Türk dövlətləri arasında müdafiə və hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinə ehtiyac var- MÜSAHİBƏ
Son dövrlərdə Yaxın Şərq və Cənubi Qafqaz regionunda geosiyasi gərginlik yenidən artmaqdadır. İran və İsrail arasında davam edən qarşıdurma fonunda region ölkələrinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar da güclənib. Xüsusilə İran ərazisindən Azərbaycan və Türkiyə istiqamətində hücumlar Türk dünyası üçün yeni təhdidlərin anonsu kimi də qiymətləndirilə bilər.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev qeyd olunan mövzuda Crossmedia.az-a geniş müsahibə verib.
Müsahibəni təqdim edirik:
— İran tərəfindən Azərbaycana və Türkiyəyə raket atılması iddiaları fonunda bu hadisənin arxasında dayanan əsas məsuliyyət kimə aid edilə bilər?
— Bu kimi hadisələrdə ilk növbədə dövlətlərin rəsmi açıqlamalarına diqqət yetirmək lazımdır. Çünki dövlətlərin həm texniki imkanları, həm də kəşfiyyat məlumatları bu məsələlərin aydınlaşdırılmasında əsas rol oynayır. Azərbaycanın və Türkiyənin rəsmi qurumlarının açıqlamalarına baxdıqda qeyd olunur ki, raketlər İran ərazisindən atılıb və Azərbaycan tərəfi bu raketlərin İran Silahlı Qüvvələri tərəfindən buraxıldığını da xüsusi olaraq vurğulayır.
Azərbaycan Prezidenti İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığında da qarşı tərəf hadisənin araşdırılacağını bildirib. Hətta İran rəhbərliyi Türkiyəyə də ortaq araşdırma komissiyası yaradılması təklifini irəli sürüb. Bu isə dolayısı ilə İranın məsuliyyəti qəbul etdiyini göstərir.
Əgər hər hansı raket və ya dron bir dövlətin ərazisindən buraxılırsa, beynəlxalq hüquqa görə həmin dövlət müəyyən məsuliyyət daşıyır. Çünki dövlət öz ərazisində baş verən hərbi fəaliyyətlərə nəzarət etməlidir. Əgər başqa versiya irəli sürülürsə, onu sübut etmək də həmin dövlətin üzərinə düşür.
— Bu cür hərbi addım regionda təhlükəsizlik balansına necə təsir edir və bundan ən çox hansı tərəf siyasi və strateji baxımdan fayda əldə edə bilər?
— Belə hadisələr regionda onsuz da gərgin olan təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirir. Azərbaycan və İran arasında 2002-ci ildə imzalanmış dostluq müqaviləsinə görə tərəflər öz ərazilərinin bir-birinə qarşı istifadə olunmasına imkan verməməlidirlər. Azərbaycan bu prinsipə daim sadiq qalıb.
Hətta son dövrlərdə İranın çətin vəziyyətində Azərbaycan humanitar yardım göstərən ilk dövlətlərdən biri olub. Bu baxımdan belə addımlar iki ölkə arasında münasibətlərə mənfi təsir göstərir.
Əslində bu cür hadisələrdən ən çox fayda əldə etməyə çalışan qüvvələr regionda qarşıdurma yaratmaq istəyənlərdir. Onlar Azərbaycanla İranın münasibətlərini pozmağa və eyni zamanda Azərbaycanla Türkiyə arasında gərginlik yaratmağa çalışa bilərlər.
— Azərbaycan və Türkiyəyə qarşı raket hücumu iddiaları Türk dünyasının ümumi təhlükəsizlik strategiyasını yenidən nəzərdən keçirməsini zəruri edirmi?
— Azərbaycan və Türkiyə Türk dövlətləri arasında aparıcı ölkələr hesab olunur. Bu baxımdan onların təhlükəsizliyi bütövlükdə Türk dünyasının təhlükəsizliyi ilə sıx bağlıdır. Hazırda həm şimalımızda, həm də cənubumuzda ciddi münaqişələr davam edir. Bu münaqişələr regional təhlükəsizlik üçün ciddi təhdid yaradır. Ona görə də Türk dövlətləri arasında əməkdaşlığın daha da gücləndirilməsi artıq zərurətə çevrilir. Azərbaycan Prezidenti də bir neçə dəfə bildirib ki, Türk dövlətləri arasında bütün sahələrdə əməkdaşlıq genişləndirilməlidir.
— Bəzi iddialara görə müəyyən qlobal qüvvələr Türk dünyasını zəiflətmək istəyir və bu gün baş verənlərin bir hissəsi bununla bağlıdır. Sizcə, Türk dünyası belə hallara hazırdırmı?
— Bu məsələyə müxtəlif aspektlərdən baxmaq lazımdır. Enerji və nəqliyyat sahələrində Türk dövlətləri artıq ciddi əməkdaşlıq qurublar və mühüm layihələr həyata keçirirlər. Siyasi və diplomatik sahədə də müəyyən irəliləyişlər var. Lakin iqtisadi inteqrasiya baxımından daha çox iş görülməlidir. Dövlətlər arasında iqtisadi əlaqələrin və qarşılıqlı asılılığın artması təhlükəsizlik baxımından da mühüm rol oynayır.
— Türk dünyasının siyasi və hərbi əməkdaşlığı bu cür təhlükələrə qarşı hansı mexanizmlərlə gücləndirilə bilər?
— Siyasi əməkdaşlıq müəyyən səviyyədə formalaşıb. Türk dövlətlərinin xarici işlər nazirləri mütəmadi görüşlər keçirir və ortaq mövqelər ifadə olunur. Lakin müdafiə və hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinə ehtiyac var. Ortaq hərbi təlimlər, müdafiə sənayesi sahəsində əməkdaşlıq və texnologiya mübadiləsi bu istiqamətdə vacib addımlar ola bilər.
— Sizə elə gəlmirmi ki, son zamanlar Türk dünyasında passivlik müşahidə olunur və regionda baş verən hadisələrə tam adekvat münasibət göstərilmir?
— Mən bunu passivlik kimi qiymətləndirməzdim. Məsələn, Azərbaycanla bağlı hadisələr zamanı Türkiyə, Özbəkistan, Qazaxıstan və digər Türk dövlətləri açıq şəkildə dəstək ifadə etdilər. Türk dövlətlərinin xarici işlər nazirləri də bu məsələlərlə bağlı mövqelərini açıqladılar. Eyni zamanda bu münaqişələr Türk dövlətlərinin birbaşa müharibəsi olmadığı üçün onların ehtiyatlı mövqe sərgiləməsi də başa düşüləndir.
— Gələcək mümkün təhdidlərin qarşısını almaq üçün Türk dünyası hansı addımları ata bilər?
— Ən vacib məsələlərdən biri müdafiə sahəsində koordinasiyanın artırılmasıdır. Ortaq hərbi təlimlər, müdafiə sənayesi sahəsində əməkdaşlıq və təhlükəsizlik mexanizmlərinin yaradılması bu baxımdan mühüm rol oynaya bilər. Eyni zamanda iqtisadi və siyasi inteqrasiyanın gücləndirilməsi də təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır.
— Şuşa Bəyannaməsinə bənzər sənədin digər Türk dövlətləri ilə imzalanması nə qədər realdır və hazırkı hadisələr bunu sürətləndirə bilərmi?
— Son zirvə görüşlərindən birində Özbəkistan tərəfindən Türk dövlətləri arasında daimi strateji əməkdaşlıq haqqında müqavilənin hazırlanması təklif edildi. Bu, hələ Şuşa Bəyannaməsi səviyyəsində olmasa da, gələcəkdə daha geniş əməkdaşlığa aparan bir addım kimi qiymətləndirilə bilər. Hazırkı regional hadisələr belə təşəbbüslərin daha da aktuallaşmasına səbəb ola bilər.
— Bu hadisələrin fonunda Türk Dövlətləri Təşkilatının müdafiə nazirlərinin görüşünün keçirilməməsini necə izah edərdiniz?
— Hadisələrin hələ o qədər kritik mərhələyə çatmaması bu cür görüşün keçirilməməsinin əsas səbəbi ola bilər. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində müdafiə nazirlərinin mütəmadi görüş mexanizmi hələ tam formalaşmayıb. Lakin gələcəkdə regional təhlükəsizlik riskləri artdıqca belə görüşlərin keçirilməsi zəruri ola bilər.
— Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatının gələcək perspektivini necə görürsünüz?
— Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının perspektivi kifayət qədər müsbətdir. Çünki son illərdə dövlətlər arasında iqtisadi, siyasi və mədəni inteqrasiya tədricən güclənir. Bu proseslər sürətlə deyil, mərhələli şəkildə gedir. Lakin zaman keçdikcə Türk dövlətləri daha da güclənəcək və onların əməkdaşlığı regionda mühüm geosiyasi amilə çevriləcək.
Elmir Heydərli
17:21 13.03.2026
Oxunuş sayı: 60