“Eurovision” qaydalarını dəyişdi
“Eurovision” Mahnı Müsabiqəsinin təşkilatçıları silahlı münaqişədə iştirak edən ölkələrin yarışın qalibi olacağı təqdirdə növbəti müsabiqəyə ev sahibliyi edə bilməyəcəyini açıqlayıb. Yeni qaydalara görə, ölkədə və ya yaxın regionda təhlükəsizlik və sabitliyə təsir edən həssas geosiyasi vəziyyətin olması da ev sahibliyinə mane ola bilər. Dəyişikliyin İsrailin müsabiqədə iştirakına dair müzakirələr fonunda qəbul edildiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, BBC-nin məlumatına görə, dəyişiklik 2026-cı ildə Vyanada keçirilən “Eurovision”dan sonra iştirakçı yayımçıların rəyləri əsasında müsabiqənin idarəedici qurumu tərəfindən təsdiqlənib. Yeni qaydalara əsasən, qalib ölkənin silahlı münaqişədə iştirakı və ya regiondakı geosiyasi vəziyyətin təhlükəsizlik, sabitlik və ya tədbirin keçirilməsinə təsir göstərməsi halında müsabiqəyə ev sahibliyi hüququ başqa ölkəyə verilə bilər.
Qeyd edək ki, İsrailin “Eurovision”da iştirakına qarşı etirazlar daha əvvəl də gündəmə gəlib. 2025-ci ilin noyabrında İsrailin müsabiqədən uzaqlaşdırılması cəhdinin uğursuz olmasından sonra İspaniya və İrlandiyanın da daxil olduğu beş yayımçı yarışmanı boykot edəcəyini açıqlamışdı. Buna baxmayaraq, İsrail təmsilçisi Noam Bettan “Michelle” mahnısı ilə müsabiqəni ikinci pillədə başa vurub.
02:30 15.09.2026
Oxunuş sayı: 55