İctimai şuraların hesabatlılığı olduqca acınacaqlı vəziyyətdədir - Birlik sədri
Dövlət–vətəndaş cəmiyyəti
münasibətlərinin inkişafı, ictimai iştirakçılığın genişləndirilməsi və şəffaf idarəetmə prinsiplərinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində növbəti mühüm görüş baş tutub. Qeyri-hökumət təşkilatları ilə dövlət qurumları arasında dialoqun institusional əsasda qurulması, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və ictimai nəzarət mexanizmlərinin səmərəli fəaliyyətinin təmin edilməsi bu cür görüşlərin əsas məqsədlərindən biri kimi ön plana çıxır.
Məhz bu kontekstdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyevin Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə keçirdiyi görüş kənd təsərrüfatı sahəsində ictimai iştirakçılığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Məsələ ilə bağlı “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, QHT.az və ictimaishura.az platformalarının rəhbəri Cəsarət Hüseynzadə Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"İctimai iştirakçılığın təmin edilməsi məsələsi, xüsusilə də ictimai nəzarət mövzusu cənab Prezidentin çıxışlarında hər zaman prioritet istiqamət olub. Bu baxımdan son dövrlərdə əsas mexanizmlərdən biri kimi ictimai şuraların fəaliyyəti daha çox ön plana çıxır.
Sevindirici haldır ki, son bir il ərzində daha iki qurumda – Maliyyə Nazirliyində və Kənd Təsərrüfatı Nazirliyində ictimai şuralar yaradılıb. Beləliklə, bu günə qədər 14 nazirlikdə, 5 dövlət komitəsində, 1 dövlət xidmətində və 1 dövlət agentliyində ictimai şura formalaşdırılıb.
Lakin təəssüf doğuran məqam ondan ibarətdir ki, bəzi mərkəzi icra hakimiyyəti orqanlarında ictimai şuralar formal olaraq bir dəfə yaradılıb və sonradan fəaliyyətləri faktiki olaraq dayanmış kimi görünür. Hesab edirəm ki, dövri və aktiv şəkildə fəaliyyət göstərən ictimai şuraların mövcud olduğu dövlət qurumlarının real sayı 21 deyil.
Əlbəttə, ictimai şuraların fəaliyyətinin keyfiyyət əmsalını yüksək qiymətləndirmək çətindir. Bununla belə, bütün hallarda bu institut vətəndaş cəmiyyəti üçün mühüm təmsilçilik mexanizmidir. İctimai şuraların yaradılması və mövcudluq mərhələsini, düşünürəm ki, ümumilikdə qənaətbəxş səviyyədə həyata keçirmişik. Növbəti mərhələdə isə artıq ictimai şuraların fəaliyyət keyfiyyətinin artırılmasına başlanılması zəruridir.
Bu istiqamətdə qanunvericilikdə müəyyən dəyişikliklərə və mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac var. Vətəndaş cəmiyyəti institutları dəfələrlə bununla bağlı öz təkliflərini səsləndiriblər. Lakin sözsüz ki, bu təkliflərin qanunvericilik müstəvisinə çıxarılması və qəbul edilməsi hökumətin iradəsindən asılıdır. Eyni zamanda sevindirici haldır ki, bu istiqamətdə işlərin getdiyi ilə bağlı məlumatlar alırıq.
Keçmiş dövrlərdə müsbət nümunələrlə yanaşı, mənfi halların da şahidi olmuşuq. Vətəndaş cəmiyyətinin real təmsilçiliyi fonunda bəzi hallarda bu imkanlardan süni şəkildə istifadə edən qüvvələr də meydana çıxıb. Qeyri-peşəkar şəxslərin müxtəlif qurumlarda ictimai şuralara cəlb edilməsi nəticəsində peşəkar təmsilçilikdən uzaqlaşma dövrləri də yaşanıb.
Digər mühüm məsələ ictimai şuraların real səlahiyyətləri və resurs təminatı ilə bağlıdır. Bu, həm maliyyə və inzibati resursların azlığı, həm də mövcudluğu məsələlərini əhatə edir. Bəzi qurumlarda ictimai şuralara otaq ayrıldığı halda, digərlərində bu imkan belə mövcud deyil. Hesab edirəm ki, ictimai şuralar ilə bağlı xarici təcrübənin tətbiqinə ciddi ehtiyac var".
Birlik sədri həmçinin daha bir vacib məsələnin ictimai şuraların hesabatlılığı olması olduğunu qeyd edib:
"Bu sahədə vəziyyət olduqca acınacaqlıdır. Təşkilatımız ötən dövrdə ictimai şuraların fəaliyyəti ilə bağlı informasiya mühitinin inkişaf etdirilməsi istiqamətində iş aparıb. Həmin dövrdə müsbət bir ənənə formalaşmışdı: dövlət qurumlarının saytlarında ictimai şura bölmələri yaradılmış və inkişaf etdirilmişdi. Lakin təəssüf ki, strukturlaşdırılmış məlumatların və müntəzəm hesabatların təqdim edilməsi problemi hələ də qalır.
Aparılan monitorinqlər nəticəsində müəyyən etmişik ki, cəmi iki dövlət qurumunun saytında ictimai şuraların fəaliyyətinə dair hesabatlar mövcuddur. Bu, olduqca ciddi və düşündürücü problemdir və bəzi dövlət qurumlarının ictimai şuralara formal yanaşdığını açıq şəkildə göstərir. İctimai şura sədrləri və üzvləri də bu məsələdə öz mövqelərini qəti şəkildə ortaya qoymalıdırlar. Hesabatlılıq vacibdir. Səlahiyyət və imkanların məhdud olduğunu anlayırıq, lakin bu, hesabatlılıqdan azad olmaq üçün əsas ola bilməz.
Dövlətin mövqeyi ondan ibarətdir ki, ictimai şura üzvləri ictimai nəzarət işində daha aktiv olsunlar, mövcud çatışmazlıqları açıq şəkildə qaldırsınlar və konkret təkliflər versinlər. Bu yanaşma özü-özlüyündə ictimai şuralara əlavə imkanlar yaradır.
Mənim şəxsi mövqeyim ondan ibarətdir ki, ictimai şuraların fəaliyyət keyfiyyəti mövcud qanunvericilik, resurs imkanları və vətəndaş cəmiyyəti sektorunun özünün keyfiyyət göstəriciləri ilə birbaşa bağlıdır. Ümumi inkişaf fonunda bu proseslərin müsbət istiqamətdə irəliləməsi mümkündür.
Bəzən sosial şəbəkələrdə və mediada ictimai şura üzvlərinin tənqidi mövqelərinin görünməməsi ilə bağlı müzakirələr aparılır. Məncə, bu məsələ bir qədər fərqli kontekstdə dəyərləndirilməlidir. İctimai şuraların əsas funksiyası tənqid və təklifləri daha çox birbaşa görüşlərdə, müzakirələrdə və tədbirlərdə səsləndirməklə proseslərin dəyişməsinə nail olmaqdır. Bununla yanaşı, mətbuatda da tənqid və təkliflərin səsləndirilməsi nümunələri mövcuddur və mən bunları müşahidə edirəm.
Əgər bu müzakirələr şantaj məqsədi daşımırsa, onlar hər zaman ümumi işin xeyrinədir. Biz dəfələrlə şahidi olmuşuq ki, bəzi dövlət qurumları bu cür tənqidi yanaşmaları normal qarşılayır. Düzdür, təəssüf ki, bunu qəbul etməyən qurumlar da hələ də mövcuddur".
Elmir Heydərli
13:25 27.12.2025
Oxunuş sayı: 4862