Rusiya Ukrayna müharibəsi sülhə doğru? Yoxsa... - Politoloq detalları açıqladı
Ukrayna ətrafında davam edən müharibənin siyasi həlli ilə bağlı beynəlxalq diplomatik fəallıq son dövrlərdə nəzərəçarpacaq dərəcədə artıb. Müxtəlif platformalarda aparılan danışıqlar, rəsmi açıqlamalar və mediaya sızan məlumatlar sanki sülh prosesində müəyyən irəliləyişin əldə olunduğu təəssüratını yaradır. Lakin prosesin dərin qatlarına nəzər saldıqda, bu görüntünün arxasında ciddi ziddiyyətlər, razılaşdırılmamış fundamental məsələlər və uzunmüddətli geosiyasi risklər ortaya çıxır.
Bir tərəfdən əsas sülh sənədlərinin böyük hissəsinin razılaşdırıldığı iddia olunur, digər tərəfdən isə müharibənin taleyini müəyyən edən əsas məsələlər — ərazi bütövlüyü, təhlükəsizlik zəmanətlərinin hüquqi mexanizmləri, nüvə infrastrukturunun idarə olunması, eləcə də müharibədən sonra Ukraynanın bərpası və təzminat məsələləri hələ də açıq qalır. Bu amillər göstərir ki, hazırkı mərhələdə sülhdən daha çox, tərəflərin mövqelərini möhkəmləndirməyə və zaman qazanmağa yönəlmiş siyasi manevrlər ön plandadır.
Eyni zamanda, danışıqlar fonunda cəbhə xəttində gərginliyin azalması müşahidə olunmur. Ukrayna şəhərlərinin infrastrukturuna qarşı hücumların davam etməsi, Avropa məkanında Rusiyanın hibrid təsir alətlərini genişləndirməsi və informasiya müharibəsinin intensivləşməsi sülh ritorikası ilə real hərbi-siyasi proseslər arasında ciddi uyğunsuzluq yaradır. Bu ziddiyyətlər sülh prosesinin səmimiliyi və davamlılığı ilə bağlı sualları daha da gücləndirir.
Məsələyə yalnız Ukrayna–Rusiya münasibətləri prizmasından baxmaq da yetərli deyil. ABŞ, Avropa İttifaqı və NATO kimi əsas qlobal aktorların prosesə cəlb olunması sülh müzakirələrini regional çərçivədən çıxararaq daha geniş geosiyasi müstəviyə daşıyır. Bu isə istənilən razılaşmanın yalnız tərəflər üçün deyil, bütövlükdə Avropanın təhlükəsizlik arxitekturası üçün uzunmüddətli nəticələr doğuracağını göstərir.
Məhz bu səbəbdən politoloqlar və beynəlxalq münasibətlər üzrə ekspertlər mövcud danışıqlar prosesinə ehtiyatla yanaşır. Onların fikrincə, hazırda formalaşdırılan “sülhə yaxınlıq” təsviri reallıqdan daha çox diplomatik və informasiya xarakteri daşıyır. Əsas və strateji məsələlər üzrə konkret razılaşmalar əldə olunmadıqca, bu prosesin real və davamlı sülhlə nəticələnəcəyini söyləmək tezdir.
Məsələ ilə bağlı politoloq Natiq Miri Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Ukrayna rəsmi dairələrinin açıqlamalarına görə, 20 maddədən ibarət əsas sülh sənədinin mətni təxminən 90 faiz səviyyəsində razılaşdırılıb. Lakin bu, yeganə sənəd deyil. Bundan əlavə, daha 4–5 əlavə sənədin mövcud olduğu bildirilir. Həmin sənədlərdən ikisi birbaşa təhlükəsizlik zəmanətləri ilə bağlıdır.
Belə ki, sənədlərdən biri Ukrayna–Avropa İttifaqı–ABŞ formatında çoxtərəfli təhlükəsizlik zəmanətlərini, digəri isə Ukrayna ilə ABŞ arasında ikitərəfli təhlükəsizlik mexanizmlərini əhatə edir. Digər bir sənəd Ukraynanın müharibədən sonrakı bərpası və iqtisadi inkişafının təmin edilməsi məqsədilə göstəriləcək beynəlxalq maliyyə və texniki yardımlarla bağlıdır.
Məhz bu kontekstdə vacib məqamlardan biri ondan ibarətdir ki, 20 maddəlik əsas planda Rusiyanın ödəməli olduğu təzminat məsələsi hələlik yer almır. Bu isə Ukraynanın milli maraqlarına uyğun hesab edilmir. Çünki hazırda ABŞ və Avropa məkanında Rusiyaya məxsus təxminən 210 milyard avro həcmində dondurulmuş aktiv mövcuddur. Avropa İttifaqının rəsmi qərarına əsasən, Rusiya Ukraynanın bərpası üçün təzminat ödəməyənədək həmin aktivlər qeyri-müəyyən müddətə dondurulmuş vəziyyətdə saxlanılacaq.
Göründüyü kimi, məsələ olduqca mürəkkəbdir və bu mürəkkəbliyin daxilində bir sıra fundamental və prinsipial problemlər mövcuddur. Lakin bütün bu məsələlərin önündə iki xüsusi və strateji məsələ dayanır: birincisi ərazi məsələsi, ikincisi isə Zaporojye Atom Elektrik Stansiyasının idarə olunması məsələsidir.
Ərazi məsələsində Rusiyanın hər hansı güzəştə gedəcəyi real görünmür. Moskva açıq şəkildə ABŞ vasitəsilə Ukraynadan Donbass bölgəsinin tamamilə boşaldılmasını, yəni Donetsk vilayətinin hazırda Ukraynanın nəzarətində qalan şəhərləri də daxil olmaqla bütün ərazinin Rusiyaya verilməsini tələb edir. Hazırda Donbass ərazisinin təxminən 30 faizi — yəni təqribən 9 min kvadratkilometr sahə Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir və Ukrayna bu ərazilərdən geri çəkilmək niyyətində deyil.
Bu səbəbdən Ukrayna hakimiyyəti ərazi məsələsini Konstitusiyanı, qanunvericiliyi və hətta dövlət başçısının səlahiyyətlərini aşan bir məsələ kimi qiymətləndirərək, onu ümumxalq referendumuna çıxarmağı planlaşdırır. Lakin burada Rusiyanın razılaşmadığı əsas məqam zaman faktorudur. Ukrayna referendumun qısa müddətdə keçirilməsi üçün ən azı 60 günlük atəşkəs tələb edir. Rusiya isə bu müddətin uzadılmasında maraqlıdır.
Bu məsələ sıradan texniki məsələ deyil. Referendumun legitim keçirilməsi üçün cəmiyyət daxilində açıq və genişmiqyaslı təbliğat aparılmasına ciddi ehtiyac var. Eyni zamanda, Ukrayna üçün bu günə qədər tətbiq edilməmiş yeni mexanizmlər — onlayn və ənənəvi səsvermənin paralel şəkildə təşkili nəzərdə tutulur. Bu isə iki ay kimi qısa müddətdə real olaraq mümkün görünmür.
Rusiya isə məhz bu prosesin yetərli ictimai iştirak və təbliğat olmadan keçirilməsində maraqlıdır. Məqsəd, əhalinin iştirak səviyyəsinin aşağı olduğu bir referendumun nəticələrini gələcəkdə qeyri-legitim elan etmək və bunun üçün hüquqi-siyasi bəhanələr formalaşdırmaqdır. Bu da sülh prosesində ciddi risk yaradan amillərdən biridir".
Politoloq bütün bu problemlərin fonunda, sənədin 90 faizinin razılaşdırılması barədə yayılan məlumatlar hələ sülh müqaviləsinin imzalanacağına dair real zəmanət vermədiyini bildirib:
"Çünki söhbət vahid və kompleks sənəddən gedir və həmin sənəddə ən kiçik bir maddə belə razılaşdırılmadığı təqdirdə, bütövlükdə sənəd razılaşdırılmamış hesab ediləcək.
Hazırda isə məhz ən prinsipial və strateji məsələlər — ərazi, təhlükəsizlik zəmanətləri və nüvə obyektlərinin idarə olunması ilə bağlı müddəalar açıq qalır. Bu da prosesin əsas düyün nöqtələridir.
Nəhayət, xüsusi diqqət yetirilməli olan daha bir məqam var. Dünən Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə mümkün sülh prosesi və Rusiya–ABŞ danışıqları fonunda Rusiyada fəaliyyət göstərən əsas oliqarxları və iri biznes nümayəndələrini təcili şəkildə Kremlə toplayaraq geniş toplantı keçirdi. Bu görüş ciddi suallar doğurur.
Əgər doğrudan da müharibənin başa çatdırılması istiqamətində siyasi iradə mövcuddursa, bu halda əsasən hərbi-siyasi elita, Təhlükəsizlik Şurasının üzvləri və strateji qərarverici strukturlar bir araya gətirilməli idi. Lakin əgər Kremlə məhz iri biznes və oliqarxların çağırılmasına ehtiyac yaranıbsa, bu, gələcək planlarla bağlı fərqli mesajlar verir.
Bu, onu göstərir ki, Rusiya rəhbərliyi müharibənin davamı, hətta onun genişlənməsi və Avropa məkanına yayılması ehtimalını da nəzərdən keçirir. Əks halda, milyarder oliqarxların belə bir kritik məqamda Kremlə toplanmasına ehtiyac olmazdı.
Hazırda yaradılan ümumi görüntü ondan ibarətdir ki, guya müharibənin bitməsinə çox az qalıb və hətta yaxın müddətdə razılaşmanın əldə olunacağına dair gözləntilər formalaşdırılır. Lakin Ukrayna şəhərlərinin infrastrukturunun intensiv bombardımanı, eləcə də Avropa və Qərb məkanında Rusiyanın apardığı hibrid müharibə göstərir ki, bu, daha çox görüntü xarakteri daşıyır.
Mövcud faktlar onu deməyə əsas verir ki, sülh mövzusu Rusiyanın zaman qazanmaq üçün yaratdığı siyasi manevrdir. Bu müddətdə Vladimir Putin həm siyasi və hərbi elitanı yenidən formalaşdırmaq, həm də Rusiyanın iqtisadi resurslarını nəzarətdə saxlayan oliqarx sistemini daha mərkəzləşdirilmiş və idarəolunan struktura çevirmək niyyətindədir.
Hazırda görünən mənzərə məhz bundan ibarətdir. Bu səbəbdən mən şəxsən təqdim olunan sülh görüntülərinə o qədər də ümidlə yanaşmıram".
Elmir Heydərli
13:43 27.12.2025
Oxunuş sayı: 1907