Azərbaycanda uşaq və yeniyetmələr üçün sosial şəbəkələrə giriş qadağan edilə bilər
Rəqəmsal texnologiyaların həyatın bütün sahələrinə sirayət etdiyi bir dövrdə sosial şəbəkələr artıq təkcə ünsiyyət vasitəsi deyil, eyni zamanda gənc nəslin dünyagörüşünü, davranış modelini və sosial münasibətlərini formalaşdıran əsas platformalardan birinə çevrilib. Lakin bu təsirin müsbət tərəfləri ilə yanaşı, xüsusilə azyaşlılar və yeniyetmələr üçün yaratdığı risklər getdikcə daha çox müzakirə predmetinə çevrilir. Almaniyada keçirilən son sorğunun nəticələri də cəmiyyətin bu məsələyə yanaşmasının dəyişdiyini göstərir: sakinlərin böyük əksəriyyəti azyaşlı və yeniyetmələrin sosial şəbəkələrə girişinin məhdudlaşdırılmasını dəstəklədiklərini açıqlayıb.
Bu mövqe təkcə valideyn narahatlığı ilə izah olunmur. Mütəxəssislər sosial şəbəkələrin erkən yaşlarda psixoloji asılılıq yaratdığını, diqqət dağınıqlığına səbəb olduğunu, sosial təcrid, aqressiya və yanlış dəyərlərin formalaşması kimi problemləri dərinləşdirdiyini bildirirlər. Digər tərəfdən isə sosial şəbəkələrin informasiya əlçatanlığı, özünüifadə və ünsiyyət imkanları yaratdığı da danılmazdır. Məhz bu ziddiyyətli məqamlar cəmiyyətdə əsas sualı aktuallaşdırır: sosial şəbəkələrə girişi məhdudlaşdırmaq gənclərin şəxsi inkişafına və sağlam sosiallaşmasına doğrudanmı kömək edəcək, yoxsa bu, problemin yalnız zahiri tərəfinə yönəlmiş addımdır?
Əsas məsələ qadağa ilə tənzimləmə arasındakı balansın necə qurulmasındadır. Tam məhdudiyyətlər gəncləri alternativ və nəzarətsiz platformalara yönəldə bilər, eyni zamanda onların rəqəmsal dünyaya adaptasiyasını çətinləşdirə bilər. Bu baxımdan sual daha da dərinləşir: sosial şəbəkələrə girişin məhdudlaşdırılması doğrudanmı çıxış yoludur, yoxsa problemin həlli daha kompleks hüquqi, texnoloji və maarifləndirici mexanizmlərin tətbiqindən keçir? Bu araşdırmada məhz bu sualların cavabını tapmağa, müxtəlif ölkələrin təcrübələrini və mümkün tənzimləmə modellərini təhlil etməyə çalışacağıq.

Bu barədə Crossmedia.az-a danışan BDU-nun Jurnalistika fakültsinin Multimedia və Elektron Kommunikasiya kafedrasının müdiri professor Qulu Məhərrəmli düşünür ki, azyaşlı uşaqların və yeniyetmələrin müəyyən yaş həddinə qədər – məsələn, on beş–on altı yaşadək – sosial şəbəkələrdən uzaq qalmasının yalnız müsbət tərəfləri var: "Bu yaş qrupundakı uşaqlar üçün internet daha çox xüsusi platformalar vasitəsilə məlumat əldə etmək, öyrənmək və inkişaf məqsədi daşımalıdır. Lakin hazırda Avropa ölkələrində gedən proseslər açıq şəkildə göstərir ki, sosial şəbəkələrin yeniyetmələrə və uşaqlara verdiyi zərər, təəssüf ki, xeyrindən daha çoxdur. Aparılan sorğuların nəticələri də məhz bu reallığı təsdiqləyir. Məhz buna görə də bu sahədə yeni və xüsusi prosedurların hazırlanmasına ciddi ehtiyac var. Nəzərə almaq lazımdır ki, sosial şəbəkələr və ümumilikdə internet açıq platformalardır və burada tam qadağalar tətbiq etmək faktiki olaraq mümkün deyil. İstifadəçilər çox vaxt öz real profilləri ilə deyil, saxta hesablar vasitəsilə bu platformalara daxil olurlar və belə halları müəyyənləşdirmək əksər hallarda olduqca çətin olur".
Professor son olaraq qeyd edib ki, bu səbəbdən də əsas nəzarət mexanizmi valideynlərin üzərinə düşür: "Ancaq valideyn nəzarəti də hər zaman effektiv olmur və bu, problemi tam həll etmir. Yəni söhbət kifayət qədər ciddi və kompleks bir problemdən gedir. Mənə elə gəlir ki, bu problemin qarşısını almaq üçün müasir texnoloji imkanlara əsaslanan xüsusi proqramlar hazırlanmalı və praktik şəkildə reallaşdırılmalıdır".

Sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə isə ddünyanın bir çox ölkəsində sosial şəbəkələrə münasibət fərqlidir və bu sahədə müxtəlif yanaşmalar mövcuddur: "Məsələn, Avstraliyada 16 yaşına qədər uşaqların və yeniyetmələrin sosial şəbəkələrə girişi qadağan edilib. Türkiyədə bu sahə ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunur. Çində də sosial şəbəkələr üçün ciddi limitlər mövcuddur. Ümumilikdə isə dünyada sosial şəbəkələrə yanaşmanın tamamilə fərqli olduğu, hətta sosial şəbəkələrin ümumiyyətlə qadağan edildiyi ölkələr də var. Mən sosial şəbəkələrin tam qadağan olunmasının əleyhinəyəm. Çünki sosial şəbəkələr bir rabitə vasitəsidir və bu platformalardan kifayət qədər praqmatik məqsədlər üçün istifadə edən insanlar mövcuddur. Sosial şəbəkələr üzərindən təhsilini, iş karyerasını quran, peşəkar inkişaf edən istifadəçilər var. Bu baxımdan sosial şəbəkələr əslində çox faydalı bir alətdir".
Sosioloq əlavə edib ki, sosial şəbəkələrin ləğv edilməsindən və ya qadağan olunmasındansa, bu sahədə süzgəc mexanizminin tətbiq edilməsinin tərəfdarıyam: "Filtr mexanizmləri işləməlidir. Yaxşı olardı ki, hökumət səviyyəsində sosial şəbəkə operatorları ilə müqavilələr bağlansın. Necə ki, Almaniya 2017-ci ildə belə bir müqavilə bağlayıb, Avstraliya isə bu il analoji addım atıb. Bu cür müqavilələr çərçivəsində sosial şəbəkələrdə zorakılıq, hüquqazidd və əxlaqazidd paylaşımlara qarşı ciddi tədbirlər görülməlidir. Belə paylaşımlar edən, saxta profillərdən və anonim hesablar vasitəsilə hüquqazidd məzmun yayan istifadəçilərin kimliyi müəyyənləşdirilməli, məlumatlar aidiyyəti dövlət qurumlarına təqdim olunmalı və həmin şəxslər barəsində hüquqi müstəvidə tədbirlər görülməlidir. Şübhəsiz ki, uşaqlar və yeniyetmələr üçün sosial şəbəkələrdə vaxt limiti də tətbiq oluna bilər. Bunun üçün sosial şəbəkələrin fəaliyyətini tənzimləyən ayrıca bir qanuna ehtiyac var. Doğrudur, Azərbaycanda sosial şəbəkələrlə bağlı bir sıra qanunvericilik dəyişiklikləri edilib. Məsələn, Cinayət Məcəlləsinin 148-1-ci maddəsi əlavə olunub, “Telekommunikasiya haqqında” qanuna və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna müəyyən əlavələr edilib".
Son olaraq ekspert bildirib ki, bütün bunlara baxmayaraq, sosial şəbəkələrin fəaliyyətini birbaşa tənzimləyən ayrıca bir qanun da olmalıdır: "Həmin qanunda uşaqlar və yeniyetmələr üçün konkret vaxt limitləri müəyyənləşdirilməli, eyni zamanda səmərəli süzgəc mexanizmləri tətbiq edilməlidir. Bu qanunun imkanlarından istifadə etməklə istifadəçilər arasında hüquqi maarifləndirmə işi aparılmalıdır ki, insanlar hansı paylaşımların edilə biləcəyini, hansılarının isə hüquqi məsuliyyət yaratdığını dəqiq bilsinlər. İstifadəçilər anlamalıdırlar ki, hüquqazidd və əxlaqazidd davranışlara yol verdikdə, milli-mənəvi dəyərləri, əxlaq normalarını və cəmiyyətin əsas prinsiplərini aşağılayan paylaşımlar etdikdə hansı hüquqi məsuliyyətlə üzləşə bilərlər. Təəssüf ki, bəzi istifadəçilərdə belə bir yanlış düşüncə formalaşıb ki, onlayn platformalarda istədiklərini edə bilərlər. Halbuki real həyatda olduğu kimi, sosial şəbəkələrdə və onlayn platformalarda da hüquqazidd davranışlar hüquqi məsuliyyət yaradır və bunu hər kəs dərk etməlidir. Məhz buna görə də hesab edirəm ki, qadağalar yox, hüquqi tənzimləmə mexanizmləri tətbiq olunmalıdır. Ayrı bir qanun qəbul edilməli və hüquqi nəzarət mexanizmləri gücləndirilməlidir. Sosial şəbəkə asılılığının qarşısını almaq üçün vaxt limitlərinin tətbiqi də məqsədəuyğun olardı. Bu limitlər həm uşaqlar, həm böyüklər, hətta dövlət qulluqçuları və məmurlar üçün də nəzərdə tutula bilər. Çünki sosial şəbəkələrdən həddindən artıq istifadə enerji tükənməsinə və psixoloji problemlərə də səbəb ola bilir. Məsələn, Çində uşaqlar üçün 45 dəqiqəlik vaxt limiti tətbiq olunur, böyüklər üçün də müəyyən vaxt məhdudiyyətləri mövcuddur ki, bu yanaşmanın ciddi mənfi təsirlərə yol açmadığı müşahidə edilir".

Psixoloq Aysu Həsənova isə düşünür ki, sosial şəbəkələr, doğrudan da, azyaşlı və yeniyetmələr üçün müqayisə, asılılıq, onlayn zorakılıq, manipulyasiya və özünə dəyərin “like”larla ölçülməsi kimi real risklər yaratsa da, eyni zamanda müasir gənclərin sosiallaşması, özünü ifadə etməsi və dünyanı tanıması artıq qismən rəqəmsal məkanda baş verir və tam qadağa bu reallığı aradan qaldırmır, sadəcə onu gizli və nəzarətsiz hala gətirir: "Psixoloji baxımdan yeniyetməlik dövrü avtonomiya ehtiyacının ən yüksək olduğu mərhələdir və bu dövrdə tam qadağa tətbiq edildikdə yeniyetmədə üsyankar davranışlar arta, “mənim yerimə qərar verirlər” hissi güclənə və valideynlə uşaq arasında güvən boşluğu yarana bilər ki, bu da sosiallaşmanı dəstəkləmək əvəzinə emosional uzaqlaşmanı sürətləndirir".
Psixoloq həmçinin əlavə edib ki, həll yolu qadağa deyil, düzgün tənzimləmədir: "Çünki sosial şəbəkələrin özü problem deyil, problem yaşa uyğun olmayan, nəzarətsiz və izahsız istifadəsidir və psixoloji inkişaf baxımından yanaşma mərhələli və fərdi olmalıdır. Düzgün tənzimləmə dedikdə yaşa uyğun mərhələli girişi nəzərdə tuturam, çünki 10–11 yaşlı uşaqla 15–16 yaşlı yeniyetmənin emosional dayanıqlığı və riskləri dəyərləndirmə bacarığı eyni deyil, eyni zamanda valideyn nəzarətindən çox valideyn iştirakının önəmini vurğulayıram, yəni “nə edirsən?” sualından çox “nə hiss edirsən?” sualı əsas olmalıdır, bununla yanaşı rəqəmsal savadlılıq formalaşdırılmalı, vaxt və məzmun balansı qorunmalı və yeniyetmənin çətinlik yaşadıqda açıq şəkildə müraciət edə biləcəyi ünsiyyət mühiti yaradılmalıdır.Düşünürəm ki, sosial şəbəkələri qadağan etməklə gəncləri qoruya bilmərik, amma onları düzgün istifadə etməyi öyrətməklə gücləndirə bilərik, çünki məqsəd gənci real dünyadan ayırmaq yox, onu həm real, həm də rəqəmsal dünyada təhlükəsiz, şüurlu və emosional olaraq sağlam böyütməkdir; nəzarət olmayan azadlıq risklidir, amma anlayış olmayan qadağa daha təhlükəlidir".
Ayhan
14:08 15.12.2025
Oxunuş sayı: 1182