Azərbaycan vətəndaş cəmiyyətində son illər müşahidə olunan dəyişikliklər QHT sektorunun yeni mərhələyə keçdiyini göstərir.
Artıq bu sahə yalnız layihə icra edən strukturlar toplusu kimi deyil, daha çox institusional tərəfdaşlıq mühitinə çevrilməkdədir. Dövlət-QHT münasibətlərində formalaşan yeni koordinasiya mexanizmləri, xüsusilə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti bu transformasiyanın əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış edir.
Agentliyin tətbiq etdiyi “bir pəncərə” modeli, qrantların vahid koordinasiya əsasında idarə olunması və müxtəlif dövlət qurumlarının QHT-lərlə əməkdaşlığının sistemləşdirilməsi sektorun daha şəffaf və dayanıqlı inkişafına şərait yaradır.
Bu yanaşma təkcə maliyyə mexanizmlərini deyil, ümumilikdə idarəetmə mədəniyyətini də yeniləyir və vətəndaş cəmiyyətinin institusional gücünü artırır. Məhz bu kontekstdə QHT sektorunun mövcud vəziyyəti, inkişaf dinamikası və qarşıdakı çağırışlar barədə aparılan bu müsahibə həm sahənin real mənzərəsini, həm də gələcək istiqamətlərini daha aydın göstərir.
Crossmedia.az QHT sektorunun inkişafı ilə bağlı yeni bir layihəyə start verir ki, bu layihə “QHT tribunası” adlanır. Bu müsahibə də layihənin ilk müsahibəsidir.
Müsahibimiz Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Crossmedia.az-ın suallarına cavab verib:

- Azərbaycan QHT sektorunun hazırkı ümumi vəziyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycan QHT sektoru bu gün nə böhran mərhələsindədir, nə də tam institusional yetkinlik səviyyəsinə çatıb. Mən onu keçid mərhələsində olan sektor kimi qiymətləndirirəm. Hazırda vətəndaş cəmiyyətində çox ciddi, pozitiv dəyişikliklər baş verir və inkişaf imkanları əvvəlki dövrlərlə müqayisədə daha genişdir.
Bununla belə, demək olmaz ki, vətəndaş cəmiyyəti artıq tam güclü və formalaşmış bir aktora çevrilib. Daha çox formalaşma və möhkəmlənmə prosesi gedir. Son dövrlərdə xüsusilə dövlət-QHT münasibətlərində daha sistemli koordinasiya modelinin formalaşması diqqət çəkir.
Bu baxımdan 29 dekabr 2025-ci il tarixli prezident fərmanı mühüm dönüş nöqtəsidir. Həmin fərmanla QHT-lərə dövlət dəstəyi parçalanmış formada deyil, vahid koordinasiya əsasında həyata keçirilir.
“Bir pəncərə” prinsipi tətbiq olunur, müxtəlif dövlət qurumlarının QHT-lərlə bağlı maliyyə və əməkdaşlıq fəaliyyəti mərkəzləşdirilir. Eyni zamanda vahid informasiya sistemi formalaşdırılır. Bu proses hələ yekunlaşmasa da, ciddi institusional dəyişikliklərə gətirib çıxarma potensialına malikdir.
Bununla yanaşı, sektor daxilində ideya dərinliyi, sosial dayanıqlıq, regional balans və maliyyə müstəqilliyi kimi məsələlər tam həllini tapmayıb. Statistik göstəricilər isə keçid mərhələsini aydın göstərir.
2024-cü ildə 779 təşkilat müsabiqələrə müraciət etmişdisə, 2025-ci ildə bu rəqəm 915-ə yüksəlib, 2026-cı ildə isə artım tendensiyası davam edir. Bu artım həm dövlət mexanizmlərinə marağın, həm də QHT Agentliyinə etimadın artdığını göstərir.
Lakin burada təkcə say yox, həm də ideya keyfiyyəti və sosial etimad da vacib göstəricidir. Eyni zamanda beynəlxalq əməkdaşlıq genişlənir, yeni platformalar yaranır.
Türk Dövlətləri Təşkilatının QHT forumu, COP29 çərçivəsində fəaliyyət və qarşıdan gələn 13-cü Urban Forum bu istiqamətdə mühüm nümunələrdir. Bütün bu proseslər sektora yeni imkanlar yaradır, lakin hələ də QHT-lərin dövlətin əsas tərəfdaşına çevrilməsi tam mərhələyə çatmayıb.
- Son illərdə QHT-lərin fəaliyyətində hansı əsas dəyişikliklər müşahidə olunur?
- Əsas dəyişiklik ondan ibarətdir ki, QHT fəaliyyəti artıq klassik maarifləndirmə və kiçik layihələr çərçivəsindən çıxır. Hazırda fəaliyyət daha çox institusional tərəfdaşlıq, mövzu üzrə ixtisaslaşma və dövlət siyasətinin icrasına töhfə vermək istiqamətinə yönəlib.
Əvvəllər əsasən kiçik qrant layihələri üstünlük təşkil edirdisə, indi daha geniş miqyaslı qrant müsabiqələri və birgə layihələr həyata keçirilir. Artıq QHT-lər yalnız qrant alan subyekt deyil, konkret sahələr üzrə həll təklif edən aktorlara çevrilirlər.
Statistik olaraq, 2026-cı ildə 981 təşkilat müraciət edib, 789 layihə daxil olub, 602-si ekspert qiymətləndirməsinə çıxarılıb. Bu, rəqabətli mühitin formalaşdığını göstərir.
Eyni zamanda, keyfiyyət artımı müşahidə olunur, lakin bəzi hallarda plagiat və təkrar layihələr də aşkarlanır. Bu səbəbdən seçim mexanizmi daha da sərtləşir və şəffaflaşır. Rəqabətin artması QHT-lərin daha çox ixtisaslaşmasına və keyfiyyətə yönəlməsinə səbəb olur.
- Dövlət-QHT münasibətləri hazırda hansı mərhələdədir və QHT Agentliyinin rolu nədir?
- Hazırda artıq qarşıdurma və təsadüfi münasibətlər mərhələsi geridə qalıb. Biz idarə olunan əməkdaşlıq mərhələsindəyik. QHT Agentliyinin rolu da dəyişib. Əvvəllər sadəcə maliyyə bölgüsü aparan qurum idisə, indi koordinasiya edən, istiqamətləri müəyyənləşdirən və sektorlararası əlaqələri təmin edən mərkəzə çevrilib.
2025-ci il fərmanı ilə agentliyə “bir pəncərə” sistemi üzrə əlaqələndirmə və birgə maliyyələşdirmə prosesində iştirak səlahiyyətləri verilib. Bu mexanizm 16 dövlət qurumunun QHT-lərlə bağlı fəaliyyətinin vahid koordinasiyasını təmin edir. Bu isə həm şəffaflığı artırır, həm də subyektivlik risklərini azaldır.
- Qanunvericilik bazası mövcud reallıqlara cavab verirmi?
- QHT-lərlə bağlı qanunvericilik kifayət qədər genişdir. Buraya qeyri-hökumət təşkilatları, ictimai birliklər, fondlar, qrantlar və ictimai iştirakçılıq haqqında qanunlar, eləcə də normativ aktlar daxildir.
Ümumilikdə hüquqi baza mövcuddur, lakin əsas məsələ onun çevikliyidir. Hazırkı qanunvericilik daha çox nəzarət, qeydiyyat və rəsmiləşdirmə üzərində qurulub.
Halbuki, müasir çağırışlar innovasiya, sürət, rəqəmsallaşma və sosial təsirin ölçülməsini tələb edir. Bu baxımdan qanunvericilik təkmilləşdirilməli, bürokratik prosedurlar sadələşdirilməlidir. Vətəndaş cəmiyyəti yalnız nəzarət obyekti kimi deyil, dövlətin tərəfdaşı kimi qəbul edilməlidir. Eyni zamanda, qeydiyyat və ləğvetmə prosedurlarında da sadələşdirməyə ehtiyac var. Çünki bəzi hallarda QHT-lərin ləğvi illərlə uzanır. Rəqəmsallaşma prosesinin sürətləndirilməsi və bütün fəaliyyətlərin vahid sistem üzərindən idarə olunması vacib istiqamətlərdəndir.
- QHT-lərin qeydiyyatı və fəaliyyət imkanları ilə bağlı əsas problemlər nələrdir?

- Qanunvericilikdə qeydiyyat prosedurları nəzərdə tutulsa da, praktikada əsas problem qeydiyyatdan sonrakı fəaliyyət mərhələsində yaranır. Formal qeydiyyatdan daha çox, QHT-lərin institusional davamlılığı, maliyyə imkanları və idarəetmə bacarıqları əsas çətinlik kimi ortaya çıxır.
Bir çox təşkilatlarda peşəkarlıq, maliyyə planlaması və idarəetmə sahəsində zəifliklər müşahidə olunur. Dövlət tərəfindən dəstək mexanizmləri mövcuddur, lakin əsas fokus qeydiyyatdan sonrakı inkişaf mərhələsinə yönəlməlidir. Eyni zamanda, qeydiyyat prosedurlarının sadələşdirilməsi və hüquqi şəxslər arasında daha çevik yanaşmanın tətbiqi vacibdir.
- Regionlarda fəaliyyət göstərən QHT-lərlə paytaxtda fəaliyyət göstərən QHT-lər arasında hansı fərqlər mövcuddur?
Bu, təkcə Azərbaycana xas məsələ deyil, ümumilikdə dünyada müşahidə olunan bir tendensiyadır. Regionlarda və paytaxtda fəaliyyət göstərən QHT-lər arasında müəyyən fərqlər mövcuddur. Bu fərqlər əsasən resurslara çıxış, ictimai təsir imkanları və görünürlük səviyyəsi ilə bağlıdır.
Paytaxtda fəaliyyət göstərən QHT-lər informasiya resurslarına, media platformalarına, dövlət qurumlarına və tərəfdaş şəbəkələrinə daha yaxındır. Bu da onların daha geniş imkanlar əldə etməsinə şərait yaradır.
Regionlarda fəaliyyət göstərən QHT-lər isə problemləri daha yaxından görür, yerli reallıqları daha dərindən dərk edirlər. Lakin onlar çox vaxt resurs və şəbəkə imkanlarına nisbətən daha az çıxış əldə edirlər.
Ona görə də, elə mexanizmlər yaradılmalıdır ki, regional QHT-lər də bu imkanlardan faydalana bilsin. Mən həmişə demişəm: region QHT-ləri zəif deyil, sadəcə sistemin mərkəzinə daha gec çıxır.
Bu baxımdan, inkişaf yalnız paytaxt təşkilatlarının gücləndirilməsi ilə məhdudlaşmamalıdır. Regional potensialın da inkişafı vacibdir. Sevindirici haldır ki, son illərdə regionlarda forumlar, təlimlər və müxtəlif bacarıq inkişaf proqramları həyata keçirilir.
Bu təşəbbüslər fərqlərin azalmasına müsbət təsir göstərir. Rəqəmsallaşma və elektron idarəetmə sistemlərinin genişlənməsi də bu fərqləri azaldan mühüm amillərdəndir.
- İctimai etimad baxımından QHT sektorunun mövqeyi necədir?
- İctimai etimad vətəndaş cəmiyyətinin ən vacib kapitalıdır. Əgər etimad yüksəkdirsə, sektor daha effektiv işləyir, daha çox nəticə verir. Hazırkı vəziyyəti orta səviyyəyə yaxın qiymətləndirmək olar. Yəni nə yüksək, nə də aşağıdır.
Əsas problemlərdən biri odur ki, cəmiyyət bəzən yaxşı fəaliyyət göstərən QHT ilə formal təşkilatları fərqləndirməkdə çətinlik çəkir. Bu isə ümumi sektora mənfi təsir göstərir. Bəzən bir təşkilatın səhvi bütün sektorun imicinə zərər vura bilir. Etimadın formalaşması üçün real fəaliyyət, şəffaflıq və nəticə əsasdır. İnsanlar QHT-nin nə etdiyini və bunun onlara necə təsir etdiyini aydın görməlidir. Statistik artımlar – məsələn, müraciətlərin 779-dan 915-ə, daha sonra 981-ə yüksəlməsi – müəyyən etimad artımını göstərir. Amma bu daha çox institusional etimaddır. Sosial etimad isə real nəticələrlə formalaşır. Etimad reklamla yox, real işlə qazanılır.
- QHT-lər fəaliyyətlərini cəmiyyətə düzgün çatdıra bilirmi?
- Əksər hallarda yox. Çünki fəaliyyətlə onun ictimai təqdimatı arasında fərq olur. QHT-lər çox vaxt rəsmi və hesabat dilində danışır. Amma bu, ictimai dil deyil. Əgər fəaliyyət sadəcə hesabat formatında təqdim olunursa, cəmiyyət bunu tam qavramır.
Məlumat daha sadə, anlaşılan və ictimai dildə verilməlidir. İnsan anlamalıdır ki, bu təşkilat onun həyatına necə təsir edir – hüquqları, rifahı və gələcəyi üçün nə edir. Əks halda QHT qapalı sistemə çevrilir və cəmiyyətlə əlaqəsi zəifləyir.
- Dezinformasiyaya qarşı mübarizədə QHT-lərin rolu nə ola bilər?

- Dezinformasiya bu gün qlobal problemə çevrilib. QHT-lər bu sahədə mühüm rol oynaya bilər. Onlar yalnız məlumat yayan yox, həm də ictimai rəy formalaşdıran institutlara çevrilməlidir.
Bu mübarizə təkcə təkzib deyil, həm də media savadlılığı, rəqəmsal maarifləndirmə və ictimai şüurun artırılmasını əhatə etməlidir. Süni intellekt və yeni texnologiyalar dezinformasiyanı daha təhlükəli hala gətirir. Ona görə məlumatların yoxlanması və operativ reaksiya mexanizmləri vacibdir. Dövlət və QHT-lər bu istiqamətdə birgə işləməlidir.
- QHT-lər media və sosial şəbəkələrlə necə işləməlidir?
- Media QHT-lər üçün əsas tərəfdaşdır. Sosial şəbəkələr isə artıq medianın ayrılmaz hissəsidir. Amma burada sadəcə məlumat paylaşmaq kifayət deyil. Əsas məsələ görülən işin nəticəsini göstərməkdir. Sən nə etdin? Kimə necə təsir etdin? Nə dəyişdi? Bu suallar cavab tapmalıdır. Əgər fəaliyyət ictimaiyyətə düzgün çatdırılmırsa, o, sanki baş verməmiş kimi qəbul olunur. Ona görə təqdimat daha kreativ, daha peşəkar və daha aydın olmalıdır.
- Yaxın 5-10 ildə Azərbaycanda QHT sektorunun inkişafını necə görürsünüz?
- Burada bir neçə ssenari mümkündür. Birinci ssenari ondan ibarətdir ki, sektor əsasən layihə menecmenti ilə məşğul olan, formal fəaliyyət göstərən, lakin cəmiyyətdə dərin təsir yaratmayan struktur kimi qala bilər. Lakin bu mərhələ artıq geridə qalıb.
Hesab edirəm ki, həmin ssenarinin reallaşma ehtimalı getdikcə azalır. İkinci ssenari isə daha perspektivlidir. Bu ssenariyə görə QHT-lər tədricən sosial düşüncə mərkəzlərinə, ictimai innovasiya platformalarına çevrilir və dövlət üçün erkən xəbərdarlıq sistemi rolunu oynayan intellektual dayağa transformasiya olunur.
Mən bu ssenarinin tərəfdarıyam və hesab edirəm ki, artıq bu istiqamətdə müəyyən tendensiyalar formalaşır. Azərbaycan QHT sektoru yalnız tədbir təşkil edən struktur deyil, ideya istehsal edən və tərəfdaşlıq funksiyasını həyata keçirən sistemə çevrilməlidir.
Bu baxımdan QHT-lərlə bağlı yeni strategiyanın və milli fəaliyyət planının hazırlanmasına ehtiyac var. Çünki sektor artıq mövcud qanunvericiliyin izah edə biləcəyindən daha sürətlə inkişaf edir.
“Bir pəncərə” sisteminin formalaşması, beynəlxalq platformaların yaranması və qlobal təşəbbüslərin genişlənməsi yeni mərhələnin başladığını göstərir. Bu yeni mərhələ isə yeni strategiya tələb edir. Strategiyada konkret məqsədlər, hədəflər, vəzifələr və icra mexanizmləri aydın şəkildə müəyyən olunmalıdır.
- Gələcəkdə hansı sahələrdə fəaliyyət göstərən QHT-lərə daha çox ehtiyac olacaq?
- Bəzən deyilir ki, maarifləndirmə dövrü artıq başa çatıb. Mən bu fikirlə razı deyiləm. Hesab edirəm ki, hüquqi maarifləndirmə və insan hüquqları sahəsi yenə də əsas istiqamətlərdən biri olaraq qalacaq. Bununla yanaşı aşağıdakı sahələr prioritet olacaq: gənclər və təhsil, media savadlılığı, ekologiya və iqlim dəyişiklikləri, yerli icmaların dayanıqlılığı, rəqəmsal təhlükəsizlik və informasiya dayanıqlığı, korrupsiyaya qarşı mübarizə və şəffaflıq.
Bundan əlavə, post-münaqişə dövrü ilə bağlı məsələlər xüsusi əhəmiyyət daşıyır. Cəmiyyətlərin sülhə hazırlanması, sosial inteqrasiya və regional inkişaf sahələrində QHT-lərin rolu daha da artacaq.
Mina təhlükəsizliyi isə xüsusi önəm daşıyır. Bu, yalnız humanitar deyil, həm də milli təhlükəsizlik məsələsidir. Bu sahədə QHT-lərin fəaliyyəti daha da genişlənəcək. Eyni zamanda şəhərsalma, dayanıqlı icmalar və beynəlxalq əməkdaşlıq kimi yeni sahələr də gündəmdə olacaq.
- QHT sektorunun güclənməsi üçün hansı islahatlar vacibdir?
- Bu məsələdə əsas istiqamətlər yeni strategiyada öz əksini tapmalıdır. Əsas islahatlar isə qanunvericiliyin sadələşdirilməsi, qrant prosedurlarında çevikliyin artırılması, institusional və çoxillik maliyyələşmə modelinin tətbiqi, region QHT-ləri üçün xüsusi inkişaf proqramlarının hazırlanması, ictimai təsirin ölçülməsi üçün standartların yaradılmasıdır.
Hazırda maliyyələşmə əsasən illik layihələr üzərində qurulub. Lakin daha uzunmüddətli modellərə keçid vacibdir. Eyni zamanda QHT-lərin dövlət proqramlarının icrası, monitorinqi və qiymətləndirilməsində sistemli iştirakı təmin olunmalıdır.
Bu, həm dövlət idarəçiliyinin keyfiyyətini artırar, həm də resurslardan daha səmərəli istifadə etməyə imkan verər. Çünki vətəndaş cəmiyyəti dövlətin görə bilmədiyi bir çox funksiyanı icra edə bilər. QHT-lər dövlətin tərəfdaşı kimi çıxış etməlidir.
- Bürokratik maneələr və institusional çətinliklərin aradan qaldırılması üçün nə etmək lazımdır?
- Hesabatlılıq sistemi vacibdir, lakin bu sistem həddindən artıq bürokratik olmamalıdır. Qanunvericilik sektoru tənzimləməklə yanaşı, onun inkişafına da şərait yaratmalıdır. Prosedurlar fəaliyyətin məzmununu sıxmamalıdır. Əsas məqsəd nəticəyönümlü fəaliyyətin təmin olunmasıdır.
- Dövlət və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi üçün hansı addımlar atılmalıdır?
- Burada əsas məsələ sadəcə dinlənilmək deyil, təsir imkanlarının yaradılmasıdır. Hazırda hüquqi baza mövcuddur – ictimai şuralar, ictimai müzakirələr və digər iştirak mexanizmləri fəaliyyət göstərir.
Lakin növbəti mərhələdə QHT-lər yalnız dəvət olunan tərəf deyil, siyasət sənədlərinin hazırlanması, monitorinqi və qiymətləndirilməsi proseslərinin birbaşa iştirakçısı olmalıdır.
Əməkdaşlıq formal deyil, funksional xarakter daşımalıdır. Yəni real nəticə yaradan əməkdaşlıq modeli formalaşmalıdır. Eyni zamanda, dövlət-özəl sector-vətəndaş cəmiyyəti arasında vahid əməkdaşlıq platforması yaradılmalıdır. Ümumilikdə hesab edirəm ki, Azərbaycan QHT sektoru artıq sadəcə təşkilatların mexaniki toplusu deyil.
O, dövlətlə cəmiyyət arasında etimad körpüsü, sosial problemlərin erkən xəbərdarlıq sistemi və dövlət idarəçiliyinin mühüm tərəfdaşına çevrilmə potensialına malikdir. Bu istiqamətdə işlər görülür və proses davam edir. Lakin bunun üçün sektorda həm peşəkarlıq, həm intizam, həm də strateji baxış olmalıdır. QHT-lərin gələcəyi yalnız daha çox layihə icrasında deyil, daha çox məzmun və təsir yaratmaqda gizlidir. Yəni QHT-lər təkcə icraçı deyil, cəmiyyətin ideya formalaşdıran institutuna çevrilməlidir.
Hazırladı: Ayhan Ağarzayev