Ağrıkəsicilər niyə hər ağrı üçün çıxış yolu deyil? – həkimdən izah
Baş ağrısı, diş ağrısı, əzələ və oynaq ağrıları… İnsanlar bu kimi hallarla qarşılaşdıqda çox vaxt həkimə müraciət etmədən, apteklərdən asanlıqla əldə olunan ağrıkəsicilərə üz tuturlar. Nimesil, Paracetamol, Analgin, Ibuprofen kimi preparatlar artıq bir çoxları üçün “adi dərman” təsiri bağışlayır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu dərmanların nəzarətsiz və həkim məsləhəti olmadan qəbulu ciddi fəsadlara yol aça bilər.
Həkim tövsiyəsi olmadan, dozası və istifadə müddəti nəzərə alınmadan qəbul edilən ağrıkəsicilər bəzi hallarda mədə-bağırsaq qanaxmalarına, qaraciyər və böyrək zədələnmələrinə, hətta zəhərlənmələrə səbəb olur. Daha ağır hallarda isə bu cür dərmanlardan sui-istifadə ölümlə nəticələnə bilər. Bildirilir ki, son illər ağrıkəsicilərin nəzarətsiz istifadəsi ilə bağlı, xüsusilə 18 yaşından az olan uşaqlar arasında ölüm halları da qeydə alınıb.
Mütəxəssislərin sözlərinə görə, bəzi insanlar ağrıkəsiciləri uzun müddət, demək olar ki, hər gün qəbul edir və bunun orqanizmə vurduğu zərəri nəzərə almırlar. Halbuki bu dərmanlar yalnız müvəqqəti təsir göstərir və əsas xəstəliyi aradan qaldırmır. Nəticədə isə ağrının səbəbi gizlədilir, problem daha da dərinləşir.
Bu barədə Crossmedia.az-a danışan həkim- terapevt Etibar Süleymanov qeyd edib ki, tək ağrı kəsicilərin deyil, bütün dərmanların təyinatsız istifadə olunması məsləhətli deyil:

"Hər bir dərmanın tərkibi müxtəlifdir, həmçinin hər bir maddəyə qarşı müxtəlif allergik reaksiyalar görə bilərik. Hər kəs eyni dərmanı eyni cür qəbul etmir. Ağrının xarakterindən asılı olaraq ağrıkəsicidən istifadə etmək olar, yoxsa olmaz?-bunu müəyyən həkim yoxlamalarından sonra demək olar. Məsələn, qarın sancısı apensit və başqa səbəblərdən dolayı ola bilər ki, bu zaman ümumiyyətlə ağrı kəsicilərin istifadəsi məsləhət görülmür".
Həkimin sözlərinə görə, belə ağrılarda ağrıkəsicinin istifadə olunmamalı olduğunun səbəbi sonraki diaqnostikanı çətinləşdirməsidir:
"Adi baş ağrıları, miqren, əzələ ağrılarında müxtəlif ağrıkəsicilərdən istifadə etmək mümkündür. Yaxşı olar ki, məlhəm şəklindəki ağrıkəsicilərdən istifadə olunsun. Hər bir dərman olaraq istifadə olunan maddənin maksimal və minimal qəbul miqdarı var. Həmin miqdarı keçdikdən sonra toksiki zəhərləyici təsir başlayır və zəhərlənmələr baş verə bilər. Hər bir dərmanın içərisindəki məlumatlandırma kağızında miqdar qeyd olunur. Güclü təsiredici dərmanlarda toksiki miqdar daha azdır, nisbətən zəif təsir edən dərmanlarda isə miqdar bir qədər çox ola bilər. Ona görə də davamlı və ardıcıl olaraq dərmanların qəbul edilməsi doğru deyil. Ağrılar çox olarsa, bunun səbəbini öyrənmək, ona uyğun müayinələr aparılmalı, daha sonra qəbul etmək lazımdır".
Fatimə Məmmədova
12:01 26.01.2026
Oxunuş sayı: 529