Səudiyyə Ərəbistanının əsas neft kəmərinə dronlarla zərbə endirilib
Səudiyyə Ərəbistanının əsas neft kəmərində yerləşən iki nasos stansiyası sentyabrın 10-da dron hücumuna məruz qalıb.
Crossmedia.az xəbər verir ki, peyk görüntülərinə əsasən, stansiyalardan biri Mədinə yaxınlığında yerləşir və hücum nəticəsində 12 hektar ərazidə yanıq izi yaranıb, səhraya neft sızıb. Digər zərbənin hədəfi isə 2019-cu ildə də hücuma məruz qalan 9 saylı nasos stansiyası olub. Burada xam neftin nəqli üçün istifadə olunan əsas nasos qurğularının zədələndiyi bildirilir.
Sözügedən neft kəməri sutkada 4–5 milyon barel neft nəql etmək gücünə malik olub və Səudiyyə Ərəbistanı üçün Hörmüz boğazından yan keçən alternativ marşrut rolunu oynayıb.
Təmir müddəti ilə bağlı müxtəlif qiymətləndirmələr var. Kəmərin qismən fəaliyyətinin bir neçə gün ərzində bərpa oluna biləcəyi, tam gücə çatdırılmasının isə 6–8 həftə çəkə biləcəyi bildirilir. ABŞ-nin energetika naziri kəmərin “yaxın zamanda” yenidən fəaliyyətə başlayacağını desə də, hazırda onun işi hələ bərpa olunmayıb.
23:10 14.09.2026
Oxunuş sayı: 52