Milli rəqslərimiz təhrif olunur? – Zəriflik və incəlik qorunmalıdır
Bu gün, 29 aprel – Beynəlxalq Rəqs Günüdür. Dünyanın müxtəlif ölkələrində bu gün rəqs sənətinin gözəlliyi və birləşdirici gücü qeyd olunur. Rəqs insanlığın ən qədim ifadə formalarından biri kimi mədəniyyətlərin ruhunu əks etdirir. Hər bir xalq özünəməxsus rəqsləri ilə tarixi, adət-ənənələri və yaşam tərzini nümayiş etdirir. Azərbaycan rəqsləri də milli kimliyimizin ayrılmaz hissəsi kimi xüsusi rəngarəngliyi ilə seçilir. Bu sənət növü nəsildən-nəslə ötürülərək mədəni irsin qorunmasına xidmət edir. Rəqs həm emosiyaların ifadəsi, həm də insanların bir araya gəlməsi üçün güclü vasitədir. Müasir dövrdə bu sənət daha geniş auditoriyalara çıxış imkanı qazanıb. Beynəlxalq Rəqs Günü də məhz bu dəyəri vurğulamaq məqsədi daşıyır. Bu gün rəqs, sərhədləri aşan universal dil kimi yenidən xatırladılır.
Bu gün münasibətilə Crossmedia.az-a açıqlama verən “Cəngi” estrada folklor ansamblının rəqs müəlliməsi Çinarə Ələkbərova milli rəqslərimizin zərifliyinə toxunub:

"Milli rəqslərimizi və mədəniyyətimizi yeni gələn nəsilə düzgün çatdırmaqla, öyrətməklə qoruya bilərik. Düşünürəm ki, beynəlxalq müsabiqələrdə korifey baletmeysterların qurduğu rəqslərlə təmsil olunmaqla həm rəqslərimizi, həm də mədəniyyətimizi qorumaq mümkündür. Hərəkətləri düzgün öyrətməklə, rəqsin milli elementlərini təhrif etmədən (yəni onu pis vəziyyətə salmadan) düzgün təqdim etmək lazımdır. Bəzən görürəm ki, xanımlar oğlan elementlərindən istifadə edirlər, bu isə məncə düzgün deyil. Bizim gözəl rəqslərimiz var: Uzundərə, Tərəkəmə, Naz eləmə, Sarı Gəlin və s. Gələcək nəsilə bu gözəl rəqsləri öyrətməliyik ki, unudulmasın. Hər xalqın özünəməxsus rəqsi var, lakin bizim milli rəqslərimiz, xüsusilə xanım rəqsləri, xanımlığa, zərifliyə və incəliyə əsaslanır və bu xüsusiyyətləri ilə digər xalqların rəqslərindən fərqlənir".
Fatimə
18:56 29.04.2026
Oxunuş sayı: 63