Sülhün ünvanı Bakı: Azərbaycan Ukrayna-Rusiya münaqişəsində əsas vasitəçi ola bilərmi?
Qlobal geosiyasi arenada baş verən gərginliklər fonunda Azərbaycanın sülh və dialoq mərkəzi kimi rolu getdikcə daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri çərçivəsində Rusiya ilə mümkün danışıqlar üçün Bakı platformasına işarə etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemindəki balanslı və etibarlı mövqeyinin bariz nümunəsidir. Tarix boyu ən kəskin qarşıdurmalarda belə tərəfləri bir masa ətrafına toplamağı bacaran ölkəmiz, bu dəfə də dünyanın diqqət mərkəzində olan münaqişənin həlli üçün real ümid yerinə çevrilə bilər. Həm Moskva, həm də Kiyevlə strateji tərəfdaşlıq əlaqələrinə malik olan Azərbaycanın vasitəçilik potensialı qlobal təhlükəsizlik arxitekturasında yeni bir səhifə açmaq gücündədir.
Hərbi ekspert Ədalət Verdiyev Zelenskinin səsləndirdiyi təklif barədə Crossmedia.az-ın suallarını cavablandırıb:
- Sizcə, Ukraynanın görüş məkanını Azərbaycan olaraq göstərməsinin səbəbi nədir?
-Azərbaycan bundan əvvəl də münasibətləri gərgin olan ölkələr arasında dialoqlar təşkil edib, vasitəçi qismində bir çox uğurlar əldə edib. Odur ki, bu görüşlərin Azərbaycanda keçirilməsi tamamilə məqsədəuyğundur. Ölkəmizin beynəlxalq aləmdəki nüfuzu da bu görüşlərdə uğur qazanmaq üçün mümbit şərait yaradır.
- Rusiya görüşlərin Azərbaycanda keçirilməsi ilə razılaşacaq?
- Rusiyanın bu görüşlərə razılıq verməsi ehtimalı böyükdür. Çünki hər iki tərəf uzun müddətdir davam edən çox qanlı-qadalı bir müharibədən artıq yorulub; itkilərin sayı hər gün getdikcə artır. Hər iki tərəf müəyyən istiqamətlərdə uğur əldə etsə də, digər istiqamətlərdə texnika, vasitə, ərazi və şəxsi heyət itkilərinə məruz qalır. Belə olan halda, bu görüşün keçirilməsi sülh istiqamətində atılan mühüm bir addım ola bilər.
- Görüşlər Azərbaycanda keçirilsə və sülh əldə olunsa bu ölkəmizə nə qara bilər?
- Azərbaycan bir neçə dəfə müxtəlif konfidensial görüşlərə ev sahibliyi edib. Daha əvvəl Rusiya ilə ABŞ, Rusiya ilə NATO komandanlarının Azərbaycan ərazisində görüşləri baş tutub. Bu görüşlərdə müzakirə olunan məsələlər heç bir halda mətbuatda əvvəlcədən dərc olunmayıb. Yəni danışıqların predmeti heç bir halda mətbuata sızmayıb, məxfilik tam həcmdə qorunub. Digər tərəfdən isə Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə strateji tərəfdaşlıq müqavilələri imzalayıb. Belə olan halda, təbii ki, Azərbaycan, Ukrayna və Rusiya arasındakı görüşlərin keçirilməsi üçün kifayət qədər münasib bir ərazidir.
Turqut Ansari
19:14 27.04.2026
Oxunuş sayı: 55