Qrenlandiyanın gələcəyi və ABŞ–Danimarka–Qrenlandiya münasibətləri baxımından həlledici sayılan görüşlər keçiriləcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, çərşənbə günü Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen və Qrenlandiyanın xarici işlər naziri Viviane Motzfeldt Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşəcəklər. Görüşlərdə regional təhlükəsizlik, Qrenlandiyanın statusu və NATO-nun Arktikadakı mövcudluğu ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir.
Eyni zamanda, ABŞ senatorlarından ibarət nümayəndə heyətinin Danimarka parlamentinin Qrenlandiya Komitəsinin üzvləri ilə görüşmək üçün Kopenhagenə səfər edəcəyi açıqlanıb. Nümayəndə heyətinə Alyaska ştatını təmsil edən senator Lisa Murkovski də daxildir.
Murkovski X platformasında paylaşımında bildirib ki, 2026-cı ildə həllini gözləyən çoxlu məsələlər var, lakin Qrenlandiyanın ələ keçirilməsi bu siyahıya daxil deyil.
Qeyd olunur ki, qarşıdakı görüşlər Arktika regionunda geosiyasi balans və tərəflər arasında gələcək əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıyır.
Kübra Musayeva