-ci ildə olduğu kimi purizm hərəkatı başlatmaq da mümkün deyil. O zaman avtobusa “özüyürən”, telefona “özüdanişan” demək təklif edilirdi. Bu isə düzgün yol deyil. Dilimizdə modellər var. Məsələn, “tıxac”, “sıxac” kimi şəkilçilərdən istifadə edərək yeni sözlər yarada bilərik. Yəni dünya inteqrasiyasından kənarda qala bilmərik. Amma ilk növbədə öz dilimizin daxili imkanlarından istifadə etməliyik. Əgər başqa çıxış yolu yoxdursa, o zaman xarici sözləri götürə bilərik.
- Bəzi alimlər deyir ki, Azərbaycan dilinin akademik üslubu zəifdir. Siz necə düşünürsünüz?
- Akademik üslub elmi üslubdur və bizim elmi üslubumuz çox yüksək səviyyədədir. Kim belə deyirsə, onun öz akademik üslubu zəifdir. Elm adamı belə söz deməz. Elmi üslubun öz normaları və danışıq forması var. Bəli, burada terminlərdən çox istifadə olunur. Amma bu, təbii haldır. Çünki elmi üslub müəyyən sahənin mütəxəssislərinə yönəlir və terminlərdən istifadə olunması zəruridir. Təbii bir şeydir. Yəni bu, müəyyən bir peşə sahəsində formalaşmış terminlərdir. Bu terminlər istifadə olunmalıdır, işlədilməlidir. Yoxsa mən qoruyum ki, “o termini işlətmə” – belə yanaşma düzgün deyil. Məsələn, memarlıq sahəsinə baxın. Siz binanın iç tərəfi üçün “interyer”, binanın üst tərəfi üçün isə “fasad” deyə bilərsiniz. Bunlar beynəlxalq aləmdə işlənən terminlərdir. Bu, dilimizi korlamaq deyil, dünya mədəniyyəti ilə inteqrasiyadır. Akademik üslubun öz normaları var. Burada nağılvari danışıq ola bilməz. Bu ciddi üslubdur və terminlərdən istifadə olunur. Dilin qanunları burada xüsusilə gözlənilir. Bədii üslub isə fərqlidir. Bilirsiniz ki, bədii üslubda müxtəlif vasitələrdən istifadə olunur. Hətta publisistik üsluba diqqətlə baxın, görəcəksiniz ki, məsələn, bir insan haqqında yazarkən bəzən ifadələr bədii çalarlarla işlədilir. Amma akademik üslubda bu mümkün deyil. Burada normalar pozula bilməz. Publisistik üslubda da müəyyən həddə qədər bədii ifadələr işlədilə bilər, lakin faktlar gizlədilə bilməz. Məsələn, bir insan haqqında yazırsınızsa, onun yaşı, tarixi faktları dəyişdirilə bilməz. Bədii üslubda isə siz prototipi götürürsünüz, onu bəzəyirsiniz, obraz yaradırsınız, bədii dil formalaşdırırsınız. Bu, başqa məsələdir. Amma akademik üslubda belə hallar mümkün deyil. Bu, daha ciddi üslubdur. Burada bər-bəzək olmaz. Onun öz qanunları var.
- Bəs rəsmi üslub?
- Rəsmi üslub formalaşmış, qəlibləşmiş modeldir və hər yerdə eyni şəkildə tətbiq olunmalıdır. Məsələn, siz hansısa təşkilata ərizə yazırsınız. Yazırsınız ki, “məni işə götürün”. Amma sonra belə yazırlar: “Yazıb sizə bildirirəm ki...”. Bu düzgün deyil. Rəsmi üslubun da qaydaları var və ona uyğun yazılmalıdır. Və yaxud yazırlar: “Bildirirəm ki...” – halbuki cümlənin quruluşu başqa cür olmalıdır. Bu kimi qəliblər bəzən yanlış şəkildə işlədilir. Məsələn, ərizədə yazırlar: “Nadir Məmmətli tərəfindən”. Niyə “tərəfindən”? “Nadir Məmmədlidən” yazmaq lazımdır. Cümlənin forması dəyişəndə mənası da dəyişir. Bunlara diqqətlə yanaşmaq lazımdır. Məsələn, televiziya verilişlərinə baxın. İki nəfər söhbət edir və biri deyir: “Mənim sizə qarşı böyük hörmətim var”. Bu ifadə məntiqə uyğun deyil. “Sizə qarşı hörmət” olmaz. Məsələn, “qar ağdır” deyə bilərik. Amma “qar ilə ağdır” demək düzgün deyil. Bu kimi ifadələrə diqqətlə yanaşmaq lazımdır. Normanı düşünmək, maarifləndirmək lazımdır. Nəsihət vermək yox. Bizim cəmiyyətimiz nəsihət verməyə öyrəşib. Televiziyanı açırsan, hamı sənə nəsihət verir. Amma cəmiyyət özü nümunə götürməlidir. İnsanlar davranışdan ibrət almalıdırlar. Mən necə danışıram, necə davranıram – insanlar buna baxmalıdır. Əgər mən danışıqda bir cür olub, davranışda başqa cür olsam, o zaman mənim nəsihətimin heç bir mənası olmaz. Ona görə də əvvəlcə özümüz nümunə olmalıyıq.
- Türkoloji Qurultayla bağlı bir araşdırma yazısı hazırlayırdım. Həmin araşdırma zamanı qurultayda çıxış edən erməni nümayəndə Açaryanın məqaləsi ilə tanış oldum. Açaryan qeyd edirdi ki, Azərbaycan türkcəsindən erməni dilinə 4000 söz keçib. Bugünkü vəziyyət necədir? Azərbaycan dilindən erməni dilinə keçən sözlər varmı?
- Bəli, var. Azərbaycan dilindən erməni dilinə çoxlu sözlər keçib. Hələ mən Türkiyə türkcəsindən keçən sözləri demirəm. Dildə fellər alınmır. Heç bir dildə belə qanun yoxdur. Əgər fellər alınmağa başlasa, dil parçalanar. Erməni dili, rus dili, fars dili eyni tipli sintaktik quruluşa malik dillərdir. Bu dillərdə əvvəl mübtəda gəlir, sonra xəbər, daha sonra ikinci dərəcəli üzvlər. Azərbaycan dili isə aqqlutinativ dil sisteminə malikdir. Burada əvvəl mübtəda gəlir, sonra ikinci dərəcəli üzvlər, sonda isə xəbər gəlir və predikativlik yaranır, cümlə tamamlanır. İndi erməni dilini bilən mütəxəssislərə soruşuram. Ermənilər etiraf edir ki, erməni dilinə o qədər Azərbaycan fel və sözləri keçib ki, bu, onların sintaksisini də dəyişib. Onlar artıq bir çox hallarda cümləni bizim kimi qururlar. Açaryanın çıxışı qurultayda müəyyən gülüş də doğurmuşdu. O, demişdi ki, türk dillərindən erməni dilinə 4000 söz keçib, amma erməni dilindən türk dillərinə cəmi 100–200 söz keçib. Amma konkret hansı sözlərin keçdiyini demirdi. Bu da iclasda gülüş doğurmuşdu. Türkoloji Qurultayla bağlı yazdığım kitab da var. Bu çox böyük, qlobal məsələdir. Mənim yeni kitabım da bu mövzu ilə bağlıdır.
- Sizin son kitabınız Türkoloji Qurultayla bağlı idi. Türkoloji Qurultayda qaldırılan hansı məsələlər həllini tapdı, hansılar yox?
- Türkoloji qurultayın əsas məqsədlərindən biri türk xalqlarının əlifbasının dəyişdirilməsi məsələsi idi. Çünki türk xalqları tarix boyu müxtəlif imperiyaların təsiri altında qalmışdı: əvvəl ərəb imperiyası, sonra fars təsiri, daha sonra monqol hakimiyyəti, ardınca ruslaşdırma siyasəti və s. Bu səbəbdən türk dillərinin söz bazasında ərəb və fars dillərinin təsiri çox olmuşdu. Bu vəziyyəti dəyişmək üçün ilk növbədə əlifbanın dəyişdirilməsi məsələsi qaldırıldı. Ancaq birbaşa kiril əlifbasına keçirmək mümkün deyildi. Çar rejimi insanları o qədər sıxışdırmışdı ki, insanlar kiril əlifbasını rus hakimiyyətinin qalığı kimi qəbul edirdilər. Ona görə də əvvəl latın qrafikalı əlifbaya keçid edildi. Sonra isə 1929-cu ildən 1939-cu ilə qədər kiril əlifbasına keçid baş verdi. Maraqlı cəhət odur ki, əgər, doğrudan da, məqsəd türklərin inkişafı olsaydı, bütün türk xalqlarına eyni əlifba verilərdi ki, hamı bir-birini oxuya bilsin. Amma əksinə, hər birinə fərqli əlifba tətbiq edildi. Məqsəd Türkiyədən uzaqlaşdırmaq idi. Qurultayda qoyulan məqsədlərin isə çoxu bu günə qədər həyata keçməyib, baxmayaraq ki, üzərindən yüz ilə yaxın vaxt keçib. Sonradan repressiya maşını işə düşdü və qurultayda iştirak edən alimlərin çoxu repressiyaya məruz qaldı. Amma onların heç biri qurultayda iştirak etdiyinə görə öldürülməyib. Məhkəmə sənədlərində belə bir qeyd yoxdur. Hər biri üçün başqa bəhanələr tapılıb. Məsələn, Xəlil Səid Xocayevi “Divanü Lüğət-it-Türk” əsərini çap etdirdiyinə görə ittiham edib güllələdilər. Bir çox alimlər Sibirə sürgün edildi. Bütün bunların məqsədi qurultayın ideyalarına kölgə salmaq idi. Halbuki qurultayda çox böyük məsələlər müzakirə olunmuşdu: orfoqrafiya, təhsil sistemi, terminologiya və s. Bu məsələlərin çoxu bu günə qədər həll olunmayıb. Məsələn, qərara alınmışdı ki, qurultay iki ildən sonra Səmərqənddə keçirilsin. Amma keçirilmədi. Çünki sovet sistemi buna imkan vermədi. Əsl məqsəd türk xalqlarını bir-birindən uzaqlaşdırmaq idi. Sonda onu qeyd etmək istəyirəm ki, birinci Türkoloji Qurultayı Səməd Ağamalıoğlu açmışdı. O, tribunaya yaxınlaşıb demişdi: “Sovet Azərbaycanda ilk Türkoloji Qurultayın təntənəli iclasını açıq elan edirəm”. Mən də hər gün gözləyirəm ki, bir gün bir türk balası – istər özbək olsun, istər azərbaycanlı, istər qazax – tribunaya çıxıb desin: “Müstəqil Azərbaycanda ikinci Türkoloji Qurultayın təntənəli iclasını açıq elan edirəm”.
Ayhan
15:58 13.03.2026
Oxunuş sayı: 5468