Rusiya qazından imtina Avropa üçün necə olacaq? - Professor detalları açıqladı
Avropa Parlamenti enerji təhlükəsizliyinin gücləndirilməsi və enerji asılılığının azaldılması istiqamətində mühüm qərar qəbul edib. Belə ki, qurum 2027-ci ilin sonunadək Rusiya qazının Avropa İttifaqına idxalından mərhələli şəkildə imtina olunmasını nəzərdə tutan planı təsdiqləyib. Qərar Avropa Parlamentində keçirilən səsvermə zamanı böyük səs çoxluğu ilə dəstəklənib: 500 deputat sənədin lehinə səs verib, 120 deputat əleyhinə çıxıb, 32 deputat isə bitərəf qalıb.
Qəbul edilən plan Avropa İttifaqının enerji siyasətində strateji dönüş nöqtəsi kimi qiymətləndirilir. Sənədin əsas məqsədi bir tərəfdən Aİ-nin enerji təhlükəsizliyini möhkəmləndirmək, digər tərəfdən isə Rusiya enerji resurslarından asılılığı tədricən aradan qaldırmaqdır. Bu çərçivədə alternativ enerji mənbələrinin genişləndirilməsi, mayeləşdirilmiş təbii qazın (LNG) idxalının artırılması və bərpaolunan enerji layihələrinin sürətləndirilməsi əsas prioritetlər sırasında yer alır.
Ekspertlər hesab edirlər ki, planın mərhələli şəkildə icrası Avropa bazarında kəskin enerji böhranının qarşısını almağa imkan verəcək, eyni zamanda üzv dövlətlərə yeni təchizat marşrutları və tərəfdaşlar tapmaq üçün vaxt qazandıracaq. Bununla yanaşı, qərarın Avropa–Rusiya enerji münasibətlərinə uzunmüddətli təsirləri olacağı və regional enerji xəritəsində ciddi dəyişikliklərə səbəb olacağı gözlənilir.
Məsələ ilə bağlı Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Avropa Parlamenti və Avropa ölkələri ötən ildən etibarən qərara gəliblər ki, 2027-ci ildən etibarən tamamilə Rusiya qazından asılılığı aradan qaldırsınlar. Lakin məsələ ondan ibarətdir ki, bütün ölkələr bu qərara razılıq verə bilmir.
Məsələn, Macarıstanın Baş Naziri Viktor Orban bir neçə dəfə çıxış edərək bildirib ki, ölkəsi bu məsələyə dəstək verə bilməz. Burada səbəb Avropanın təxminən 550–600 milyard kub metr illik qaz ehtiyacının olmasıdır. Bunun 200 milyarddan çoxunu uzun illər Rusiyanın təmin etdiyi məlumdur. 2022-ci ildən sonra Avropa Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başladı; artıq 19 paket sanksiya qəbul olunub və onların hamısında Rusiyadan qazın ixracına məhdudiyyətlər nəzərdə tutulub.
Faktiki statistikaya baxdıqda, Avropa Rusiyadan qaz idxalını xeyli azaldıb, lakin tamamilə dayandıra bilməyib. Bunun səbəbi isə Rusiyanın qaz layihələrinin Avropa üçün uzun tarixi olmasıdır. Sovet dövründən etibarən Rusiyanın qaz ixracı Avropa üçün davamlı olmuş, buna uyğun infrastruktur layihələri həyata keçirilmişdir. Hətta iki böyük qaz kəməri çəkilmiş və bunların məhsuldarlığı xüsusilə Almaniya üçün strateji əhəmiyyət daşıyırdı.
Təbii ki, enerji məsələləri burada mühüm rol oynayır və bu, qiymətlərin kifayət qədər artmasına səbəb olub. Ümumiyyətlə, son 4 ildə Avropada kənd təsərrüfatı və qida məhsullarının qiymətləri 30%-dən çox artıb. Bu, rəsmi statistikadır, baxmayaraq ki, bunu geniş açıqlamırlar.
Avropada ən böyük iqtisadi zərbə Almaniyaya dəyib. Almaniyada istehsal və xidmət sektorunda ciddi problemlər yaranıb. Mən Almaniya parlamentində çıxışlara baxmışam; həm keçmiş, həm də indiki hakimiyyət ciddi tənqid olunur. Məhsulların maya dəyəri artır, qiymətlər qalxır və bu, xüsusilə kiçik və orta sahibkarlığı iflasa sürükləyir.
Təbii ki, bəzi istehsal sahələri digər ölkələrə köçürülür. Rusiya qazının əvəzini Amerika daha çox təmin etməyə çalışır. Avropada limanlarda böyük investisiyalar qoyulub, xranilişlər və infrastruktur yaradılıb ki, Amerikadan qaz qəbul olunsun. Norveç isə yalnız az miqdarda tələbi ödəyə bilir. Amerika qazının qiyməti isə Rusiya qazının qiymətindən təxminən 2.5 - 3 dəfə yüksəkdir.
Buna görə də Rusiya qazından itkilər böyük olsa da, Avropa özü də ciddi problemlərlə üzləşir və bu problemlər azalmır, əksinə artır. Əgər Avropa tədricən qaz ixracatını azaldacaq və tam dayandıracaqsa, bu, əhalinin həyatına mənfi təsir edəcək.
Rusiyaya tətbiq olunan sanksiyaların iqtisadi itkiləri də artır. Qərb neftin qiymətini aşağı salmağa çalışır, hətta xüsusi qiymət həddi təyin etmişdi. Buna baxmayaraq, Rusiyanın tankerləri nefti daşıyır. Hazırda gəmlərin bir qismini bloklayırlar, amma bu çox uğurlu deyil. Bu da Rusiyanın iqtisadi vəziyyətini çətinləşdirir; inflasiyanı tam dayandırmaq mümkün deyil.
Müharibə və ticarət müharibələrinin sonunda ən çox əziyyət çəkən adi əhalidir. Rublun dollar qarşısında sabitliyi müəyyən qədər qorunub, hazırda isə 1 dollar 70–80 rubl arasındadır. Bu, əlavə problemlər yaradır.
Avropada, xüsusilə Belçikada Rusiyanın təxminən 220 milyard dollar dəyərində aktivləri var. Əgər bu aktivlər bloklanarsa, onların qaytarılması mümkün olmayacaq və Ukraynaya yardım üçün istifadə olunacaq. Bu, Rusiya üçün böyük problem olacaq. Artıq Putinlə əlaqədar qanunlar qəbul olunub və bu aktivlər dövlət maraqlarına yönəldilə bilər, yəni “nasyonalizasiya” edilə bilər.
Ümumilikdə, Avropanın Ukraynaya kömək etmək istəyi olsa da, vəsait çatmır. Bu iqtisadi şərtlərlə davam edən müharibəyə Ukrayna dözə biləcəkmi, böyük sual altındadır.
Rusiyanın iqtisadi vəziyyəti yaxın 1–1,5 il dözə biləcək səviyyədədir. Amma Qərb və Ukrayna buna uyğunlaşa biləcəkmi, sual açıqdır.
Nəticə etibarilə, müharibə və iqtisadi mübarizənin sonunda ən çox əziyyət çəkən insanlar olur. Orta sinif Avropada azalır; bu həm demokratiya, həm iqtisadiyyat, həm də büdcə baxımından özünü göstərir. Gələcəkdə digər addımların nələr olacağını görəcəyik.
Professor həmçinin son illərdə bu qaz kəmərlərindən birinin partlamasının böyük müzakirələrə səbəb olduğunda qeyd edib:
"Partlayışın kim tərəfindən törədildiyi barədə fərqli versiyalar var: Ukraynalılar, İngiltərə mütəxəssisləri və s. Lakin nəticə bir mənalıdır – Avropa, xüsusilə Almaniya, Rusiyadan qaz asılılığını azaltmaq üçün bu hadisədən təsirlənib.
Buna baxmayaraq, 4 ildir davam edən müharibəyə və sanksiyalara baxmayaraq, Rusiyadan Avropaya qaz ixracı hələ də tam dayanmayıb. Bu, Avropa üçün, xüsusilə əhali üçün əhəmiyyətli təsir göstərir və enerji təhlükəsizliyi məsələsini hələ də aktual saxlayır".
Elmir Heydərli
20:41 19.12.2025
Oxunuş sayı: 1215